Regionda vəziyyət narahatlıq doğurur: İrəvan Rusiya sülhməramlılarının məsuliyyət zonasını öz qoşunları ilə fəal surətdə doldurmağa başlayıb.

Ermənistan 10 noyabrda bağlanan üçtərəfli sazişi pozur və  Azərbaycan mövqelərini sərhəddən, eləcə də Rusiya sülhməramlılarının məsuliyyət zonasından atəşə tutmaqda davam edir.

Cümə axşamı,  gecə saatlarında Gədəbəy rayonunun Zamanlı və Qaravəllər, Kəlbəcər rayonunun Zeylik yaşayış məntəqələri atəşə tutulub.

 Bu onu göstərir ki, Nikol Paşinyan rejimi növbədənkənar parlament seçkisində qələbə qazandıqdan sonra da işğalçılıq siyasətindən əl çəkmir. Ermənistan-Azərbaycan münaqişəsinə səbəb olan Qarabağ klanı Robert Koçaryana və Serj Sarqsyana qalib gələn Paşinyan Azərbaycanı da məğlub etmək xülyasına düşüb.

Ermənistan vətəndaşlarının Azərbaycanla müharibədə revanş əleyhinə de-fakto səs verməsinə baxmayaraq, Koçaryan və Sarqsyan buna israr edir və Paşinyana İrəvanın Bakı ilə münasibətlərinin tam normallaşdırılmasına dair kart-blanş verirlər. İndi Azərbaycanla müharibədə revanşı Nikol Paşinyan hazırlayır. Bu barədə " Vestnik Qafqaza " analitikləri yazırlar.

 Məsələ yalnız mövqelərimizin atəşə tutulmasında deyil. İrəvan Rusiya sülhməramlılarının məsuliyyət zonasını öz qoşunları ilə fəal surətdə doldurmağa başlayıb. Ermənistan silahlı qüvvələrinin əsgərləri Laçın dəhlizi vasitəsilə Qarabağa gəlir, sülhməramlılarının  zonasında yeni hərbi postlar quraşdırır, yeni müdafiə xətti hazırlayırlar.

Ermənistan mövqelərimizi atəşə tutmaqdan regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı noyabrda və yanvarda verilən bəyanatların icrasını dayandırmaq üçün bəhanə kimi istifadə edir. Bunun üçün xüsusi olaraq Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində təşkil edilmiş üçtərəfli qrup son dəfə apreldə toplaşmışdı və artıq dörd aydır ki, qrup öz işini bərpa edə bilmir, çünki Paşinyan rejimi yalnız Azərbaycan qoşunlarının İrəvanın görmək istədiyi mövqeyə çəkildikdən sonra dialoqu davam etdirməyə razıdır.

 Göründüyü kimi, Ermənistan sanki unutmağa çalışır ki, Qarabağ müharibəsi başa çatıb, Dağlıq Qarabağ münaqişəsi keçmişə gedib və erməni millətçilərinin bütün işğalçı planları iflasa uğrayıb. Yenə də hər gün sərhəddə atəş açır, yenə də İrəvan sülh yolu ilə nizamlanmaya dair danışıqları ləngidir və uzadır, reallaşmayan tələbləri irəli sürür, yenə də erməni ordusu Qarabağda yerləşdirilir və əvvəlki təcavüzkar, işğalçı ritorikası davam edir. Sanki, Azərbaycanın işğal olunmuş rayonlarının boşaldılması, işğalçı ordunun darmadağın edilməsi, onun sülhə məcbur edilməsi və müharibədə Ermənistanın təslim olması heç vaxt olmamışdır.

 Bütün bunların fonunda Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə və danışıqlara yenidən başlamağa hazır olması barədə təklifi iki ölkə arasında sülh razılaşmasına irəliləyiş kimi görünür. Paşinyanın tələbləri artıq məlumdur-sərhəd Ermənistan hakimiyyətinin istədiyi kimi bölünməlidir, müharibədən sonra Azərbaycana göndərilmiş terrorçular Ermənistana hərbi əsirlər statusunda verilməlidir, Rusiyanın iştirakı ilə üçtərəfli formatdan sonrakı proses ATƏT-in Minsk qrupunun köhnəlmiş formatına qaytarılmalı, Xankəndidə saxta rejim hansısa "status"almalıdır.

Ermənistan, bunun heç birini uduzmuş, demək olar ki, tamamilə məhv edilmiş və gücsüz tərəf kimi tələb edə bilməz və üstəlik, ümid edə bilməz ki, müharibədə qalib gələn Azərbaycan bu birtərəfli güzəştlərə razılaşacaq. Deməli, İrəvanın məqsədi yenə də "nə sülh, nə müharibə" vəziyyətini möhkəmləndirməkdir. Erməni elitasının beynində heç nə dəyişməyib və onlar öz illüziyalarını reallaşdırmaq üçün  Rusiyanın cənub sərhədlərindəki gərginlikdən faydalanan istənilən adamlarla istənilən sövdələşməyə getməyə hazırdılar.

İlan ulduz görüb,amma ölmək istəmir... Ermənistan yeni müharibəyə hazırlaşır.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN