... YOXSA GƏLƏCƏK NƏSİLLƏR GORUMUZA SÖYƏCƏK, BİZİ LƏNƏTLƏYƏCƏKLƏR...
Mətbuat xəbər verir ki, Prezidentin sabiq köməkçisi Əli Həsənovun ölkədən çıxışına yasaq qoyulub. Xatırladaq ki, akademik İsa Həbibbəyli akademiyada qılıncoynatmanı və təhdidləri praktik olaraq birbaşa məhz Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya güvənməklə həyata keçirirdi. Söz aparıb-gətirməyi (çuğulçuluğu) isə akademiklər Muxtar İmanov, Möhsün Nağısoylu və digərləri həyata keçirirdilər. Hətta elmi şuraya qoçu gətirirdilər. Şəbəkə 2018-ci ildə məni ciddi təhdidlərə məruz qoymuşdu. Mənə və ailə üzvlərinə stress və sıxıntılar yaşatdılar. Bu gün də həmin təqiblər başqa formada davam etdirilir.
O zaman mən feysbukda (01.06.2018) ölkə Prezidentinə və Birinci vitse-prezidentə açıq müraciət edəcəyimi bildirdikdən sonra mənə qarşı təhdidləri səngitdilər. Pulla, mənzillə adam satın almağa vərdiş etmiş bu şəbəkə üzvləri bu dəfə də hər vəchlə məni ələ almağa çalışdılar, alınmadı. Əslində, dövlət siyasətinin tərsinə gedən bu insanlar ciddi maliyyə dayaqlarına malik olduqlarından arxayın davranırdılar və təəssüf ki, xəfif mnəcraya düşsə də, hələ də davam edir.
Şəbəkənin bir barınacaq yeri də Azərbaycan Dillər Universitetidir, belə ki, akademik Muxtar İmanov Folklor İnstitutunun direktoru olmaqla yanaşı həm də mövcud qanunvericiliyə zidd olaraq Dillər Universitetində tam ştat vəzifə tutur. Şəbəkəyə daxil olan belələrinin sayı kifayət qədərdir. Eyni zamanda Dilçilik İnstitutunun direktoru olan akademik Möhsün Nağısoylu və İsa Həbibbəyli tərəfindən elmi dərəcə almaq yolu asanlaşdırılmış Sona Vəliyeva da Azərbaycan Dillər Universitetində barınırlar. Qeyd edim ki, S. Vəliyeva İsa Həbibbəylini özünün ağsaqqalı adlandırırdı və "ağsaqqal"ın qanunsuz hərəkətlərini ifşa etdiyim üçün məni hədləmişdi də. Əl əli yuyar, əl də üzü. Həyat yoldaşının intəhasız vəzifə səlahiyyətlərindən yararlanaraq İsa Həbibbəylini qanadları altına alan Sona Vəliyevaya borclu qalmaq istəməyən "ağsaqqal" iki daşın arasında onun elmlər doktorluğu müdafiəsi təşkil və təmin etmişdir. Bərəkallah, belə akademikə! Səlahiyyətin belinə minib istədiyi səmtə çapır. Beləcə, bu vecsiz şəbəkə şəxsi maraqlar zəminində dövlət maraqlarına qan uddurub.
Tam əminliklə deyirəm ki, Prezident xalqa söykənərək möhkəm iradə, əzm və dəmir yumruqla qara buludlar kimi dövlətin başı üzərində fırlanan bu təhlükəni, yəni talançı akademik-məmur şəbəkəsini dəf etməklə nəinki Azərbaycan tarixində, həmçinin dünya tarixində dinc yolla inqilab edib xalqını, ölkəsini ağ günə çıxarmış ən böyük lider kimi qala bilər.
Düzdür, cərrahi əməliyyatdan fərqli olaraq vaxt tələb edən terapiya zəhlətökən olsa da, qansız-qadasızdır, həm də əlavə fəsadları olmur. Bunun üçün xalqın fəallığı və vətəndaş məsuliyyəti başlıca şərtdir!
Unutmayaq ki, arzu olunan cəmiyyəti qurmasaq, adam kimi yaşamaq nəsibimiz olmayacaq və nəsillərdən nəsillərə sərgərdan qalacağıq!
İdris Abbasov, 
(AMEA)
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN