(Teatral yazılar silsiləsindən- esse)

"Azərbaycan xalqının bir çox nəsilləri teatr və kino ilə tərbiyələnib,  teatrın və kinonun təsiri altında formalaşıb, inkişaf edib. Böyük, ulu mədəniyyətə  qovuşubdur".

Heydər Əliyev

(Əvvəli "Təzadlar"ın ötən sayında)

 Teatrın umumittifaq səviyyəli ilk uğuru

...Həmin vaxtlar artıq Sovetlər Birliyində Dövlət səviyyəsində Uşaq və  Gənclər Teatrı çox idi. Bu teatrlar da uşaqların, yeniyetmələrin teatral böyüməsində, yüksək tərbiyə almasında, dərslərini yaxşı oxumasında və ən əsası da spirtli içkilər içməkdən uzaq olmasında, boş vaxtlarını mənalı keçirməsində çox böyük rol oynayırdı. Ona görə də SSRİ rəhbərliyi belə qarara gəldi ki, bu səpkili teatrların festivalını keçirsin və bu yolla onları daha çox təbliğ eləsin və tanıtsın.

 Beləliklə, 1940-cı ilin noyabr ayında  Azərbayvan Dövlət Gənc Tamaşaçılar Teatrı Moskvada keçirilən Sovet Uşaq Teatrlarının I Ümumittifaq baxışında iştirak edərək, Rusiya teatr ictimaiyyəti və digər ölkə nümayəndələri iştirakçıları tərəfindən böyük hərarətlə və maraqla  qarşılandı. Kollektiv bu nüfuzlu festivalda Sabit Rəhman və Adil İskəndərovun  “Partizan Məmməd”, Əliməmməd Atayev və Əhməd Əhmədovun  “Seyran”  pyesləri əsasında hazırlanmış tamaşalarını təqdim etdilər. Hər iki tamaşa böyük uğurla qarşılandı və teatra SSRİ rəhbərliyi tərəfindən mükafat verildi.

 1941-ci ildə Böyük Vətən Müharibəsi başladığına görə teatrlara nə ölkə rəhbərliyi, nə də xalq tərəfindən elə də böyük  maraq yox idi. Çünki “hər şey cəhbə üçün” şüarı ilə hamı gecə-gündüz çalışırdı ki, Sovetlər ölkəsi bu müharibədə qələbə çalsın. Amma teatr da öz işini davam etdirirdi və böyük vətənpərvərlik ruhlu tamaşalar hazırlayırdı. Yəni, onlar da hər bir tamaşasını böyük vətənpərvərlik, qəhrəmanlıq ruhunda hazırlayır və tamaşaçılarda  faşizmə nifrət oyadır, əsgərlərimizi qələbəyə ruhlandırırdı.

Sovetlər Birliyi bu müharibəni qələbə ilə başa vurandan  sonra teatrlara maraq artdı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında ən yaxşı tamaşalardan sayılan  “Fitnə”, “Qaraca qız”, “"Skapenin kələyi”,  “Polad necə bərkidi”,  “Hacı Qənbər”,  “Sevinc” kimi tamaşalar  öz profesionallığı ilə seçildi, sevildi. Tamaşaçıların marağına səbəb oldu.

Teatr artıq  1952-ci ili  özünün yeni binasında qarşıladı. Teatrın  1950-ci illərdəki fəaliyyətinə   nəzər salanda görürük ki, həmin illərdə xüsusilə, Yusif  Əzimzadənin "Anacan", "Aprel səhəri", Rauf İsmayılovun "İki həyat", Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ", Əyyub  Abbasovun "Aqil və Sərvinaz",  rus bölməsində isə "Pavlik Morozov", "Sombrero", "Valya Kotik", "Polad üzük" kimi tamaşaların səhnə taleyi  daha  uğurlu olub və tamaşaçıların maraqla baxdığı tamaşalar olublar.  Həm də bu tamaşalarda çoxlu aktyorlar, aktrisalar peşəkar kimi yetişib. Öz peşəkarlığını artırıb və tamaşaçıların sevimlisi olublar.

                     Teatrın iyirmi beş illik yubileyinin  böyük uğuru

1954-cü il fevralın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 25 illik yubileyi təntənəli surətdə qeyd olundu. Yubiley günlərində Azərbaycanda Uşaq və Gənclər  Teatrının yaranması və inkişafındakı xidmətlərinə görə Məhərrəm Haşımov, Əliağa Ağayev və Ağadadaş Qurbanov respublikanın  Xalq artisti, dramaturq Əyyub  Abbasov, rejissor Zəfər Nemətov, rəssam Nikolay Ovçinnikov Azərbaycan SSR Əməkdar incəsənət xadimi, rejissor Kərim  Həsənov, artistlərdən Məmmədağa Dadaşov, Yusif Dadaşov, Süleyman Ələsgərov, Cəvahir İskəndərova, Aleksey Lejnyov, A. Lızina isə Respulikanın Əməkdar  artisti fəxri adı ilə təltif olundular.  Onu da vurğulayım ki, Kərim Həsənovun quruluş verdiyi Nəcəf bəy Vəzirovun “Hacı Qənbər” tamaşası min beş yüz dəfədən çox oynanılıb və bu tanaşa ilə çoxlu aktyorlar, aktrisalar yetişib.  Onun quruluşunda Seyfəddin Dağlının, böyük dramaturq Cəfər Cabbarlıya həsr olunan “Aydınlığa doğru” tamaşası da çox maraqla qarşılanıb. Bu tamaşada Cəfər Cabbarlı rolunu  çox maraqla, peşəkarlıqla  oynayan həmin vaxt gənc olan Ağaxan Salmanlı tanınıb və məşhur olub.

İyirmi beş illik yubileydən sonra teatr özünün 26-cı mövsümünü 1954-cü il sentyabrın 10-da Cəfər Cabbarlının "Yaşar" pyesinin tamaşası ilə açdı. Bu tamaşa da  teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən  maraqla qarşılandı.

aqalar-genc

1955-ci ilin oktyabrında teatr ilk dəfə olaraq,  dünya şöhrətli  Uilyam Şekspirin yaradıcılığına müraciət edərək, böyük dramaturqun "İki veronalı" pyesini tamaşaya hazırladı. Bu tamaşa da maraqla qarşılandı.

Bildiyimiz kimi hər bir teatra yeni aktyor nəslinin gəlişi yaradıcılıq prosesinin, teatrda yeni ab-havanın yaranmasına təkan verir. Məhz 50-ci illərdə yeni aktyor nəslinin nümayəndələri  Əməkdar artist Məxfurə Yermakovanın, Firəngiz Şərifovanın, Osman Hacıbəyovun, Rəhilə Məlikovanın, İrina Vasilyevanın, Georqiy Sıqankovun, Tamara Razumovskayanın və başqalarının teatra gəlişi ilə kollektivdə bir canlanma yarandı.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının 60-cı illərdəki fəaliyyəti xüsusilə səmərəli olub  və  öz inkişafı prosesində ən məhsuldar dövr kimi qiymətləndirilir. Həmin dövrdə teatrın baş rejissoru işləyən, həssas pedaqoq, mahir təşkilatçı, Əməkdar incəsənət xadimi  Zəfər Nemətovun bu sahədəki işi xüsusilə fərqlənirdi. Onun baş rejissor olduğu çoxillik fəaliyyəti dövründə teatrda yeni dramaturq, aktyor, rejissor nəsli yetişmişdi. Həmin dövr bu teatr məhz Zəfər Nemətovun adı ilə bağlı olub və bu teatra “Zəfər teatrı”  deyiblər. Məhz o illərdə teatr ideya-bədii istiqamətində və pedaqoji sahədə yüksək səviyyəyə qalxa  bilib. O dövrdə xüsusilə, ailə və məktəb əlaqələrinin vəhdəti üçün teatrda əsaslı zəmin yaradıldı. Və teatr-valideyn-məktəb birliyi yaradıldı. Dramaturqlardan Rauf İsmayılovun  “İki həyat”,  “Son məktub”,  “Etibar”,  Yusif Əzimzadənin “Anacan”, “Nəsrəddin”, “Qonşular”, İskəndər Coşğunun “ Komsomol poeması”, “Ana laylası”, “Rüstəm və Söhrab”, Əfqan Əsgərovun  “O mənim oğlumdur", “Dağ seli” “Sarı əlcək”, Qeybulla Rəsulovun  "Əlvida, Hindistan", “Nəsillər”, “Gün aydın əlahəzrət”, Zeynal Xəlilin “Gənc ustalar”  əsərləri və başqa tamaşalar bilavasitə Zəfər Nemətovun rəhbərliyi, istedad və bacarığı, başqa rejissorlardan Kərim Həsənovun, Ulduz Rəfili-Əliyevanın  da istedadı  sayəsində sənət nümunəsinə çevrililə  bildi. Həm də bu səhnə əsərləri tamaşaçıların böyük həvəslə baxdığı əsərlər oldu. Teatr bu tamaşaları ilə respublikanın rayonlarına, qonşu respublikalara qastol səfərlərinə gedir və orada da maraqla qarşılanırdı.

Həmin dövrdə  Əminə Yusifqızı, Solmaz Qurbanova, Firdovsi Naibov, Zərnişan Fətəliyeva, Sona Babayeva, Həsən Əbluc, Nazim İbrahimov, Tariel Qasımov,  Ağaxan Salmanlı, Rahib Əliyev, Zirəddin Tağıyev, Mirzəbala Məlikov, Məmməd Əlizadə, Əlizaman Qasımov, Nadir Hüseynov, Əliheydər Həsənzadə, Rüxsarə Ağayeva, Əhməd Rumski,  Viktor Semerenko, İvetta Ryabova, Arnold Xarçenko, Nelli Məmmədova, Tatyana Xaritonova və başqaları məhz Zəfər Nemətovun rejissor- pedaqoq kimi yetişdirdiyi istedadlı aktyorlar olaraq bir çox sənət uğurlarına imza atırdılar. Hətta Üzeyr Hacıbəyovun eyni adlı pyesi əsasında çəkilən  “O olmasın bu olsun” məşhur kinofilmində Hanbal rolunu  oynayan Əhməd Rumski teatrda  təkcə aktyor kimi çalışmır, həm də maraqlı pyeslər yazırdı və bu pyeslər teatrda tamaşaya qoyulurdu. Özü də bu kinofilmdə Məşədi İbad rolunun ifaçısı Əliağa Ağayev və Hambal rolunun ifaçısı Əhmər Rumski Dövlət Gənc Tamaşaçılar Teatrının  aparıcı  aktyorları idilər. Artıq həmin kinofilmdən sonra Əliağa Ağayevi və Əhməd Rumskini teatr tamaşalrında canlı görmək üçün teatra daha çox tamaşaçılar gəlməyə başladı.

1967-ci ildə ilk dəfə təsis olunan  Respublika Lenin komsomolu mükafatı laureatı adına Səməd Vurğunun eyni adlı poeması əsasında İsgəndər Coğqunun yazdığı  “Komsomol poeması” tamaşasının bir qrup yaracıdıcı heyyəti - quruluşçu rejissor Zəfər Nemətov, rəssam Altay Səidov, aktyorlardan Yusif Vəliyev, Hüseynağa Sadıxov, Süleyman Ələsgərov, Osman Hacıbəyov, bəstəkar Fikrət Əmirov və dramaturq İskəndər Coşqun layiq görüldülər. Bu  mükafat da teatr kollektivini daha yaxşı işləməyə, daha maraqlı tamaşalar hazırlamağa ruhlandırdı.

   ( Ardı gələn sayımızda)

   Ağalar İDRİSOĞLU,

      yazıçı-rejissor,

Əməkdar incəsənət xadimi,

Azərbaycan Dövlət  Milli Gənc Tamaşaçılar Teatrın quruluşçu rejissoru

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN