Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Ağdamda “Çay Evi”nin də təməli qazılır və öz tarixi yerində bərpa ediləcək… Bu “Çay evi” Azərbaycan SSR KP MK-nın Ağdam Rayon Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevin zamanında akademik Xudu Məmmədovun ideyası əsasında yaranıb. “Çay evi” layihəsinin baş memarı Naiq Səmədov olub və layihədə hörgü işləri yalnız birinci mərtəbədə aparılıb. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. “Çay evi”nin yerini isə Xudu Məmmədovla birgə müzakirədən sonra məscidin yanında tikmək qərara alınıb. İnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən istifadə edilmişdir.
Media resurslarında yazılanlardan bəlli olur ki, “Çay evi”nin ortasında iri diametrli boru qalxırmış. Hər tərəfdə kiçik həcmli borular konstruksiyalarla bir-birinə birləşirmiş. Mərtəbələr arası arakəsmələr taxtadan olub. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdir. Hər mərtəbədə dörd qapı nəzərdə tutulmuşdur. Yuxarı mərtəbələr məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxmaq olarmış. “Çay evi”nin tikintisi zamanı yüz tona yaxın metal konstruksiyadan istifadə edilmişdir. O vaxt “Çay evi”nin günbəzi sinkləşdirilmiş dəmirlə vurulub.
Onu da deyək ki, 1986-cı ilin iyulun 26-da “Çay evi”nin açılışı keçirilib. Açılışa rayon rəsmiləri ilə yanaşı, Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də iştirak edib. “Çay evi”nin açılışı münasibətilə “Lenin yolu” qəzetinin 31 iyul 1986-cı il tarixli sayında dərc olunmuş yazıda deyilirdi: “Sov.İKP-nin “Sərxoşluq və alkoqolizmi aradan qaldırmaq tədbirləri haqqında” məlum qərarından sonra rayonumuzda rəngarəng tədbirlər həyata keçirilməkdədir. Bu gün istifadəyə verilən “Çay evi”nin bu baxımdan son dərəcə böyük əhəmiyyəti var. Zəhmətkeşlərin asudə vaxtlarının səmərəli, şən və məzmunlu keçməsində “Çay evi”nin rolu əvəzsizdir”.
1993-cü ildə “Çay evi” Ermənistan Silahlı Qüvvələri tərəfindən yandırılaraq məhv edilmişdir. 2023-cü ildə isə Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyevin verdiyi məlumata görə, Ağdam şəhərində yaradılan mərkəzi parkda Ağdam çay evinin inşası nəzərdə tutulmuşdur.