Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2026 / 17:30

“Polis yalnız forma deyil, həm də kod, süni intellekt və analitikadır” – EKSPERT

Bu gün ölkəmizdə Polis Günü qeyd olunur. Polis sistemi haqqında danışarkən adətən paqonlular, hüquq-mühafizə fəaliyyəti yada düşür.
Bu sözləri  Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib.
“Halbuki bu gün Daxili İşlər Nazirliyi ölkənin ən böyük İT və kibertəhlükəsizlik strukturlarına da malikdir. DİN-in İKT Baş İdarəsi və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi artıq uzun illərdir ki, informasiya texnologiyaları sahəsində də tanınan və mühüm funksiyalar yerinə yetirən qurumlardır. Xüsusilə DİN-in İKT Baş İdarəsini ölkənin ən iri İT strukturlarından biri hesab etmək olar.
Bir neçə il əvvəl Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin yaradılması isə bu istiqamətdə atılmış ən vacib addımlardan biri oldu. Hər iki quruma generallar rəhbərlik edir. Bu gün hər iki qurumda yüzlərlə İT mütəxəssisi, kibertəhlükəsizlik üzrə ekspert, proqramçı, developer, süni intellekt mütəxəssisi, analitik və tədqiqatçı çalışır.
Son dövrlərdə elan olunan satınalmalar və layihələr də göstərir ki, DİN sistemində cinayətkarlığa qarşı mübarizədə süni intellekt və data analitikasının tətbiqinə ciddi önəm verilir.
Adətən DİN-in rəsmi məlumatlarında konkret baş idarələrin fəaliyyəti ayrıca vurğulanmır.
Lakin müşahidələr göstərir ki, yuxarıda adı çəkilən qurumalrın cinayətkarlıqla, xüsusilə də kibercinayətkarlıqla mübarizə sahəsində rolu olduqca böyükdür.
Ümumilikdə polis sistemində rəqəmsal transformasiya son illərdə xeyli irəliləyib. Düşünürəm ki, e-Polis rəqəmsal hökumət həlli də bunun uğurlu nümunələrindən biridir və vətəndaşların ən çox istifadə etdiyi rəqəmsal dövlət xidmətləri sırasındadır.
Yeri gəlmişkən, hazırda ölkədə mobil hökumət xidmətlərinin vahid platformada birləşdirilməsi siyasəti həyata keçirilir.
Bu baxımdan e-Polis tətbiqinin gələcək inkişaf modelinin necə olacağı maraq doğurur. Məncə, “Mobil 102”, “102 SOS” və digər polis xidmətlərini özündə birləşdirən bu rəqəmsal platformanın qorunub saxlanılması və daha da inkişaf etdirilməsi vətəndaşlar üçün daha faydalı yanaşma olardı.
Bu əlamətdar gün münasibətilə, xüsusilə DİN-in İKT Baş İdarəsində və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində çalışan polis İT və kiber mütəxəssislərinin timsalında bütün polis əməkdaşlarını təbrik edirəm.
Onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram!”, – deyə ekspert qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!