17 Sentyabr 2025 / 11:14

Ölkədə 624 milyon ABŞ dolları və 35 milyon avro çirkli pul yuyulub- RƏSMİ

Çirkli pulların yuyulması həmişə korrupsiyanın əsas elementi kimi dəyərləndirilib… Tezadlar.az xatırladır ki, Gürcüstan Prokurorluğu tərəfindən Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilmiş tədbir çərçivəsində 2022–2024-cü illərdə misli görünməmiş miqdarda – 624 milyon ABŞ dolları və 35 milyon avro məbləğində qeyri-qanuni gəlirin leqallaşdırılması faktı aşkar edilib. Bu pulların yuyulması ittihamı ilə bir nəfər saxlanılıb. Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb. Qurumun verdiyi məlumata əsasən, Prokurorluqda aparılmış istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs ona məxsus olan və Milli Bank tərəfindən lisenziyalaşdırılmış valyutadəyişmə məntəqəsinin fəaliyyəti adı altında, “Pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına dair” Gürcüstan qanununun tələblərini qəsdən nəzərə almadan, qeyri-qanuni mənşəli vəsaitlərin toplanması, çevrilmə yolu ilə mənşəyinin dəyişdirilməsi və leqal dövriyyəyə daxil edilməsi məqsədilə qanunsuz bir şəbəkə təşkil edib. Cinayətkar qrupun üzvləri, saxlanılan şəxs ilə əvvəlcədən razılaşdırılmış şəkildə, xüsusi gizli saxlanc yerləri olan avtomobillərlə gömrük prosedurlarını keçmədən, qonşu ölkələrdən xüsusilə böyük məbləğdə qeyri-qanuni mənşəli xarici valyutanın ölkəyə gətirilməsini və bu valyutanın toplanma məntəqəsinə – valyutadəyişmə məntəqəsinə çatdırılmasını həyata keçiriblər.

Təqsirləndirilən şəxs yuxarıda göstərilən yolla toplanmış külli miqdarda qeyri-qanuni mənşəli xarici valyutanı, ona qanuni görünüş vermək məqsədilə, müxtəlif dövrlərdə bank müəssisələrinə təqdim edib və bunu guya valyuta mübadiləsi fəaliyyəti nəticəsində əldə edilmiş leqal gəlir kimi göstərib. Bunun sübutu kimi kommersiya banklarına saxta mənşə sənədləri təqdim olunub. Banklarda konversiya nəticəsində əldə edilən vəsaitlər digər şəxslərə ötürülərək, onların vasitəsilə daşınıb və daşınmaz əmlakların alınmasına yönəldilib və nəticədə bu vəsaitlər leqal iqtisadi dövriyyəyə daxil edilib. Bu əməllər nəticəsində təqsirləndirilən şəxs və cinayətkar qrupun digər üzvləri 2022–2024-cü illərdə təxminən 624 milyon ABŞ dolları və 35 milyon avro məbləğində qeyri-qanuni gəliri leqallaşdırıblar.

Aparılmış istintaq hərəkətləri zamanı böyük məbləğdə nağd pul müsadirə olunub. Cinayətkar mənşəli vəsaitlərin və digər aktivlərin dövlət xeyrinə müsadirə edilməsi məqsədilə Prokurorluq müvafiq hüquqi prosedurları həyata keçirəcək. Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edəcək. İrəli sürülmüş ittiham 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Bildirilib ki, analoji faktlarla bağlı Prokurorluqda aparılmış istintaqlar nəticəsində daha əvvəl yeddi nəfər məhkum edilib və məhkəmə qərarı ilə onlardan təxminən 13 milyon lari dəyərində aktivlər müsadirə olunub.

Təəssüflər olsun, çirkli pulların yuyulmasına, yəni özününküləşdirilməsinə qarşı mübarizə bütün dünyada gözlənilən nəticəni vermir.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!