...Azərbaycan əhalisi artıq yaxşı bilir ki, COVİD-19-la bağlı hər şənbə-bazar gələn kimi, avtobuslar və metro işləmir.

Ona görə də ta qədim zamanlardan istirahət gününü kolxoz bazarlarından ucuz meyvə-tərəvəz, kartof-soğan, pomidor-xiyar və s. almaqda keçirənlər artıq yeni həyat şəraitinə uyğunlaşıblar. Ölkənin avtomobilli sakinləri isə şənbə və bazar günü aktiv fəaliyyətə keçir. Nəticədə Bakıda istirahət günləri tıxac, bölgələrin yollarında isə sıxlıq yaranır... Ən bacibi, taksilər həmin iki günü bir həftəlik qazancını toplayır, toy-bayram edirlər... Məsələn, bu gündən avqustun 23-ü saat 06:00-dək də ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Taksi Sürücülərinin Ciblərini Müdafiə Təşkilatının xahişi ilə yenidən operativ surətdə bəyan edib ki, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyət göstərməyəcək. Yəni, ay camaat qiymətləri xeyli artıran taksilərdən istifadə edin.

Məsələ ilə bağlı Operativ Qərargahın ağsaqqalı, professor Operativ Qərargahlıdan "Təzadlar" üçün eksklüziv müsahibə almışıq. Operativ surətdə təqdim edirik:

-  Operativ müəllim, ictimai nəqliyyatın şənbə və bazar günləri işləməməsinin elmi əsaslarını necə izah edə bilərsiniz?

- Ərz edim ki, şəxsən mənim rəhbərlik etdiyim laboratoriyada apardığım təhlil və analizlər, fiziki-kimyəvi tədqiqatlar tam təsdiq edib ki, bu viruslar həftənin 5 günü pusquda durur, yəni yatır, sakit dayanır, istirahət günləri isə aktiv fəaliyyətə başlayır... 

-Maraqlıdır, bu viruslar istirahət günün şənbə və bazar günü olduğunu hardan bilir?

- Bu mənim kəşfimdir... Tezliklə ÜST-dən patent almalıyam, hələlik sirri aça bilmərəm...

-Professor, bəlkə biz də belə edək, məsələn, koronavirusu aldadaraq şənbə və bazar gününün yerini dəyişək?

-Necə?

--Məsələn, dünyəvi təqvimə görə, şənbə və bazar həftənin 6-cı və 7-ci gününə düşür... Biz də şənbə və bazar gününün yerini salaq həftənin 1-ci və 2-ci gününə. İş həftəmiz həftənin 3-cü günündən başlasın, şənbə və bazar iş günü olsun... Koronavirus yuxuda ikən, biz də işlərimizlə məşğul olaq, dükan-bazara, çimərliyə, rayonlara istirahətə gedək... Koronavirus da şənbə və bazar günü yuxudan ayılıb operativ fəaliyyətə başlayan kimi görsün ki, iş işdən keçib...

-Əla təklifdir, mən bunu Operativ Qərargaha çatdıraram, yaxşı patent ala bilərik... Amma bir məsələ var. Axı biz neçə aylardır Azərbaycan Taksi Sürücülərinin Ciblərini Müdafiə Təşkilatı ilə əməkdaşlıq müqaviləsi bağlamışıq ki...

-Olsun da... Siz də onlara deyin ki, üç-beş taksi maqnatına görə bu boyda koronavirusu ram etməyi kənara qoymaq olar? Dünya səhiyyə işçiləri sizin bu kəşfinizə görə alqış deyəcək, Azərbaycana yardımlar ediləcək. Ordan 1-2 faiz də taksi maqnatlarımıza verərsiniz, vəssalam... 

-Professor, bilirsiniz ki, şənbə və bazar günləri ictimai nəqliyyat işləmədiyindən şəxsi avtomobili olanlar məcbur olub kütləvi surətdə küçələrə çıxır, ona görə də Bakıda süni tıxac yaranır, bölgələrimizn yollarında isə nəqliyyat sıxlığı...

-Biz bunu da düşünmüşük. Məsələn, benzin baha olduğundan, hətta avtomobili olanlar da avtobus və metrodan istifadə edirdi, maşınlarını günlərlə həyətlərində saxlayırdılar. Mütəxəssislərimiz öyrəndi ki, avtomobil 5 gün işləməyəndə motor pis günə qalır, akkumlyatoru zəifləyir, bu da elektron sistemi sıradan çıxardır... Ən vacibi, SOCAR-dan və Bakı Neft Bazasından bizə müraciət etdilər ki, neçə aydır benzin satışından gəlirlərimiz azalıb. Məlum oldu ki, dediyim kimi, benzin bahadır deyə, hamı ictimai nəqliyyata üstünlük verir. Odur ki, qərara gəldik ki, heç olmasa şənbə və bazar ictimai nəqliyyatı dayandıraq ki, SOCAR-ın benzin satışından gəlirləri artsın. Təsəvvür edirsiniz, SOCAR-ın ona yaxın vitse-Prezidenti var, bizə dedilər ki, onlar xeyli vaxtdır maaş ala bilmirlər, başqa xərclərini ödəyə bilmirlər... 

- Belə maraqlı, elmi-intellekli müsahibəyə görə təşəkkür edirik... 

-Sağ olun! Yaxşı, onda bir ucuz taksi sifariş edin, məni Operativ Qərargaha aparsın, bayaqlı təklifi ora çatdırım... 

-Alo, taksi xidmətidir? Necə yəni sifariş çoxdur... DU-DU-DU! Professor, piyada gedəsi olacaqsınız, taksi xidməti deyir ki, sifariş çoxdur, götürə bilmərik... 

Dinlədi: A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN