HƏMAS müharibəyə başladı, İsrail isə onu dayandıracaq.

TEZADLAR.AZ xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

“Oktyabrın 7-si İsrailin yeni tarixinin ən qara günü kimi yadda qalacaq. Müharibə gözlənilmədən HƏMAS terrorçularının raketlər atması və qadınlarımızı, oğul və qızlarımızı öldürmək, zorlamaq və qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərimizi işğal etməsi ilə başladı. Qəzzadan 4 yaşlı israilli uşağın döyülərək təhqir edildiyi videosu var. Qorxmuş görünürdü, sadəcə evə getmək istəyirdi. Təsəvvür edin ki, terrorçular sizin 4 yaşlı oğlunuzu qaçırıblar. Təsəvvür edin ki, o, sizdən kömək istəyir”, deyə səfir bildirib.

Dik qeyd edib ki, HƏMAS soyqırım təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışırlar.

“Bu, onların nizamnaməsində yazılıb. Onlar uşaqlarına yəhudilərə nifrət etməyi və onların ölümünə sevinməyi öyrədirlər. Bu nifrət mədəniyyəti bu barbarlığın səbəbidir. Üstəlik, unutmayaq ki, HƏMAS təkbaşına hərəkət etmir. Sponsor İrandır, ölkəmi məhv etməyə və bütün israilliləri öldürməyə çalışan ölkədir. Xomeyni İsrail cəsədlərini görəndə sevincli tvitlər yazıb. Biz bunu unutmayacağıq”, - səfir əlavə edib.

Corc Dik xatırladıb ki, ölkəsi keçmişdə HƏMAS-a görə zorakılıq hadisələri yaşayıb.

“Qəzzalıların İsraildə işləməsinə icazə verdik, Qəzzanın kənd təsərrüfatı məhsullarının ixracını asanlaşdırdıq, hətta xəstəxanalarımızda Qəzzalıların həyatını xilas etdik. Biz hətta Qəzzaya dənizdə qaz yatağının işlənməsinə kömək etmək niyyətindəydik ki, oradakı insanların dolanışıqlarını təmin etsin” - səfir bildirib.

İsrail səfiri qeyd edib ki, baş verənlər İsraildə görünməmiş hadisədir və bundan sonra da olmayacaq.

"Bu, növbəti zorakılıq mərhələsi deyil, əməliyyat deyil, bu, müharibədir. Biz onları məhv edəcəyik və İsrailə və onun vətəndaşlarına yaşatdıqları bu qara günün qisasını alacağıq. HƏMAS bu müharibəyə başladı, biz isə bu müharibəni dayandıracağıq”, - deyə Corc Dik bildirib.

O, İsraildəki humanitar vəziyyətdən danışaraq qeyd edib ki, bu təcavüz nəticəsində itkilər böyükdür: 600 günahsız israilli faciəvi şəkildə həlak olub, 100-dən çox insan qaçırılıb, 2000-ə yaxın insan fiziki və mənəvi travma alıb.

“Biz qəhrəman millətik. Sderotda terrorçuların hücumunu dəf etmək üçün atalar və onların oğulları təkbaşına döyüşürdülər. Onlar çoxlu terrorçuları məhv etdilər. Xalqımız öz həyatını yaşayır və biz uzun, çətin və həlledici müharibəyə hazırlaşırıq, sonunda qalib gələcəyik. Bizi yalnız tam qələbə qane edəcək”, - deyə səfir bildirib.

Corc Dik beynəlxalq ictimaiyyətin Israildəki hadisələrə necə reaksiya verməsi ilə bağlı fikirlərini də bölüşüb.

“Beynəlxalq ictimaiyyət üç şeyi etməlidir: birincisi, hər bir ölkə dərhal HƏMAS-ı pisləyən və İsraili dəstəkləyən bəyanat verməlidir. İsrail və HƏMAS-ı “hər iki tərəfin” iddiaları ilə eyniləşdirmək cəhdi mənəvi təhqirdir. İsrailin əsl dostu tərəddüd etməz. İkincisi, beynəlxalq ictimaiyyət İsrailin özünümüdafiə hüququnu və İsrailin cənubunda həyatı yenidən qurmaq hüququnu açıq şəkildə dəstəkləməlidir. Üçüncüsü, düşmənlərimizin sözlərinə inanmağa başlamağın vaxtıdır. HƏMAS yəhudiləri öldürmək istədiyini deyəndə onlara inanın, çünki onlar sözün əsl mənasında bunu nəzərdə tuturlar. İran İsraili və Qərbi məhv etməyə çağıranda buna inanın, çünki onlar bunu nəzərdə tuturlar. Biz bunu etdikdən sonra dünya nəhayət buna uyğun hərəkət edəcək. Beynəlxalq ictimaiyyət bu üç addımın hamısını atmalıdır. Qalanını özümüz edəcəyik, çünki tarixdən öyrəndiyimiz bir şey varsa, o da budur ki, həqiqət anında yalnız özünüzə arxalana bilərsiniz”, - deyə səfir yekunlaşdırıb.

 

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN