Türkiyənin prezidentliyə namizədi, mayın 14-də keçirilmiş seçkidə 44,88% səs toplamış müxalifət lideri Kamal Kılıçdaroğlu bildirib ki, hakimiyyətə gələrsə, bütün qaçqınları ölkədən çıxaracaq.

 O, Ankarada keçirdiyi bu günkü mətbuat konfransında “seçilsəm, bütün qaçqınları geri göndərəcəyəm” deyib.

Onun sözlərinə görə, Türkiyədə 10 milyona yaxın qaçqın var.

“Onlar qalsalar, 10 milyondan çox yeni məskunlaşan Türkiyəyə axışacaq.  Əgər onlar qalsalar, dollar 30 lirəyə qalxacaq, - Kılıçdaroğlu deyib.

O, bütün seçiciləri seçkilərdə iştirak etməyə çağırıb və bildirib ki, bu dəfə hər bir məntəqədə səsvermə və səslərin hesablanmasına nəzarəti müxalifətdən bir müşahidəçi yox, eyni anda beş müşahidəçi həyata keçirməli olacaq.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu 1948-ci il dekabrın 17-də Türkiyənin şərqindəki Tunceli vilayətinin Nazımiyyə şəhərində 7 uşaqlı ələvi ailəsində (Türkiyədə subetnik, dini azlıq) anadan olub.

1971-ci ildə Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının İqtisadiyyat fakültəsindən məzun olub.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Ərdoğan 49,51 faiz, Kılıçdaroğlu 44,88 faiz səs toplayıb. Birinci turda qalib gəlmək üçün namizədə 50%-dən çox səs lazım idi, ona görə də səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN