Azərbaycanda hökumət Xankəndi (Stepanakert) haqqında danışmır, rəsmilər Qarabağın hazırda Rusiya sülhməramlılarının nəzarətində olan bu şəhəri haqqında suallara cavab vermir, ancaq keçən həftə Prezident İlham Əliyev Xankəndinin yeni yaradılan iqtisadi zonalardan birinə - Qarabağ iqtisadi rayonuna aid edilməsinə dair fərman imzalayıb.

Xankəndidə ötən ilin yanvar ayına olan məlumata görə, 60 minə yaxın əhali yaşayıb. 2-ci Qarabağ Müharibəsindən sonra orada erməni əhalinin sayının dəqiqliyi məlum olmasa da, on minlərlə insanın geri qayıtması barədə məlumatlar verilir. Ötən ilki 44 günlük müharibədən sonra imzalanan atəşkəs bəyannaməsinə əsasən, Xankəndi bu gün Azərbaycanın nəzarətində deyil - bura Rusiya sülhməramlılarının ''məsuliyyət zonası'' hesab olunur. Rusiya sülhməramlıları 2025-ci ildən sonra, bəyannaməni imzalayan tərəflərdən hər hansı birinin - Azərbaycan, Ermənistan, Rusiya - tələbiylə Qarabağdan çıxarsa, o zaman nəzarət kimdə olacaq? Azərbaycan hazırda öz nəzarəti altında olmayan ərazilərin "iqtisadi inkişafına nail ola bilmir, lakin bu o demək deyil ki, bunu gələcək məqsəd kimi görmür,"- millət vəkili Rasim Musabəyov Xankəndinin iqtisadi zonalara aid olunmasını şərh edərkən deyir.

"Bütün Azərbaycan ərazisinə nəzarəti Azərbaycan özü həyata keçirməlidir və bizim 5 ildən sonra burada Rusiya sülhməramlılarını görmək barədə heç bir istəyimiz yoxdur," - deyə cənab Musabəyov BBC Azərbaycancaya müsahibəsində bildirib. Azərbaycanın açıqlamalarını diqqətlə oxuyanın gözündən qaçmaz ki, Qarabağdakı Rusiya qüvvələrinə dair rəsmi məlumatlarda sülhməramlılar haqqında israrla Azərbaycan "ərazisində müvəqqəti yerləşdirilmiş" sözləri istifadə olunur. Belə görünür ki, Azərbaycan hökuməti Rusiya sülhməramlılarının 5 il sonra Qarabağdan çıxacağına böyük ümidlər bəsləyir. Və sülhməramlıların Qarabağda hazırkı fəaliyyəti onu qane etmir - ötən həftə Müdafiə Nazirliyi növbəti dəfə atəşkəsin pozulduğu və bir əsgərinin yaralanması barədə məlumat yayıb.

Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Giraqosyan xatırladır ki, Rusiya sülhməramlıları getdikləri heç bir yerdən indiyə kimi çıxmayıblar. "Rusiyanın regionda gücü və təsirini artırmağın əsası olaraq, çətin ki, Rusiya sülhməramlıları üçün qoyulmuş 5 illik məhdudiyyətə əməl olunsun,"- o deyir.

Siyasi təhlilçi Fuad Şahbazov Twitter mikrobluqunda yazıb ki, Ağdamda Azərbaycan və Ermənistan arasında son insident Rusiyanın sülh missiyasının səmərəsiz olduğunu göstərir və onu sarsıdır. "Bu baxımdan, Rusiyanın tənqidi Bakıda daha ucadan səslənir və Yerevanla mümkün sülh razılaşması daha yaxşı alternativ kimi görünür".

Azərbaycan birbaşa Ermənistan hökuməti və Qarabağın erməni əhalisiylə mümkün qədər tez bir zamanda sülhə və barışığa nail olmaq üçün addımlar atmağı planlaşdırırmı?

Millət vəkili Aydın Mirzəzadənin fikrincə, bu addımlar artıq atılır və bu barədə ictimaiyyətin də məlumatı var.

"Azərbaycan dəfələrlə Ermənistanla mehriban qonşuluq şəraitində yaşamağa hazır olduğunu, dünənin səhifəsini qapadaraq bu gün yeni səhifədə qonşu ölkə ilə hərtərəfli əlaqə qurmaq istədiyini bildirib. Bu gün müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında yaşayan əhali isə Azərbaycan vətəndaşlarıdır və onların da problemlərinin həlli Azərbaycan dövlətinin diqqətindədir,"- deyə cənab Mirzəzadə əlavə edib.

Richard Giraqosyan hesab edir ki, sülh razılaşması əsasən, Azərbaycan hökumətindən asılıdır. O, bunun üçün müharibədən sonra saxlanılmış erməni hərbçilərin buraxılmasının mühüm olduğunu düşünür. "Bu mənada, belə bir sülh razılaşmasının vaxt cədvəli Azərbaycan hökumətinə bağlıdır və Bakının yenidən sülh prosesində nə zaman iştirak etməyə hazır olacağından - bu dəfə 2020-ci il müharibəsinin qalibi kimi - asılı olacaq,"- o, BBC Azərbaycancaya deyib. Həm Azərbaycanda, həm də Ermənistanda barışığın mühüm olduğunu vurğulayan bəyanatlar səslənir.

Prezident İlham Əliyev çıxışlarında deyib ki, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası "labüd prosesdir" və vurğulayıb ki, həmin ərazilərdə insanların normal həyat fəaliyyətinə Azərbaycansız nail olmaq "qeyri-mümkündür".

Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan da Azərbaycanla əməkdaşlığa hazır olmağın vacibliyi barədə danışıb.

Ancaq bunu Qarabağda yaşayan erməni əhali istəyəcəkmi? Bunu təmin etmək kimin üzərinə düşür?

Paşinyan hökuməti bunu edə biləcək təsirə malik kimi görünmür. Ötən ay seçkilərdə qələbəsindən sonra Qarabağ separatçılarının lideri, Azərbaycan Baş Prokurorluğunun 2-ci Qarabağ Müharibəsindən sonra barəsində axtarış elan etdiyi Arayik Harutyunyan Paşinyanın yanında göründüyü üçün Xankəndidə onun əleyhinə etiraz mitinqləri keçirildi.

Rusiya mediasındakı xəbərlərdən belə nəticəyə gəlmək olar ki, Qarabağda ermənilər hazırda daha çox Rusiyaya etibar etdiklərini və hətta Rusiya pasportu almaq istədiklərini söyləyirlər.

Rasim Musabəyov hesab edir ki, Azərbaycan Qarabağdakı əhaliyə maliyyə imkanları ilə təsir göstərməyi də düşünə bilər. "Bunu əvvəlcədən demək çətindir,"- deyə o əlavə edib.

Bu, Ermənistan və Azərbaycan arasında müsbət diplomatik danışıqların bir sahəsidir, Riçard Giraqosyan belə hesab edir. "… [Azərbaycan, Ermənistan, Rusiya] işçi qrupu Yerevan və Bakı arasında etimad yaradılması yolunda ümidverici işarələr göstərir. Bu yolla, iqtisadi stimullar və ticarət imkanları yeni və daha öncə görülməyən əhəmiyyət daşımağa başlayıb - bu, Qarabağ münaqişəsində bu günədək baş verməmişdi".

Bu mənada Aydın Mirzəzadə də ümidlidir: "Hesab edirəm ki, zaman-zaman biz artıq münasibətlərin yeni müstəviyə çıxdığının şahidi olacağıq. …Azərbaycan Ermənistanın yeni hökumətindən onunla konstruktiv əlaqə qurmasını gözləyir".

Xankəndinin Azərbaycanın iqtisadi zonalarına aid edilməsinə gəlincə isə, cənab Giraqosyanın fikirncə, regional ticarət və nəqliyyatın bərpası həm Ermənistan, həm Azərbaycan, həm də Rusiya üçün önəmlidir: "Ermənistan üçün təcriddən qurtulmaq, Azərbaycan üçün isə geri aldığı rayonları Qarabağ sərhədlərindən kənarda inkişaf etdirmək, eləcə də, regional inteqrasiya prosesini yönləndirmək və idarə etmək gücünə sahib olan Rusiya üçün…"

Aydın Mirzəzadə deyir ki, Azərbaycan artıq Dağlıq Qarabağ probleminin mövcud olmadığını və yeni reallığın yarandığını dəfələrlə vurğulayıb. "Bu istiqamətdə Rusiya ilə çox sıx işlənilir və Rusiya, Azərbaycan, Ermənistan birgə komissiyasında fəaliyyət göstərilir".

***

Türkiyə Prezidenti Erdoğan işğaldan azad olunmuş Şuşa şəhərinə Azərbaycan Prezidenti ilə gedərkən aralarında belə bir söhbət oldu: cənab Erdoğan "Xankəndi istiqamətinə işarə edərək otel oradamı" deyə cənab Əliyevdən soruşdu. O isə gülərək, "yox, orda yox, amma orda da olacaq,"- deyə cavab verdi. Xankəndidə belə bir otel üçün isə hər iki tərəfin bir-birinə etimadı lazımdır...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN