booked.net booked.net  

“Səhvi  təshih etməmək daha bir səhvdir.” (Konfosiyos)

 “Kitabi-Dədəm Qorqud” yazılı dastan abidəsinin Drezden nüsxəsinin kitabət tarixi ilə bağlı Firuz Rifahi tərəfindən belə bir iddia irəli sürülmüşdür ki, bu nüsxənin üzü hicri tarixlə 466-cı ildə köçürülmüşdür [1]. Bununla razılaşmadığım üçün Ba­kı­da dərc olunan “Təzad­lar” qəzetində öz tənqidi mülahizəmi “Yanlış tapıntı” baş­lığı ilə çap etdirdim [2]. “Kitabi-Dədəm Qorqud”un həmin nüsxəsində gedən “İs­tan­bul” sözünə istinad edə­rək yazmışdım: “Əgər bu kitabın üzünün köçürülmə tarixi h.466-da olmuş olsaydı, İstanbulun o dövrdəki adı “Konstantinopol” və yaxud “Kos­tantiniyə” yazılardı. “İstanbul” sözü Kostantiniyənin fəthindən sonra (m.1453) mey­da­na çıx­mışdır”.

Həmin bir neçə sətirlik yazının qəzetdə dərcindən bir neçə ay sonra bir daha bu xüsusda tədqiqatı davam etdirmək məqsədilə İbni Bibinin Rum Səlcuqilərinin ta­rixinə həsr etdiyi qiymətli əsərin faksimilesini Berlin Dövlət Kitabxanasından əl­də etdim. İbni Bibi h.679/m.1381-ci ildə əsərin yazılıb tamamladığı tarixini daşıyan “الا وامرالعلایه فی الامورالعلایه” kitabını III Qiya­səddin Keyxosrov kitabxanası üçün təlif et­mişdir. Həmin tarix kitabının bir neçə yerində “İstanbul” sözünə rast gəldim. Kitabın 15-ci səhifəsində belə bir başlıq var: “Zikri-rəşidani-Sultan əz tərəfi-məğrib beca­ni­bi-İstanbul” [3]. Bu kitabı Əli Yazıçızadə II Murad adına “Oğuznamə” adı ilə türk­cə­­yə tərcümə etmişdir. Sultan Murad 18 ya­şın­da ikən taxta oturmuş və h.855/m.1451-ci ildə vəfat etmişdir. Deyilən bu “Oğuz­namə”nin bir nəfis nüsxəsi Ber­lin Dövlət Kitabxanasında qorunur. [ms.or-quart.1823] şifrli həmin kitabın 57b vərəqində oxuyuruq: “... və gəmiçilər yelkən­lərin qaldırıb İstanbul tərəfinə mütə­vəc­cih oldular” [4].

Bu kimi canlı faktlara əsasən artıq məlum olur ki, İstanbulun fəthindən öncə “Kostantiniyə” adı ilə yanaşı istər şifahi, istərsə də yazılı ədəbiyyatda “İstanbul” sö­zü də məmul və işlək idi. Tamamilə borcum idi ki, öz səhvimi təshih etməklə bə­ra­bər, Firuz Rifahidən və “Təzadlar” qəzetinin oxucularından üzr istəyim. Qeyd edil­mə­lidir ki, bu, Rifahinin “Kitabi-Dədəm Qorqud”un Derezden nüsxəsinin köçü­rül­mə tarixi ilə bağlı iddianın təsdiq etmə anlamına gəlmir. Bu xüsusda ciddi təd­qi­qat aparılmalı və yeri gəlmişkən, “İstanbul” sözünün izahı da verilməlidir. Bu söz yu­nancadır, “istin poli”, yəni “şəhərə tərəf” deməkdir.

Bu məqalə eynilə “Təzadlar” qəzetinə göndərilir.

Berlin, 15.09.2020.

Məhəmmədəli Hüseyni

Ədəbiyyat:

  • Rifahi Firuz. “Dədə Qorqud”un son səhifəsi haqqında”. “AZƏRİ” dərgisi. Tehran, № 25-26, Tabistani-payız, 1394, s.226-237.
  • Hüseyni Məhəmmədəli. “Yanlış tapıntı”. “Təzadlar”. Bakı, № 41 (2226), 3 sentyabr 2019, s.11.
  • İbni Bibi. El-Evamirül-alaiyyə fil-ümurül-alaiyye. Tıpkıbasım, önsöz və ..., Adnan Sadık Erzi, Ankara, Tarih kurumu, 1956, s.51.
  • https://digital.staatsbibliothek-berlin.de/werkansicht/?PPN=PPN74633155X

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN