...Erməni vandalizmi beynəlxalq cinayət maşınında sərhəd tanımır... Belə ki, Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altında qalan torpaqlarda dəfn edilmiş əzizlərinin məzarlarının həsrətilə göz yaşları tökürlər... Bu barədə "Təzadlar"a daxil olmuş bu həyəcan dolu yazını təqdim edirik:
-...Aylarla erməni blokadasında yaşayan xocalılar son anadək düşmənlərə qarşı layiqli mübarizə apardılar. Ancaq mənfur qonşularımız havadarlarının köməyinə arxalanaraq 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda bənzəri görünməmiş soyqırım aktı törətdilər. Quduzlaşmış erməni quldurları 366-cı motoatıcı alayın ağır texnikaları ilə dinc sakinləri atəşə tutaraq qocalara, qadınlara, körpələrə aman vermədilər. Qarlı, şaxtalı qış gecəsində meşələrə, çöllərə pərən-pərən olan insanların qarşısını kəsərək onları əsir götürdülər, dözülməz işgəncələrlə qətlə yetirdilər. O müdhiş gecədən salamat çıxa bilən Xocalı sakinləri Ağdamda Cümə məscidininin önündə doğmalarından, qohum-əqrabalarından xəbər almaq üçün gözləyirdilər. Ağdamın Cümə məscidinə gətirilən yüzdən artıq Xocalı şəhidləri Ağdamın Şəhidlər Xiyabanında və “Uzundərə” qəbiristanlığında dəfn edildilər. Müharibə və köçkünlük şəraitində qəbir daşı qoymağa macal olmadığı üçün şəhidlərimizin yaxınları onları yalnız sıralarına və nişanələrinə görə tanıya bilirdilər. Ancaq ermənilərin torpaqlarımıza təcavüzü davam etdi. Azğınlaşmış düşmən Ağdamı da işğal planına sala bildi.
Başı müsibətlər çəkmiş xocalılar qaysaq bağlamayan yaraları ilə köçkünlük illərində Xocalının meşələrində, çöllərində qalmış və Ağdamda dəfn edilmiş şəhidlərimiz üçün Xocalı soyqırımı abidələrini ziyarət edərək göz yaşı tökdülər. İtkin düşmüş, meşələrdə, çöllərdə şəhid olmuş doğmalarının ruhlarına Xocalı soyqırımı abidələri önündə dualar oxumaqla az da olsa rahatlıq tapa bildilər. Ancaq hər kəsdə ümid var idi ki, tezliklə torpaqlarımızı düşmən tapdağından azad edəcəyik, qisasımızı alacağıq və şəhidlərimizin ruhlarının dolaşdığı torpaqlara qovuşacağıq. Vətən Müharibəsində Xocalı cəlladlarının da məhv edilməsi ilə bu arzumuza, amalımıza yaxınlaşdıq. Zəfər gününü qürur hissi ilə qeyd edən xocalılar ilk öncə Xocalı soyqırımı abidələrini ziyarət edərək bu dəfə şəhidlərimizin ruhlarına qələbə müjdəsini çatdırmağa tələsdilər.
Şükürlər olsun ki, bu gün azad olunmuş torpaqlarımıza səfərlər təşkil edilir, həmvətənlərimiz doğma dədə-baba torpaqlarını ziyarət edirlər. Belə səfərlərdən biri oktyabr ayının 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bir qrup Xocalı sakininin Ağdamın Şəhidlər Xiyabanına ziyarət etməsi oldu. Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni Yaşayış massivindən yola çıxan avtobusda yer alan xocalılar işğaldan azad olunmuş torpaqlarımıza qayıtmağın həyəcanını yaşayır, eyni zamanda doğmalarının viran edilmiş qəbirlərini tapa biləcəyi ümidini özlərində saxlayırdılar.
Bu müqəddəs səfərə çıxdıqları üçün sevinc hissi keçirən hər kəs yaxşı bilir ki, doğma torpaq həsrətilə nə qədər insan vaxtsız-vədəsiz dünyasını dəyişdi. Yol boyu dağıdılmış, talan olunmuş yurd yerlərimizi seyr etmək çox ağrılı idi. Yolçular arasında tanınmaz hala düşən kəndlərin adlarının müəyyənləşdirilməsi üçün arabir kiçik mübahisə düşür, erməni vandalları lənətlənir, bir-birinə xarabalığa döndərilmiş evləri göstərərək Xocalılı, Ağdamlı xatirələrindən və döyüş yollarından söhbət açırdılar. Xocalılar üçün Ağdam da Xocalının özü qədər doğma, əziz və müqəddəsdir. Çünki Ağdam torpağında yüzlərlə Xocalı şəhidi uyuyur. Şanlı Ordumuzun hünərini, Müzəffər Ali Baş Komandanımızın qətiyyətini mədh edən ziyarətçilər şəhidlərimizin ruhlarına dualar oxuya-oxuya nəhayət Ağdamın Şəhidlər Xiyabanına çatdılar.
Ağdam torpağına ayaq basan xocalılar bir gözü Xocalıya tərəf asıla-asıla qəbirlərə yaxınlaşdılar. Təbii ki, onlar burada dəfn edilmiş şəhidlərimizin və Kətik dağında, Xocalı çöllərində məzarsız qalmış şəhidlərimizin ruhlarına ilk dəfədir ki, bu qədər yaxın olurdular. Dağıdılan qəbirləri tanımaq olduqca çətindir. Bəziləri doğmalarından nişanələr tapsalar da, sonradan tərəddüd edir, yanlışlığa yol verməkdən çəkinirdilər. Sağa-sola gedən izdiham içində səslər eşidilir: “Bax, Zöhrənin qəbri bu olmalıdır... Amma, deyəsən qəbrin başı tərəfində ağac əkilməmişdi...”, digər sakinimiz torpağın içindən bir bəzəkli qırmızı qotazı taparaq “Bu qotazı tanıyıram, öz əlimlə toxuyub qardaşımın nişanəsinə bağlamışdım, amma ola bilsin ki, külək götürüb bu səmtə gətirib, yanıla da bilərəm” deyir.
Bəziləri tam əmin olmasa da, doğmalarının dəfn edildiyi qəbirləri müəyyənləşdirə bildilər. Ancaq qəbirlərin yerlərini xatırlaya və tanıya bilməyənlər də oldu. Axırda belə nəticəyə gəlindi ki, burada bütün qəbirlər doğma və əzizdir. Qəbirlərin kimə aid olduğunu tam dəqiqləşdirmək üçün DNT testi edilməsi vacibdir. Əgər yanılırıqsa, şəhidlərimizin ruhları bizi yəqin ki, bağışlayar. Necə ki, onları illərdir düşmən tapdağında qoyduğumuzu, ziyarətlərinə gəlmədiyimizi bağışladıqları kimi...
Sonda Xocalı sakinləri Ağdam Cümə məscidinə gələrək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhuna dualar oxudular. Nikbin əhval-ruhiyyə ilə yekunlaşan ziyarətdə xocalıların qeyrət rəmzi, şəhidlərimizin cənnət guşəsi olan Xocalıya qayıdacaqlarına olan inamı, qələbə ruhu daha da artdı.
Qalib BƏYMƏMMƏDOĞLU,
"Xocalının səsi" qəzetinin redaktoru
"Təzadlar"dan: ən dəhşətli mənzərə budur ki, insanlar indi düçməndən azad edilmiş yurdunun deyil, vaxtilə ölülərinin basdırıldığı torpağın coğrafiyasında başını iririb... Allah, sən özün bu dəhşətə təsəlli ver!!!
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN