Hesabatın 36-cı səhifəsi bütünlüklə Azərbaycana və Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının sədri Salih KURT-a həsr edilib…

 ABŞ bu yaxınlarda 40 ölkədə qəbul edilən 64 səhifəlik beynəlxalq hesabatını yayımlayıb. Diqqəti çəkən isə budur ki, hesabatın 36-cı səhifəsi bütünlüklə Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının (KASSAK) sədri Salih KURT-a, Azərbaycana, Ermənistanın işğalçılıq siyasətinə həsr edilib. Bu barədə «Təzadlar»a məlumat verən KASSAK sədri Salih Kurt həmin hesabatı redaksiyamıza göndərmişdir. Məlumat üçün bildirək ki, KASSAK-ın sıralarında 40-a yaxın ölkədən tanınmış ekspertlər və hərbi mütəxəssislər, istefada olan generallar, sabiq səfirlər-diplomatlar, hüquqşünaslar vardır. Azərbaycana gəlincə, Professor, hüquq elmləri doktoru İlham Rəhimov başda olmaqla, tanınmış hüquqşünas Adil Minbaşı, «Təzadlar»ın baş redaktoru Asif Mərzili, araşdırmaçı jurnalist Yasəmən Məmmədli və başqaları vardır. 

***

Hesabatla bağlı digər bir məqamı da qeyd etmək yerinə düşər: Almaniya kəşfiyyatının rəhbəri Tomas Pantelic və ABŞ-ın sözçüsü Heather Nauert KASSAK sədri Salih KURT ilə görüşmək istədikləri ifadə ediblər. Salih KURT isə səhhətində yaranmış problemlərə görə görüşün bir müddət sonraya saxlanılmasını xahiş edib.

Xatırladırıq ki, Dünya Türk Jurnalistləri Cəmiyyətinin prezidenti və KASSAK-ın sədri Salih Kurt Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının düçar olduğu ağrısını və əzablarını yaxından hiss edərək, bu ilin əvvəllərində komissiyanı yaradaraq, özü və komissiya üzərinə bir hədəf seçmişdir: ermənilərin Qarabağda törətdiyi cinayətləri barədə dünya ictimaiyyətinə, dünyanın nüfuzlu təşkilatlarına, siyasi rəhbərliyinə ətraflı məlumat vermək, bütün bu vəhşilikləri bəşəriyyətə çatdırmaq!!!

***

Hesabatın Azərbaycana aid bölümü «Azərbaycanla Türkiyənin birlikdə yaratdığı KASSAK (Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyası) komissiyası Ermənistanın Qarabağda hərbi cinayətlərini araşdıracaq» başlığı ilə verilmişdir. Hesabatda yazılır ki, «Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç aprelin 30 -da Trend -ə bildirib ki, Ermənistanın Qarabağdakı hərbi cinayətlərini araşdırmaq üçün Azərbaycan və Türkiyə arasında birgə komissiya yaradılıb.

Kılıçın sözlərinə görə, komissiyaya 30-dan çox ölkədən nümayəndə daxildir və yaxın günlərdə araşdırmalara başlanılacaq.

“Komissiya Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin təklifi, Türk Dünyası Yazarlar Birliyinin rəhbəri Salih Kurt və Azərbaycan Xalq Cümhuriyyəti Birliyinin baş direktorunun təşəbbüsü, İslam dövlətləri alimlərinin təşkilatçılığı ilə yaradılıb», -deyə professor Bayram Altan bildirib.

"Komissiya İkinci Qarabağ müharibəsi zamanı (sentyabrın sonundan noyabrın əvvəlinə kimi) Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətləri araşdıracaq", -deyə diplomat Hulusu Kılıç qeyd edib. "Məlumdur ki, müharibə zamanı Ermənistan Silahlı Qüvvələri Gəncə və Bərdə şəhərlərinə qadağan olunmuş silahlarla raket zərbələri endirmiş və nəticədə mülki şəxslər həlak olmuşdur. Komissiyanın fəaliyyəti Ermənistanın işğalçı siyasətini beynəlxalq ictimaiyyətə göstərmək məqsədi daşıyır”.

O əlavə edib ki, komissiyanın işində alimlərin və din xadimlərinin iştirakı da nəzərdə tutulub. “Onlar Qarabağ bölgəsində məscid və abidələrə dəymiş ziyanı öyrənəcəklər”, - deyə Kılıç yekunlaşdırıb.

 Hesabatın «Bakı Avropa İnsan Haqları komissarını İrəvanı mina xəritələrini təqdim etməyə çağırıb» yarımbaşlığında isə bildirilir ki, «Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili Dunya Miyatoviçi Ermənistanı ölkənin işğaldan azad edilmiş ərazilərində minalanmış sahələrin xəritələrini təqdim etməyə çağırıb», Ombudsman Aparatı aprelin 30-da bildirib. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən Qarabağ sülh sazişi imzalanandan bəri işğaldan azad edilmiş torpaqlarda mina partlayışları nəticəsində 21 Azərbaycan vətəndaşı, o cümlədən 14 mülki şəxs həlak olub, 87 vətəndaş, 16 mülki şəxs yaralanıb. Hesabatın «Mina xəritələri» bölümündə yazılır ki, Miyatoviçə ünvanladığı məktubda Əliyeva deyib: "Mən qərəzsiz bir qurum rəhbəri kimi sizdən xahiş etmək istərdim ki, Ermənistanı Azərbaycana mina sahələrinin xəritələri ilə təmin etməyə və insan hüquqlarının pozulmasına son qoymağa çağırasınız. Sizinlə sıx əməkdaşlığı səbirsizliklə gözləyirəm. Ədalət və qərəzsizlik işığında insan hüquqlarının müdafiəsi və təşviqi aparatı-Ombudsmanlıq”.

Hüquq müvəkkili bildirib ki, işğal dövründə Ermənistanın yerləşdirdiyi Azərbaycan ərazilərində hələ də yüz minlərlə işarəsiz mina qalıb.

"İndiyədək bu minalara görə onlarla mülki şəxs həlak olub və ya ağır yaralanıb. Biz bu məsələni dəfələrlə aidiyyəti beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq və hələ də onların cavabını gözləyirik ki, daha çox insan tələfatının qarşısını almaq üçün Ermənistana bu minaların xəritələrini təqdim etməyi tələb etsinlər".

Hesabatda xüsusi olaraq vurğulanır ki, «…Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Ermənistanın mina xəritələrini təqdim etməməsini azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasında əsas çətinlik kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, Ermənistanın növbəti hərbi cinayətidir, belə ki, müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə mina partlaması nəticəsində bir neçə hərbçi və çoxsaylı mülki şəxs həlak olub».

Hesabatın «İnsan hüquqlarının kobud surətdə pozulması» bölümündə yazılır: «…Ombudsman S.Əliyeva vurğulayıb ki, ölkənin Ombudsman təsisatı yarandığı gündən öz doğma yurdlarına qayıda bilməyən və Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur olan azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması ilə bağlı dəfələrlə Avropa Şurasının insan hüquqları üzrə komissarını məlumatlandırıb. “Bildiyiniz kimi, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişlə Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyulub. 30 ilə yaxındır davam edən bu münaqişə ucbatından 20 faiz Azərbaycan ərazisi Ermənistanın işğalı altında olub və bir milyondan çox azərbaycanlı böyük humanitar faciələrlə üzləşərək məcburi köçkün vəziyyətinə düşüb”. Hüquq müdafiəçisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan torpaqlarının işğalı açıq-aydın göstərilib və pislənilib, çoxlu sayda mülki əhalinin Azərbaycanda didərgin düşməsindən ciddi narahatlıq ifadə olunub. "Bu sənədlərdə bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması tələb olunurdu və müvafiq beynəlxalq qurumlardan məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmalarına köməklik göstərilməsi tələb olunurdu. Buna baxmayaraq, biz sizin tərəfinizdən heç bir cəhdin şahidi olmadıq. Ermənistan hakimiyyətini qeyd olunan qətnamələri yerinə yetirməyə və məcburi köçkünlərin öz evlərinə qayıtmasına kömək etməyə çağırmağınızı xahiş edirik».

S.Əliyeva onu da vurğulayıb ki, «…hətta Avropa İnsan Hüquqları Məhkəməsi də “Çıraqov və başqaları Ermənistana qarşı” qərarında Ermənistanın münaqişə zamanı qaçmağa məcbur olmuş azərbaycanlılar qarşısında öhdəliklərini xatırladıb. "Məhkəmə vurğulayır ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan və Ermənistanın dəstəklədiyi qoşunlar azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının qarşısını alır. Biz dəfələrlə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətini diqqətinizə çatdırmışıq. 6 ildir ki, Ermənistanın əsirliyindədirlər. Onlar öz vətənlərinə səfər edərkən Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-qanuni olaraq girov götürülüb, işgəncələrə və pis rəftara məruz qalıblar. Biz bununla bağlı bəyanatlar və hesabatlar vermiş, bütün aidiyyatı beynəlxalq insan haqları təşkilatlarına göndərmişik. Ofisiniz də daxil olmaqla. Amma təəssüf ki, sizin tərəfinizdən bu işlə bağlı heç bir cavab almadıq».

Azərbaycanın ombudsmanı qeyd edib ki, Azərbaycanın işğaldan azad edilməsi istiqamətində aparılan əks-hücum əməliyyatları zamanı o, yuxarıda qeyd olunan beynəlxalq sənədlərə uyğun olaraq işğal olunmuş ərazilərdə Ermənistanın raket hücumlarına məruz qalan yaşayış məntəqələrində bir neçə faktaraşdırıcı missiyalar aparmış və nəticələrə əsasən 7 tematik məruzə dərc etmişdir. O, qeyd edib ki, həmin hesabatlarda Azərbaycanda yüzlərlə mülki vətəndaşın itkisinə səbəb olan qadağan olunmuş hərbi sursatlardan istifadə olunmaqla açıq-aşkar hücumlar öz əksini tapıb. Səbinə Əliyeva Gəncə və Bərdədə, eləcə də müharibə zonasından uzaqda yerləşən digər şəhər və rayonlarda əhalinin sıx məskunlaşdığı ərazilərin atəşə tutulması nəticəsində günahsız dinc əhalinin həlak olduğunu xatırladıb. "Həmin hücumlar açıq-aydın müharibə cinayətləri təşkil edir. Yuxarıda qeyd olunan hesabatlar sizin Ofisinizlə yanaşı, bütün müvafiq beynəlxalq insan haqları təşkilatlarına da göndərilib. Amma təəssüflər olsun ki, bu insan haqları və humanitar qanun pozuntularına sizin tərəfinizdən bir daha reaksiya verilmədiyinin şahidi olduq".

 

Hüquq müdafiəçisi əlavə edib ki, insan haqlarının pozulmasına uzun müddət susqunluq, Ermənistanın beynəlxalq hüququ həyata keçirmək istəməməsi, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik “günahkarları cəsarətləndirir və insan hüquqlarının növbəti dəfə pozulmasına gətirib çıxarır”. O, 30 ilə yaxındır davam edən işğalı və ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinə açıq-aşkar hörmətsizliyi oxşar münasibətin bariz nəticəsi kimi qiymətləndirib. “Mən belə hesab edirəm ki, siz Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı kimi işğalçılıq və dözümsüzlük siyasətinin təhlükələrini xatırladan dərs kimi gələcək nəsillər üçün yaradılan hərbi kubok parkından deyil, öz təəssüfünüzü bildirməlisiniz. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yüzlərlə tarixi abidəyə, onlarla muzeyə, məscidə, mədəni irsə qarşı törədilən dağıdıcılıq, talan və vandalizm aktlarını pisləyir və pisləyirik”, - deyə Əliyeva bildirib».

Bir daha xatırladırıq ki, ABŞ bu yaxınlarda 40 ölkədə qəbul edilən 64 səhifəlik beynəlxalq hesabatını yayımlayıb. Hesabatın 36-cı səhifəsi bütünlüklə Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasına (KASSAK), Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və bu siyasətin acı nəticələrinə həsr edilib.

Asif Mərzili

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN