Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda tanınmış blogerin düşdüyü ağır yol qəzasının görüntülərini yayıb.

Tezadlar.az sosial platformalara istinadla bildirir ki, görüntülərdə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpıldığı əks olunub. Qeyd edək ki, qəza nəticəsində Nicat Şakirlinin sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Xatırladaq ki, Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.

Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, o, 180 km-saat sürətlə hərəkət edirmiş.

Bəli, yol polisi yollardakı sürət həddini azaltmaqla güman edir ki, ağır yol qəzaların sayı azalacaq. Lakin "Təzadlar" dəfələrlə yazıb: sürücülərə vəsiqə veriləndə onların təcrübəli olub-olmadığını öyrənmək lazımdır. Bir də, sürücülərin maariflənməsi daha çox vacibdir. Yolda sponsorunun hədiyyə etdiyi bahalı avtomobili ilə at oynadan gənc sürücü xanım və ya atasının pulu ilə aldığı "Porşe" ilə istədiyi sürəti seçən oğlan sürət həddi 20 olsa belə 180-lə sürəcək...

***

Nicat Şakirlinin atası Nafis Mütəllimov isə jurnalistlərə deyib: "Həkim olsam da, reanimasiyada olduğu üçün hələ yanına buraxmırlar. Həkimlər bu gün də reanimasiyada qalacağını deyirlər. Qəza dünən dostu ilə aeroport yolundan şəhərə qayıdarkən baş verib. Hadisə nəticəsində Nicatın sağ dirsəyindən aşağı qolu amputasiya edilib".

A.Məmmədli

https://report.az/hadise/blogerin-dusduyu-yol-qezasinin-goruntuleri-yayilib/

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN