Firdovsi Şahbazov: “Nazirin pensiya yaşının artırılması ilə bağlı yanaşması yanlış və aqressivdir” 

Azərbaycanda pensiya yaşının kişilər üçün 65, qadınlar üçün 63,5 olması pensiyaçılarla bərabər, əksər insanları da narahat edir. Dəfələrlə pensiya yaşının azaldılması barədə Milli Məclisdə deputatlar və ayrı-ayrı iqtisadçılar tərəfindən məsələ qaldırılıb, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri iki ayağını bir başmağa dirəyib ki, indiki pensiya yaşı çox normaldır. Təbii ki, burada normallıqdan söhbət gedə bilməz. O da maraqlıdır ki, pensiyaya çıxdıqdan sonra 12 il təqaüd verilməsi nəzərdə tutulub. Təzəlikcə isə, bunu 14 ilə qaldırıblar. Belə çıxır ki, 79 yaşdan yuxarı yaşayanlar nazirlik əməkdaşlarının mənafeyinə, nazirliyin isə cibinə ciddi ziyan vuracaqlar. Belə çıxır ki, Respublika Veteranlar Cəmiyyətinin sədri Fatmaxanım Səttarova 102 yaş yaşamaqla DSMF- ni əməlli-başlı “bankrot” edib.

 Təqaüdə çıxdıqdan sonra bu kateqoriyalı insanlara təqaüd verilməsinə hədd qoyulması olduqca gülünc bir qərardır. Əvvəla, yaşlı insan olan pensiyaçılarda bu hədd psixoloji gərginlik yaradır ki, görəsən, mən 12 il o pensiyanı ala biləcəyəmmi? Yaşlı adamlarla belə rəftar yolverilməzdir. Və nazirliyin rəsmiləri yaşlı insanlarla belə rəftar etməklə, onların ölümünü yaxınlaşdırırlar. Bəlkə də pula qənaət məqsədilə bunu qəsdən edirlər. Pensiyaçılara qoyulan bu məhdudiyyət məsələsi, yəni 12-14 il pensiya verilməsi söhbəti, tamamilə aradan qaldırılmalıdır. Allah insana nə qədər ömür veribsə, o qədər də yaşayıb, pensiyasını almalıdır. İnsanın pensiyaya çıxmasından sonra neçə il yaşayacağını kimsə müəyyən edə bilməz. Bu, olduqca yanlış qərardır. Onsuz da bir çox pensiyaçılar pensiyaya çıxandan sonra heç 12 il yaşamırlar. Həm onların, həm də pensiya yaşına çatmamış dünyasını dəyişənlərin pulları da nazirliyin DSM Fondunda qalır. Görəsən, bu pulların miqdarını kimsə hesablayıbmı? Əgər hesablayan olsa, bu, yüz milyonlarla manat pul deməkdir. Bu pullar nazirliyə yetərli deyilmi ki, pensiyanın verilməsini 12-14 il nəzərdə tuturlar? 

XXX

Noyabrın 27-də Parlamentin Əmək və Sosial Siyasət Komitəsində keçirilən iclasda nazir Sahil Babayev çıxış edərək deyib: “Bir insanın orta hesabla 12 il pensiya alması nəzərdə tutulur. Amma bu gün bizim orta müddətimiz 14 ildir. Bu da deməyə əsas verir ki, biz humanist yanaşma tətbiq edirik”.

 Nazir daha sonra deyib: “Pensiya yaşının azaldılması, beləliklə də pensiya alınması müddətini daha da artırılması, pensiya fondunun kəsirinin yaranmasına, bunun üçün əlavə vəsaitlərin cəlb olunmasına, dayanıqlığa müəyyən təhlükə yarada bilər”.

Hörmətli Sahil müəllim, əvvəla, pensiya fondunun heç bir kəsiri yarana bilməz və əlavə vəsaitlərin cəlb olunmasına da qətiyyən ehtiyac yoxdur. Sadəcə bu cibdən alıb, o biri cibə qoymaq lazımdır. Bir az qəliz oldusa, izah edim. Deməli, yuxarıda qeyd etdik ki, pensiya yaşına bir neçə il qalmış dünyasını dəyişən insanların sayı minlərlədir. Dəfələrlə, hətta deputatlar tərəfindən məsələ qaldırılıb ki, pensiya yaşına bir neçə il qalmış vəfat edən insanın yığılmış kapitalı onun ailəsinə verilsin. Bu təklifi nazirliyin heç həndəvərinə yaxın buraxmırsınız. Onda zəhmət çəkin, “Pensiya yaşının azaldılması, beləliklə də pensiya alınması müddətini daha da artırılması”ndan sonra, yaranan kəsiri doldurmaq üçün pensiya yaşına çatmamış vəfat edən insanların yüz milyonlarla manat yığılan kapitalını pensiya yaşının azaldılmasına və pensiya alınması müddətini daha da artırılmasına yönəldin. Daha əlavə vəsait axtarmağa ehtiyac da yoxdur axı. Mən iqtisadçı deyiləm. Amma belə başa düşürəm ki, dediyim variantda prosesi həyata keçirmək olar. 

XXX

Hörmətli Sahil Babayev Milli Məclisdə həmin çıxışında pensiya yaşının azaldılması və pensiya alınması müddətinin artırılması barədə danışarkən daha sonra deyib: “Əlbəttə, mümkün olmayan heç nə yoxdur. Amma bu zaman 25 illik staj tələbi 30-35-40 ilə qaldırılmalıdır, yaxud 25 % aylıq sosial sığorta ödənişi 30-35 %-ə qaldırılmalıdır. Bu, müəyyən ölkələrdə tətbiq də edilir. Mövcud şərtlər daxilində yenidən pensiya yaşının azaldılması sadəcə, pensiya hesablamalarının daha da pisləşməsinə səbəb olacaq”.

Tamamilə əsası olmayan fikirlərdir. Bu dəfə isə, hömətli nazir Sahil Babayevin fikirlərinə uyğun mütəxəssislərin sözləri ilə cavab verək. İqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov bu barədə mətbuata belə açıqlama verib: Nazirin pensiya yaşının artırılması ilə bağlı yanaşması yanlış və aqressivdir. Əvvəla, Azərbaycanda heç də hamı pensiyaya çıxa bilmir. Orta ömür müddəti uzansa da, ölüm də cavanlaşır. Məsələn, 2020-ci ildə kişilər arasında ölənlərin 52.3 faizini 65 yaşına, yəni pensiya yaşına çatmamış, qadınlar arasında isə ölənlərin 42.2 faizini 62 yaşına, yəni pensiya yaşına çatmamış vəfat edənlər təşkil edib. Eyni göstərici 2019-ci il üzrə müvafiq olaraq kişilər üçün 42, qadınlar üçün 31 olub. Ötən ilin əvvəlinə olan məlumta görə, Azərbaycanda son bir il ərzində 76 min 878 nəfər vəfat edib. Rəsmi məlumata görə, vəfat edənlərin 40 faizi 65 yaşından aşağı, yəni pensiya yaşına çatmayan şəxslər olub. Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çoxdur. İl ərzində vəfat edən kişilərin 47 faizi və ya 21 min 339 nəfəri pensiya yaşına çatmadan dünyasını dəyişib. Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki, vətəndaşı pensiya yaşına çatmamış ölərsə, onun sığorta hesabında yığılan pensiya kapitalı vəfat edənin ailə üzvlərinə (qanuna görə, yalnız ailədə əlilliyi olan övladı, ya əlilliyi olan həyat yoldaşı, ya da pensiya almaq hüququ olan həyat yoldaşı vəfat edən şəxsin pensiyasını ala bilər) verilmir. Yəni həmin vəsait qalır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamında saxlanılır. Üstəlik, qanuna görə, pensiyaya çıxmaq istəyən şəxsin 25 illik stajı olmalı və bu müddət ərzində Sığorta Fonduna 40 min manat ödəməlidir. Gəlin görək, hamının bu imkanı varmı? Muzdla çalışanların bu imkanı varmı? Yoxdur və müxtəlif səbəblərdən bu imkana malik olmayıblar. Onlar 65 yaşına çatanda pensiya yox, dövlətdən müavinət alırlar. Eyni zamanda, hərbiçilərin pensiyaya çıxma yaşı 5 il uzadılır. Bir sözlə, pensiyaları ödəmək üçün kifayət qədər mənbələr var. Sözügedən vəsaiti bu istiqamətdə xərcləmək olar. Deməyim odur ki, bir belə imkanlar var ikən pensiya yaşını uzatmaq sosial ədalətsizlikdir”.

Hörmətli Sahil Babayev, bu sözləri mən yox, artıq peşəkar iqtisadçı deyir və sizin bir çox nazirlik əməkdaşlarından fərqli olaraq, həqiqəti söyləməkdən çəkinmir. Siz isə, minlərlə əlillərin halal təqaüdlərini kəsib, onları çörəyə, dərmana möhtac qoymaqdan nəinki çəkinmirsiniz, hətta elə təəəssürat yaranır ki, bundan zövq alırsınız

Elçin MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN