Bəlkə sayın Ərdoğan «AZAL»ın türkiyəli sərnişinlərə yaşatdıqlarının acığını onun bığlarından çıxmaq istəyirmiş???

Sragagün Türkiyə Prezidenti Azərbaycana, daha dəqiq desək, Qarabağa -Füzuli Beynəlxalq aeroportuna eniş etdi. Burada adı çəkilən aeroportun açılışı oldu… Sonra Zəngilan-Zəngəzur-Türkiyə beynəlxalq avtomobil yolunun təməlqoyma törənində iştirak edərək xeyir-dua verdi.

 Bunlar Azərbaycan və Türkiyə tarixində yeni bir şanlı səhifə idi… Və elə bu şanlı səhifələrin yazıldığı məqamda indi Azərbaycanda böyük müzakirə mövzusu olan bir məsələ yaşandı. Belə ki, Türkiyə Prezidenti beynəlxalq aeroportun açılış mərasimində qırmızı lenti kəsərkən ona aeroportun simvolik açarı təqdim edildi. Açarı təqdim edən isə bizim «AZAL»ın əbədi və əzəli prezidenti Cahangir Əsgərov idi. Həmin an sayın Ərdoğan üzünü Prezident İlham Əliyevə tutaraq "Bunun bığı vardı, indi yoxdur", - deyə zarafat edir. Həmin dialoqu təqdim edirik:

Ərdoğan: - Bunun bığı vardı, indi yoxdur.

İlham Əliyev: - Tökülüb....

Cahangir Əsgərov: - Yaşlandıq, töküldü... Zəngilanda olacaq…

(video-görüntünü də təqdim edirik).

İndi gələk zarafatın mahiyyətinə: deməli, Türkiyə və Azərbaycan prezidentləri və «AZAL»-ın baş direktoru Cahangir Əsgərov arasında olan həmin zarafat və yumor qarışıq söhbət belə qaynaqlandı: Prezident Ərdoğan Füzuli Beynəlxalq Hava Limanına enən kimi, bir bığsız kişi ona tərəf gələrək aeroportun rəmzi açarını təqdim edir. O da üzünü Prezident İlham Əliyevə tutaraq  təəccüblənir ki, bu kimdir? Qəflətən Cahangir Əsgərovu tanıyır. Təəccübü bir az da artı rvə deyir, axı, bunun bığı vardı, necə oldu? Yəni, hara qeyb oldu??? Azərbaycan prezidenti də gülümsəyərək “Töküldü”, -deyir. Cahangir Əsgərov da bunu dərhal təsdiqləyir ki, yaşlanıb, ona görə də bığı tökülüb, yoxa çıxıb… Ancaq söz verir ki, Zəngilanda olacaq. Yəni, Zəngilan Hava Limanının açılışında…

Sosial mediada bu bığ məsələsi çox hallandırılmaqdadır, hətta müxtəlif nümunələr gətirilərək müzakirələr açılmaqdadır. Amma dünyanın bığ muzeyinə baş vurub bığın məna və mahiyyətini araşdıraraq bu qənaətə gəldim ki, axı, hörmətli Ərdoğanın hardan ağlına gəldi bu bığ məsələsi? Əslində, hesab edirəm ki, o, Cahangir Əsgərovu əvvəldən tanıyırdı, amma qəsdən özünü tanınmazlığa vurdu. «AZAL»ın adı Türkiyədə də ən bahalı uçuş nəqliyyat vasitəsinə rəhbərlik edən şirkət və monopolist kimi tanınır. Dövlət hesabına bu qədər təyyarələr alınır, amma yenə də qazancı hara axır, bilinmir. Hətta bir müddət əvvəl Prezident İlham Əliyev də ona ciddi tənqidini çatdırmış, özünü süni müflis göstərməkdən çəkinməyi tövsiyyə etmişdi… Çünki «AZAL»  məqam düşən kimi qiymətləri qaldırır, fürsətdən bəhrələnir, sərnişinlərin başına turp əkir… Bəlkə də sayın Ərdoğan «AZAL»ın türkiyəli sərnişinlərə yaşatdıqlarının acığını onun bığlarından çıxmaq istəyirmiş… Hər şey ola bilər… Yoxsa, o boyda prezidentin nəyinə lazım idi Əsgərovun bığı?! Düz demirəm?!

A.Məmmədli

P.S.Amma insaf da dinin yarısıdır, bu kişinin nə vaxt bığı olub ki?!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN