Mayın 14-də Bakının Qaradağ rayonundakı "Qobu Park" yaşayış kompleksində yerləşən Ağdam rayon 32 nömrəli tam orta məktəbdə "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzilinin əfsanəvi kəşviyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr"  romanının ictimai müzakirəsi  keçirildi.

Tədbirdə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın əziz xatirəsi ehtiramla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

436642649_6974974755936664_8024934517061353507_n

İctimai müzakirəni giriş sözü ilə açan Ağdam rayon 32 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Hacıyeva tədbirin məqsəd və məramı barədə ətraflı məlumat verdi. Ü.Hacıyeva məktəbin müəllim və şagird kollektivinin Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müxtəlif layihələrə imza atdığını qeyd etdi. Bildirdi ki, həyata keçirilən layihələrdə məqsəd şəhid qəhrəmanlarımızı şagirdlərə tanıtmaq, əziz xatirələrini dərin ehtiramla yad etmək, yaddaşında əbədi yaşatmaqdır: "Ona görə də qərara gəldik ki, hər bir sinifə qəhrəman şəhidlərimizin adını verək və şəkillərini siniflərin qarşısında divara asmaqla yanaşı, haqlarında videoçarxlar hazırlayaq. Bu yaxınlarda məktəbimizin V a sinif şagirdi Nicat Allahverdiyev X a sinfinə adını verdiyimiz Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum gününə həsr olunmuş videoçarx hazırlayıb. Bunu ona görə edirik ki, şagirdlərimiz  hər dəfə şəhidlərimizin şəkil və videolarına baxdıqca onları unutmasınlar”.

Ü.Hacıyeva onu da bildirdi ki, məktəbin kollektivi mütəmadi olaraq şəhid ailələrini ziyarət edir, onların kədərinə şərik olur, qayğıları ilə maraqlanır.

 4

Məktəbin müəllim və şagirdlərinin qatıldığı tədbirdə “Sonuncu əmr” kitabının muəllifi Asif Mərzili çıxış edərək əsər haqqında öz fikirlərini bölüşdü. Qeyd etdi ki, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış və fəaliyyət göstərən Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024-cü il üzrə elmi və bədii əsərlərin qiymətləndirilməsinə başlayıb. A.Mərzili Azərbaycan Nazirlər Kabinetinin rəsmi saytına istinadən bildirdi ki, Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında onun Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yoluna həsr etdiyi "Sonuncu əmr" romanı da var.  Müəllif onu da diqqətə çatdırdı ki, "Sonuncu əmr" romanı Dövlət Komissiyasına təqdim edilmiş çoxsaylı əsərlər sırasından seçilmiş və komissiyanın qiymətləndirilməsinə verilmiş üç bədii əsərdən biridir.

Dövlət Mükafatları Komissiyasının qərarına əsasən, bədii əsərin ictimai müzakirəsinə başlanıldığını vurğulayan müəllif indiyədək "Sonuncu əmr" romanı haqqında tanınmış ədəbiyyatşünasların, ictimai xadim və hərbi ekspertlərin, həmçinin ədəbiyyat sahəsində böyük təcrübəsi olan tənqidçi-ekspertlərin analitik yazılarının mətbuatda dərc olunduğunu, bir çox mədəniyyət ocaqlarında əsərin ictimai müzakirəsinin həyata keçirildiyini bildirdi.

436347951_6974975352603271_5214549134053650585_n

"Sonuncu əmr" romanının real hadisələr əsasında yazıldığını qeyd edən A.Mərzili Orxan Əkbərov kimi qəhrəman vətən oğullarının həyat və döyüş yolunun gənclərimizə örnək olduğunu vurğuladı. Onu da qeyd etdi ki, Azərbaycanın düşmən üzərindəki tarixi qələbəsini əks etdirən, Qarabağın uzun illər işğal altında qalan torpaqlarının tamamilə azad edilməsindən bəhs edən kitabda, həmçinin Azərbaycan ordusunun 2016-cı ilin 4 aprel və 2020-ci ilin 44 günlük döyüş əməliyyatları,  2023-cü ilin 19-20 sentyabrında həyata keçirdiyi lokal hərbi əməliyyatları ilə 30 il ərzində işğal altında qalmış bütün əraziləri azad edərək düşmənin Qarabağda yaratmaq istədiyi “Dağlıq Qarabağ Respublikası” adlı qondarma-separatçı qurumu ləğv etməsi, nəhayət, 2023-cü ilin oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əıiyevin Xankəndı, Ağdərə və Xocalıda Azərbaycanın üçrəngli Dövlət Bayrağını qaldırması şanlı tarixi hadisə kimi oxucuya təqdim olunur.

A.Mərzili tədbirdə iştirak edən,"Sonuncu əmr" kitabının Dövlət Mükafatına təqdim olunmasında Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti Ruhiyyə Poladovanın əməyini qeyd edərək, ona dərin təşəkkürünü bildirdi. 

"Sonuncu əmr"in ərsəyə gəlməsindən söz açan  A.Mərzili kitabın korrektorları - "Təzadlar" qəzetinin şöbə müdiri Yasəmən xanım Məmmədlinin və "Təzadlar" qəzetinin baş redaktor müavini Elbar Şirinovun böyük zəhmətini düqqətə çatdırdı.

436221811_6974975122603294_2425851883139436307_n

Azərbaycanın Əməkdar müəllimi, "Tərəqqi" medallı Nəzakət Əhmədova "Sonuncu əmr" romanını gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından yüksək qiymətləndirdi: "Sözsüz ki, "Sonuncu əmr" romanı kimi əsərlər gənc nəslin gələcək tərbiyəsində mühüm rol oynayacaq. Ona görə də bu cür əsərlər şagirdlərin stolüstü kitabına çevrilməlidir".

443696149_6974975292603277_6120046981828126782_n

Qarabağ müharibəsi iştirakçısı, hərbi komandir müavini, polis mayoru Aida Şirinova keçdiyi döyüş yolundan, vətənə, torpağa sonsuz sevgisindən söz açdı. A.Şirinova "Sonuncu əmr" romanını yüksək qiymətləndirərək bildirdi ki, Orxan Əkbərov kimi qəhrəman oğulların döyüş yolu gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün əsl nümunədir. O, şəhidlərimizin həyat yolunun gənclər üçün örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğuladı: "Bu təhsil ocağının siniflərinin şərəfli həyat yolları hər bir məktəbli üçün nümunə olan qəhrəman şəhid oğullarımızın adını daşıması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rola malikdir. Çünki hər bir xalq öz qəhrəmanları ilə tanınır. Çox qürurverici və sevindirici haldır ki, bu məktəbdə hər sinif bir şəhid qəhrəmanın adını daşıyır. Bizim üzərimizə düşən hazırkı vəzifə isə o qəhrəmanlara bənzəmək, vətəni onlar kimi sevməkdir". 

32-7771

"Təzadlar" qəzetinin baş redaktor müavini Elbar Şirinov real hadisələr əsasında qələmə alınan və düşmən üzərində parlaq qələbəmizi əks etdirən "Sonuncu əmr" romanının şərəf tariximizi yazanların adını əbədiləşdirməyə xidmət etdiyini bildirdi. Əsərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğalayan E.Şirinov real faktlara söykənən "Sonuncu əmr" romanında bədii təsvir və ifadə vasitələrinin imkanlarından geniş istifadə edildiyini diqqətə çatdırdı: "Romanı oxuduqca, orada baş verən hadisələr göz önündə canlanır, oxucu özünün də xəbəri olmadan o hadisələrin içərisinə daxil olur və əsər boyu müəlliflə birgə, sanki qəhrəmanın taleyini yaşayır. Bir məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm ki, "Sonuncu əmr" romanı Azərbaycanın düşmən üzərindəki tarixi qələbəsini əks etdirən, Qarabağın uzun illər işğal altında qalan torpaqlarının tamamilə azad edilməsindən bəhs edən ilk nəsr əsər kimi gələcək nəsillərə örnək olacaq bədii ədəbiyyatın ən qiymətli nümunəsidir".

32-n

Məktəbin təşkilatçısı Cəvahir Şıxıyeva, kimya müəllimi Aygün Abbasova, kitabxana müdiri Rəmziyyə Əliyeva, uşaq birliyi təşkilatının rəhbəri Xəyalə Səfərova çıxış edərək gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin daim diqqət mərkəzində olduğunu vurğuladılar. Çıxışlarda qeyd edildi ki, məktəbdə vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi üçün geniş imkanlar var. Belə ki, məktəbdə tədris olunan ədəbiyyat, tarix və digər fənlər şagirdləri müvafiq biliklərlə təmin etməklə yanaşı, onlarda milli-mənlik şüurunun formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə böyük təsir göstərir. Bu baxımdan, "Sonuncu əmr" romanının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayacağı danılmazdır.

436221325_6974974842603322_6326161351709688039_n

32-5

32-4

32-3

Müəllimlərin və şagirdlərdən X a sinif  şagirdləri Xədicə Zeynalova, Murad Məmmədov, V a sinif şagirdləri Nicat Allahverdiyev, Ömər Həsənli, Aylin Həsənzadə və Firdovsi İbrahimovun "Sonuncu əmr" romanının müəllifinə ünvanladıqları sualları isə onların vətənə, xalqa, şəhid qəhrəmanlarımıza soncuz sevgilərinin ifadəsi idi...

436380954_6974974732603333_3523649671551671342_n

Sonda Asif Mərzili tədbirin təşkilinə görə Ağdam rayon 32 nömrəli tam orta məktəbin direktoru Ülviyyə xanım Hacıyevaya, təşkilatçı Cəvahir xanım Şıxıyevaya, eləcə də ictimai müzakirənin digər iştirakçılarına dərin təşəkkürünü bildirdi, onlara müəllifin imzalı "Sonuncu əmr" kitabı hədiyyə edildi və xatirə şəkli çəkdirildi.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN