İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti niyə şadlıq sarayları sahiblərinin inhisarçılığına və toy çaldıran valideynlərin yaşantılarına göz yumur???

«Toy sahibləri vergiyə cəlb edilsin…». Bu iddia ilə kulturoloq Aydınxan Əbilov ARB-də danışıb… Kulturoloqun sözündən belə çıxır ki, guya toy sahibləri toylarda pul qazanır... Əslində isə belə deyil. Əvvəla, toyda yığılan pul üzərinə xeyli əlavələr edilməklə şadlıq sarayının mənasız və yersiz menyusunun xərcinə gedir. İkincisi isə, toy sahibi onun toyuna pul dəstəyi verən şəxslərin (qonaqların) növbəti toyunda həmin borcunu qaytarmağa məhkumdur. Yəni, belə olan halda qazancdan-gəlirdən söhbət gedə bilməz...

Odur ki, güman edirik, bu yanlış təklif və fikirdir. Çünki bu gün toy sahibləri deyil, şadlıq saraylarının sahibləri vergiyə cəlb edilməlidir. Menyuya yüzə yaxın ərzaq növünü daxil edib qiyməti öz xeyrinə reklamlaşdıraraq soyğunçuluq edənlərə başa salan yoxdur ki, axı bu qədər ərzağı bir nəfər gecə saatlarında- yatma ərəfəsində necə yeyə bilər? Bu sağlamlığa da ağır zərbədir. Əksinə, valideynlər övladlarına toy edir, toyda yığılan pul vəsaitlərinin üzərinə əlavələr edilməklə soyğunçu şadlıq sarayları sahiblərinə verilir. Yəni, övladının şad gününə sevinməli olan valideynin qanı it qanına döndərilir… Bəzən isə bəy-gəlinin pul çatdırılmayanadək girov saxlanılması kimi əcaib faktlara da rast gəlirik. Odur ki, aidiyyəti dövlət qurumları şadlıq saraylarındakı menyu eybəcərliyinə son qoymaq üçün təkliflər irəli sürməlidirlər.

İkincisi, toy mərasimlərində yığılan pul vəsaitlərindən nəinki bəy və gəlinə hədiyyəlik nəsə qalır, əksinə, valideynlər əlavə borca da düşürlər. Çünki şadlıq saraylarını saxlayanlara nə vergi orqanlarından, nə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən təpki yoxdur. Bu qurumların rəhbərləri başını qaldırıb bu soyğunçuluğa və inhisarçılığa son qoymaq üçün iş görmək istəmirlər. Problem bundadır…

toy-menyu

«Təzadlar» bir müddət əvvəl ölkədə bəzi ərzaq məhsullarının qiymətinin süni artımında Bakıdakı şadlıq saraylarının yersiz menyusunun rolu mövzusunda araşdırma aparmışdı. Hesablamışdıq ki, Bakıda təxminən orta qonaq sayı 250 olmaqla 500-dən çox şadlıq sarayı var. Onların 1 nəfərə təkcə 1 kq mal, qoyun, balıq və toyuq əti (hərəsindən 250 qram olmaqla) istifadəsi nəzərə alınarsa, belə bir rəqəm ortaya çıxmış olar (İlin 3 ayını Məhərrəmlik və Orucluq və s. əlamətdar günlərə çıxsaq, 9 aya bu qədər ət istifadəsi qaçılmazdır): 250 kq X 1 kq ət X 500 şadlıq= 125 ton ət. Bunu vuraq ayın 25 gününə: 125 X 25 = 3125 ton ət! Yəni, 1 aya 500 şadlıq saraylarında təxminən bu qədər ət istifadə olunur. Bunu da ilin 9 ayına vursaq belə bir rəqəm alınar: 3125 ton X 9 = 28125 ton ət!

Toylarda olan hər kəs bilir ki, masanın üzərindəki kababların təxminən 30-40 faizi tökülüb qalır, israfa gedir. Xüsusən də toyuq kabablarında.

İndi təsəvvür etdinizmi ki, şadlıq saraylarının toxunulmazlığı hər il ölkəmizdə 28 min 125 kq ətin az qala yarısının istifadə olunmaması ilə nəticələnir və bunun da ağrısını övladına toy edən valideynlər çəkir. Bura istifadə olunmayan müxtəlif növ salatları, müxtəlif növ bahalı içkiləri də əlavə edəndə, görün necə bir mənzərə alınır…

Odur ki, ölkənin ərzaq təhlükəsizliyinə də süni problemlər yaşadan şadlıq sarayları vergiyə cəlb edilməli, onların toy edən cütlüklərin valideynlərini borca salan əməllərinə son qoyulmalıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN