Bu gün Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin doğum günüdür. Asif Yusif oğlu Məhərrəmov 26 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olub.

1969-cu ildə burada 1 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi başlayıb. Ermənilərin Azərbaycana hərbi təcavüzü başlayandan sonra Xalq Cəbhəsinin özünümüdafiə dəstəsini yaradıb. 1992-ci ildə məhz onun köməyi nəticəsində Aranzəmin, Pircamal və Dəhraz kəndləri düşməndən azad edilib. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanıb, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, amma sağlığında bu adı qəbul etməkdən imtina edib. 1993-cü ilin oktyabrında Şelli uğrunda gedən döyüşdə iştirak edib, səhhəti ağırlaşdığı üçün hərbi hissəni təhvil verib və müalicə məqsədilə Yalta şəhərinə gedib. Fred Asif 1 iyul 1994-cü ildə Yaltada vərəmdən vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Paytaxt küçələrindən biri onun adını daşıyır.

  Asifə həsr olunmuş çoxlu sayda maraqlı materiallar var. Amma tanınmış yazıçı və publisist Mustafa Çəmənli Azərbaycanın Milli Qəhrəmanı haqqında "Fred Asif" kitabını yazıb. Mustafa Çəmənlinin böyük məhəbbətlə, ürəyinin qanı ilə yazdığı bu son dərəcə əhəmiyyətli kitab bütün ağdamlıların və müharibədən sonra artıq bütün Azərbaycanın Fred Asif kimi tanıdığı Milli Qəhrəmanımıza müəllifin ucaltdığı ən gözəl, əbədi və ədəbi abidədir.

   A.Məhərrəmovun silahdaşı, polkovnik-leytenant Soltan Bəndəliyev Milli Qəhrəmanla bağlı xatirələrini belə bölüşüb: "O, qorxmaz döyüşçü, coşğun vətənpərvər idi. Asif xəstəxanada yatanda ona təsəlli verib deyirdilər ki, hər şey sülhlə bitəcək, Ağdamı da, qalan torpaqlarımızı da geri qaytaracaqlar. Onda Fred Asif cavab verdi ki, Ağdam döyüşlə alınmasa, mən heç vaxt ora qayıtmayacağam! Bu cavab Asifin nə qədər məğrur, mərd olduğunu bir daha sübut edir".

   Milli qəhrəmanın döyüşçü dostları A.Məhərrəmov kimi şəxsiyyətlərin xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağına, yaxın gələcəkdə düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olacağına inanırdılar. İndi, necə deyərlər, onların bu inamı öz təsdiqini tapıb, Ağdam erməni işğalından azad olub. İndi mərhum Asifin ruhu şaddır.

Biz də bu qəhrəman oğlumuzun ruhuna dualar oxuyur və Allah rəhmət eləsin deyirik.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN