«Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər"

Bəli, qəribə də olsa, belədir. Bəs bu tərsiməzhəb qanun harda yazılır? Nə qədər qəribə də olsa, dünyaya demokratiya, ədalət dərsi keçən Avropa İttifaqı dağıdan Ermənistana 2,6 milyard, dağıntıya məruz qalan Azərbaycana isə, ümumiyyətlə, yardım ayırmayıb. Prezident İlham Əliyev bu ədalətsizlik haqqında AzTV-yə müsahibəsində belə deyib. Prezident əlavə edib ki, Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmaması ən böyük ədalətsizlik, ikili standartlığın bariz nümunəsidir.

Prezident əlavə edib ki, Azərbaycana gəldikdə isə konkret açıqlama verilməyib: “Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir- həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.

 Rəsmi rəqəmlər isə təsdiqləyir ki, Qarabağda Ermənistanın işğalçılığı sayəsində 10 min kv.km. ərazi tamamilə dağıdılıb, ərazilərə 100 minlərlə mina basdırılıb, bütün tarixi binalar, infrastruktur məhv edilib. Yəni, zərərçəkən Azərbaycandır, cinayətkar-dağıdıb viran qoyan Ermənistan. Pulu isə Ermənistana verirlər.

Bəli, ədalətsizlik davam edir. Dövlətçilik tarixi olmayan, yalnız başqalarının torpaqlarına göz dikən, həmişə də məğlub, rəzil gündə olan Ermənistana dəstək davam edir. Etsinlər! Amma həm də unutmasınlar ki, Azərbaycan bütün bu ədalətsizliyi görür, amma öz gücünə irəliyə doğru gedir. Bunu 44 günlük Zəfər müharibəsində başı əzilən, diz çökdürülən Ermənistan da gördü, onu dəstəkləyən ölkələr, beynəlxalq təşkilatlar da…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN