Yuxuda gördüm səni, bacı. Çox sevindim. Soruşdum: “Can ay bacı, nə yaxşı gəlibsən?” 

Mənə baxıb gülümsədin və dedin:

-Axı  atamızdan, anamızdan sonra mən sənə ata-ana olmuşam. Məgər səni tək qoyarammı heç. Gəldim görüm necəsən...

- Sən təkcə məni yox, heç kimi darda qoymurdun. Hamıya arxa-dayaq idin ay bacı. Axı sən özünün yaratdığın fermer təsərrüfatında, sonra  Bələdiyyə sədrliyində hamıya əlindən gələn köməklikləri eləyirdin. Kənd camaatı sənə  “El anası” adını qoymuşdular. İndi də səni heç kim unutmur  ay  bacı. Sənin adın gləndə hamı kövrəlir və sənə rəhmət oxuyur.

Mənimsə həyatımda daha böyük rol oynayıbsan. İlkin addımlarımda da, ilkin dirçəlişimdə də mənə qol-qanad sən veribsən. Mənim məsləhət verənim, maliyyə sahəsində kömək edənim, ilk yardımçım da sən olubsan ay bacı. Nakam  idin. Övladın olmamışdı. Məni təkcə bacı kimi yox, həm də övlad  kimi sevirdin. Ona görə də sənə bir neçə şeir həsr eləmişəm. Bilirəm ki, hər dəfə həmin şeirlər səslənəndə sənin ruhun yanımda olur və maraqla həmin şeirlərə qulaq asır.

-Mən  sənə çox inanırdım. İnanırdım ki, sən mənim ümidlərimi, çata bilmədiyim arzularımı  doğruldacaqsan. Hər bir yaxşı əməlinlə bunu doğrultdun da ay Xuru.

-Sən dünyanı dəyişəndən sonra  özümü çox tənha hiss eləyirdim.  Amma atamızın, anamızın ölümündən sonra gücsüzlük hiss eləməmişdim. Çünki sən yanımda idin. Bir dağ kimi mən də, o biri bacılarım da, qardaşlarım da sənə söykənmişdik. Sən valideyn yoxluğunu bizə unutdurmuşdun ay bacı.  Sənin haqq dünyana qovuşmağın bizim ailəmizə çox böyük bir zərbə oldu can  bacı. O vaxtlar səni tez-tez yuxularımda görürdüm. Mənə məsləhətlər verir və işıqlı yol göstərirdin.  Məhz sənin sayəndə bizim ailəmizdə elə yaxşı qanunlar qoyulub ki, indi də onlara sadiqik. Tez-tez ata ocağına yığışıb, mehriban söhbətlər eləyirik. Bayramları, ən xoş günləri orada bir yerdə keçiriik. Bir-birimizə arxa-dayaq oluruq. Ata ocağında olanda səni daha tez-tez yuxuda görürəm əziz bacım Südabə. Axı ata ocağında olanda bizim söhbətimizin əvvəli də, ortası da, sonu da sən olursan...

...  Uşaqlıq illərimizi xatırlayıram. Həmin ocaqda bəxtəvər  atalı-analı günlərimiz yadıma düşür...

Yadına gəlirmi?  Mən dördüncü sinifdə oxuyanda panbığa getdiyimiz üçün məktəblər bağlanmışdı.  Axşamlar yorğun olsaq da həyətdə oturub, ulduzları birlikdə seyr edirdik. Ulduzları sayırdıq. Mən həmişə deyirdim ki,  ulduzlara çatmaq istəyirəm. Sən isə tez və qorxu ilə deyərdin:

-Ay Xuru, ay bacı elə demə. Deyirlər ki, uçan boşqablar var,  Allah baba  da adamın arzusunu eşidir. Həmin boşqablara deyər, onlar da gəlib səni aparar, bəs onda  mənim bacım kim olar?

Sənin bu sözləridən sonra canıma bir qorxu dolurdu. Fikirləşərdim ki,  Allah babanın və mənim arzumu  çin etmək üçün həqiqətən uçan boşqablar gəlib məni apara  bilər. Tez sənə qısılardım və deyərdim:

-Yox, yox. Sənin kimi bacını qoyub, ulduzların  yanına  getmərəm. Axı sən, mənə ulduzlardan daha əzizsən.

Həmin vaxtı anamız bizi  yeməyə  çağırardı. Biz hamımız, üç bacı, dörd qardaş və atamız, anamız  süfrə arxasında əyləşərdik. Anamızın bişirdiyi yeməyi çox ləzzətlə yeyərdik. Bir-birimizə qarşı elə mehriban idi ki. Necə gözəl günlər idi o günlər ay bacı...

Beləcə ömürümüz getdi...

... Ayıldım gördüm bu yuxudu.  Amma yuxu da o qədər şirin idi ki, sanki canlı bir həyat kimi. Axı elə bu gün bizim yaşamağımız da, yediyimiz, içdiyimiz, nəfəs aldığımız həyat da bir gerçək yuxudur. Siz haqq dünyanızdasınız. Biz isə özümüzü inandırmışıq ki, gerçək dünyadayıq. Əslində biz, fani, yalan dünyadayıq. Elə bir dünyada ki, bu dünya kimləri qara torpağa aparmadı?.. Hər bir şah, sultan, prezident, ən varlı insanlar çox istədilər ki, bu dünyada əbədi  yaşasınlar, amma bu, onların heç birinə müyəssər olmadı... Əgər biz fikirləşə bilsək və dərindən düşünsək ki, bu, qısa bir ömür payıdır, Ulu Tanrı tərəfindən bizə verilib və hər birimiz  bu  canı verəcəyik, onda, bu qədər qırğınlar, davalar olmaz. Bu qədər günahsız qanlar tökülməz. Bu qədər cavanlar şəhid olmaz. Bu qədər analar övladsız qalmaz. Axı Qurani Kərimdə də buyurulur ki, “hər bir insan ölümün acısını dadacaq”. Bəs onda niyə insanlar pislik edir? Niyə bir-birinin canına qəsd edirlər?..

Mənim bununla bağlı bir şeirim də var. Və orada deyirəm ki, səni ilk tərk edən sevimli  adın olacaq. Çünki sən öləndən sonra heç kim gəlib demir ki, filankəs hardadır? Deyirlər “ cənazə hardadır? Cənazəni götürün buradan ora qoyun”. Və yaxud da ki, soruşurlar: “Meyid hardadır?” Bax, budur insan həyatı. Bizim hər birimizi də həmin ölüm və bizi tərk edən adımızın olduğunu bilməliyik və yadda saxlamalıyıq. Əgər bunu bilsək və yadda saxlasaq, onda yəqin ki, pislik etmərik. Onda  hər bir insan şərəfli yaşayıb, şərəfli də ölər.

Bacı. Bilirəm ki, mən bu sətirləri yazanda sənin ruhun mənim yanımdadır. Çünki sənin ruhun həmişə mənim yanımda olur və məni  sıxıntılı anlarımda  qoruyur. Bilirsən ki, hər gün evimdən çıxanda onunla xudafisləşirəm ki, ola bilər bu gün evə sağ  qayıda bilmərəm. Axşam da gələndə evimlə salamlaşıram və evimə  deyirəm  ki, “şükür,  sağ-salamat gəlmişəm”. Bilirəm ki, bu evi sənin kimi mələklər qoruyur. Bu həyatın fani olduğunu da bilirəm. Axı mən çox doğmalarımı itirmişəm. Atamı, anamı, səni və onlarca ən yaxınlarımı itirmişəm. Təki bunu hər bir insan belə də fikirləşsə, onda  insanların sağlığında qədrini bilər. Əgər belə olsa, bir gün gələr görərik ki, bir metr yerin altı, dünyanın o biri ucundan qat-qat uzaqdı. Axı bir metr yerin altına gedəcək insan. Bəli. Qəbr evinə gedəcək. O, ən yaxın, əziz insanının  yanında  olacaq, amma onu daha heç vaxt  görə  bilməyəcək.

Bəli, bəli. Dünyanın o basşına gedib çata biləcəksən, amma o bir metr yerin altına gedib öz  doğmanı, əzizini görə bilməyəcəksən. Ona görə də gərək doğmalarımızı, əzizlərimizi, ümumiyyətlə insanları sevək. Və zamanında onlara dəyər verək. Yaşadığımız hər günü həyatımızın son günü kimi fikirləşək. Hər bir insan bu əqidədə olmalıdır. Bu əqidə ilə yaşamalıdır. Gərək hər bir insan fikirləşməlidir ki, yatmaqda durmamaq da var. Getmək  də, dönməmək də  var. Axı heç kimin  Böyük Tanrı ilə müqaviləsi yoxdur ki, mən gedirm və sonra dönəcəm.  Və yaxud da yatıram,  duracam.  Nə qədər yuxusunda haqq dünyasına qovuşanlar var... Nə qədər gedib, evinə dönməyənlər var... Bax, bütün bunları hər bir insan fikirləşməlidir. Anlamalıdır. Dərk etməlidir.  Başa düşməlidir.

Bu fikirləri sən mənə öyrətmisən. Sən. Mənim  nakam  Südabə  bacım. Sən məni bu əqidə ilə yaşamağa həvəsləndirmisən. Yerin cənnətlik olsun ay bacım. Bilirəm ki, elə belədir. Dualar edirəm ki, həmişə cənnət məkanın olsun. Axı bu qısa ömründə sən heç kimi incitmədin. Hamıya arxa-dayaq oldun. Deyirlər ki, Böyük Yaradan sevdiklərini  öz yanına daha tez aparır. Mən buna inanıram. Çünki sən, Allahın ən sevimli bəndələrindən idin. Ona görə də Tanrı  səni mənim uşaq vaxtı həvəslə baxdığım həmin ulduzların yanına aparıb, bir ulduz elədi. Elə bir ulduz ki, hamımızın, bütün insanların  yoluna  işıq saçırsan. Axı bütün elimiz, obamız səni El anası bilirdi. Çünki sən həmişə hamının bütün xeyrində, şərində başda olurdun. Bütün kənd camaatı da sənə  güvənirdi. Səni özünə arxa, dayaq  bilirdi. Həmişə kənddə olanda, axşamlar göyə baxıram. Kəndimizin üstündə bir gur ulduz yanır. Mən bilirəm ki, həmin ulduz sənsən mənim Südabə bacım.

... Evimin eyvanında dayanıb, yenə  ulduzlara baxıram. Həmin ulduzların arasında səni axtarıram. Burada da bir gur ulduz görürəm. Bu vaxt beynimdən bir vaxtlar sənə həsr elədiyim  “ NİŞANƏSİZ  GEDƏN  QIZ” şeirim keçir və pıçıltı ilə onu deyirəm.  Bu pıçıltım dənizdən əsən mehə qarışıb göyə  qalxır və  elə bil sənə bir lay-lay deyir:

-Yenə fikrim dolaşıb,

Yenə halım qarışıb,

Yenə çıxıb getmişəm

Uşaqlıq illərimə.

Fikirlərim uzaqda,

Yenə ağlımdakı sən

Yenə sakit otaqda

Açıram pəncərəmi,

Yenə sən qəlbimdəsən.

Dənizin səsi gəlir,

Bu səs ilə birlikdə

İsti bir nəfəs gəlir.

Bir pıçıltı qarışır

Bu dənizin səsinə,

Bu səs sənin səsindi

Sanki bir isti nəfəs,

Dəyir  bu  an üzümə.

Bu sənin nəfəsindi,

Deyirsən, can ay bacı

Niyə fikirlisən sən,

Deyirəm bacın qurban,

Nə yaxşı ki, gəlmisən.

Gülümsəyib  baxırsan,

Sakit-sakit üzümə.

Gülüşünü gördükcə,

Qayıdıram özümə.

Arzular ümman-ümman,

Xəyallar karvanında.

Kaş bir dəfə, bircə yol,

Sən olaydın yanımda.

Gəl tutaq biz əl-ələ,

Qayıdaq kəndimizə.

Nə olar ki, ay bacı,

Bircə  yol da gəl bizə.

 

...Yenə axşam düşübdü

Yenə qaş qaralıbdır.

Yenə evimizdəyik,

Anam süfrə salıbdı.

Yığışmışıq bir yerə,

Ömrün xoşbəxt anıdı.

Atamın gül  balası,

Anamın gül balası.

Yadındamı uşaq vaxtı,

Ulduzları bölərdik.

Bu mənim, bu da sənin,

O da onun, deyərdik.

Çox sevərdim göyləri,

Uçmaq  istərdim  ora,

Deyərdim ki, kaş  məndə,

Çataydım  ulduzlara.

Sən deyərdin ay bacı,

“Elə demə nə olar,

Birdən uçan boşqablar,

Gəlib səni aparar”.

Məndə hərdən doğrusu,

Qorxardım bu sözlərdən,

Ürəyimdə sadəcə,

Arzulardım göyü mən.

Gəl mehribanım bacı.

Gəl tutum əllərindən,

Buraxmayım səni mən.

Gəl sarılım boynuna,

Gəl öpüm üz-gözündən.

Axı bir vaxtlar sən də,

Qucaqlayardın məni

Deyərdin  ki, istərəm,

İş adamı olasan,

Hamı tanısın səni.

Məndə deyərdim vallah

Sözün qurtarıb sənin.

Nəyimə lazımdırki,

Axı tanınmaq  mənim?

Eh, illər keçdi bacı,

Ömürdən çoxu getdi.

İş adamıda olduq,

Çoxu tanıdı bizi.

Amma sənsiz yaşadıq,

Heyf, bu ömrümüzü.

Sən mənim atam idin,

Sən mənim anam idin.

Bütün varlığın ilə,

Halıma yanan idin.

Rahat uyu məzarda,

Atamın yadigarı.

Nişanəsiz gedən qız,

Ömrümün ilk baharı.

Dualarımda sənə,

Hər gün pay ayırıb mən,

Allahın dərgahında,

Qəbula göndərirəm.

Rahat uyu, can bacı.

Məzarın nurla dolsun!

Hökm Allahın hökmüdür!

Yerin cənnətlik olsun!

Yerin cənnətlik olsun!

 

XURAMAN MURADOVA 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN