Cümə günü ABŞ və Aİ liderləri Ermənistan və Azərbaycan arasında "suverenliyin, sərhədlərin pozulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması əsasında" möhkəm sülhün

təşviqinə "əvvəlki kimi sadiq olduqlarını" bildiriblər. Bu barədə liderlər Ağ Evdə baş tutan sammitin yekunlarına görə birgə bəyanatda bildiriblər, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib. "Biz Azərbaycanı Dağlıq Qarabağda qalanların, habelə öz evlərinə qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini təmin etməyə çağırırıq", deyə birgə bəyanatda bildirilir. "Biz həmçinin bütün tərəfləri güc tətbiq etməmə və güc tətbiq etməklə təhdid etməmə prinsipinə sadiq qalmağa çağırırıq". Prezident Co Bayden liderləri cümə günü Ağ Evdə qəbul edib.

"Sonuncu sammitdə biz Aİ və ABŞ arasında tərəfdaşlığı fəallaşdırmaq öhdəliyi götürdük və son iki ildə, zənnimcə, bu öhdəliyi yerinə yetirdik", deyə Bayden Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə xitabən bildirib.

"Biz cəsur Ukrayna xalqını Putin təcavüzü qarşısında dəstəkləmək üçün birləşdik", deyə Bayden sözünə davam edib. "Və biz iqtisadi problemləri həll etmək və bizim Çinlə münasibətlərimizi müəyyən edəcək standartları müəyyən etmək üçün birləşirik. Və indi biz HƏMAS-ın dəhşətli terror hücumundan sonra İsraili dəstəkləmək üçün birlikdə dayanırıq.

"Yaxın Şərqdəki hadisələr bizi Ukraynaya möhkəm dəstək verməkdən çəkindirməyəcək", deyə fon der Lyayen bildirib. "Putin son nəticədə uğursuzluğa düçar olacaq... Bu münaqişə demokratiyaların birlikdə dayanmalı olduğunu göstərir", deyə o, əlavə edib. 

"Məni İran və onun etibarlı şəxsləri xüsusilə narahat edir. Biz hamımız raketlər və dronlarla törədilən insidentləri gördük... Bu vəziyyətdən heç kim istifadə etməməlidir", deyə o, bildirib. Liderlər birgə bəyanatlarında həmçinin qeyd ediblər ki, onlar Ukraynaya və onun xalqına uzunmüddətli siyasi, humanitar və hərbi yardım, maliyyə yardımı göstərməyə davam edəcəklər, belə ki, onlar Rusiyanın qanunsuz və səbəbsiz təcavüzkar müharibəsindən özlərini qoruyurlar.

"Biz birlikdə Rusiyanı amansız müharibəyə son qoymağa və öz silahlı qüvvələrini, etibarlı şəxslərini və hərbi texnikasını dərhal Ukraynanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərindən çıxarmağa çağırırıq".

"Biz Ukrayna sülh düsturunun əsas prinsiplərinə və məqsədlərinə maksimum geniş beynəlxalq dəstəyə nail olmağa sadiqik. Ukraynada hərtərəfli, ədalətli və möhkəm sülhün bərqərar edilməsi üzrə istənilən təşəbbüs Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin bütün məqsəd və prinsiplərinə riayət olunmasına əsaslanmalıdır", deyə liderlər əlavə ediblər.

ABŞ və Aİ Rusiyanın müharibə aparmaq qabiliyyətini sarsıtmaq, habelə Ukraynanı dəstəkləmək və onun müdafiə-sənaye bazasını genişləndirmək və potensialını artırmaq üçün birgə işi dərinləşdirəcəyik, deyə liderlər bildiriblər.

Onlar həmçinin Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə və suverenliyinə, habelə onların Avropa perspektivinə dəstəklərini təsdiq ediblər.

"Biz Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində qarşılaşdığı problemlərin həllində və Avropa yolunda islahatlar aparmaq cəhdlərində Moldovanı dəstəkləməyə davam etdirəcəyik", deyə onlar qeyd ediblər. "Biz əvəlki kimi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini, həmçinin Avropa perspektivini dəstəkləməyə tamamilə sadiqik", deyə bəyanatda vurğulanır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN