News.am erməni saytının yaydığı xəbərə görə, iyunun 13-də "Ermənistan" blokundan Baş nazir vəzifəsinə namizəd, Ermənistanın 2-ci prezidenti Robert Koçaryan Tavuş vilayətinin Berde şəhərində seçkiqabağı təşviqat zamanı necə deyərlər, basıb-bağlayıb, Ermənistanı Qafqazın pələngi adlandırıb “Dünya Bankı mənim prezidentliyim dövründə Ermənistanı Zaqafqaziya pələngi adlandırmışdı. Biz bunu bir dəfə etmişik və bunu təkrar etməyə hazırıq”.

O xatırladıb ki, o dövrdə Ermənistan iqtisadiyyatı o qədər inkişaf edib ki, hətta Dünya Bankı onu pələngə bənzədib. İndi seçicilər ona səs versə və o Baş nazir olsa, bu pələng titulunu qaytara bilər:"Təkrarlaya bilərik. Bunun üçün bizim müvafiq təcrübəmiz və kadr resursumuz var”.

Qısaca bir araşdırma aparaq və  Ermənistan iqtisadiyyatınınn necə “pələng” olduğunu, onu bu həddə çatdıran Köçəryanın “təcrübəsini” aydınlaşdıraq.

Hamımıza məlumdur ki, Ermənistan hələ sovetlər dönəmində dotasiya ilə yaşayıb.Çünki, təbii sərvətləri olmayan bir ölkənin iqtisadiyyatının inkişaf etməsi iqtisadiyyat qanunları ilə üst-üstə düşmür. Bu o vaxtlar idi. İndi isə gələk son dövrlərə.

 Ermənistanın bütün sahələrdə son durumu ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyevin "Ermənistan iqtisadiyyatının təhlili" mövzusunda hazırladığı hesabatda ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Ermənistanda 2009-cu ildə dünya maliyyə və iqtisadi böhranının nəticələri kifayət qədər təsirli olmuş, ümumi daxili məhsul (ÜDM) real ifadədə 14,1 faiz, nominal ifadədə 3 milyard ABŞ dolları həcmində azalmışdır. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın ÜDM-ə faiz nisbəti 2008-ci ildəki 40,8 faizdən, 2009-cu ildə 34,7 faizə qədər düşmüş və sonrakı illərdə azalma davamlı xarakter daşımış, dramın devalvasiyası baş vermişdir. 2010-cu ildə ÜDM-in artım tempi 2,2 faiz, 2011-ci ildə 4,7 faiz, 2012-ci ildə 7,2 faiz təşkil etmişdir. Beləliklə, Ermənistan iqtisadiyyatı yalnız 2012-ci ilin sonunda böhrandan əvvəlki səviyyəsini çətinliklə bərpa etmişdir.

Beynəlxalq Valyuta Fondunun (BVF) 2012-ci ilin noyabr ayında dərc edilən "Qafqaz və Mərkəzi Asiya" hesabatında haqqında danışılan bölgələr üzrə ən böyük qeyri-rəsmi iqtisadiyyatın səviyyəsi Ermənistanda göstərilmişdir. Bu rəqəm ÜDM-in 35 faiz nisbətində ölçülür.

Bu gün Ermənistanda demoqrafiya problemi artaraq daha gərgin mərhələsinə qədəm qoymaqdadır. Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.

ABŞ-ın Ermənistana maliyyə yardımları və diaspordan gələn pullar

Ermənistan müstəqilliyini əldə etdikdən sonra, ABŞ daim bu ölkəyə “cəmiyyətin demokratikləşməsi” və s. kimi proqramlarının həyata keçirilməsi bəhanəsi ilə ciddi maliyyə yardımı göstərir. Tək 2000-ci ildə ABŞ-ın Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil edib.Ümumilikdə isə, bu yardımın bir neçə milyard dollar olduğu deyilir.

Xaricdə yaşayan erməni diasporu Ermənistana hər il 2 milyard dollar pul göndərir.

Gələk “pələng” dövrünün pələnginə-Robert Koçaryana.

 Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu. Robert Koçaryan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaqda ittiham olunur.

 Əli öz xalqının qanına batması ilə yanaşı, Koçaryan Ermənistan iqtisadiyyatının xarici dövlətdən asılı vəziyyətə salınmasında başlıca rol oynayıb. Hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə Ermənistanın borcunu ödəmək məqsədilə Rusiyaya verilib. Bununla ölkənin Rusiyadan asılılığı daha da güclənib.

Ermənistanın talan olunmasında da Koçaryan müstəsna rol oynayıb. Bu ölkə KİV-lərinin yaydığı analitik yazılarda bildirilib ki, Robert Koçaryan və Serj Sarqsyan prezidentlikləri dövründə dövlətdən 20-30 milyard dollar oğurlayıblar. Qeyd olunub ki, təkcə bir bankda Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın 30 milyon dolları aşkarlanıb. Robert Koçaryanın isə “Konqres”' mehmanxanasında 6 milyon dollar rüşvət alması faktı Ermənistan ictimaiyyətinə bəllidir. Bundan başqa, Rusiyadakı erməni oliqarxlar da Koçaryana maliyyə yardımı edirlər. Qeyd edək ki, o, 4,2 milyon dollar girov qarşılığında zaminə buraxılmışdı. Həmin məbləği Rusiyadakı erməni iş adamlarının verdiyi də sirr və şaiyə deyil.

Hələlik isə, Sarqsyan,Koçaryan,Paşinyan qarşıdurması davam edir, onlar bir-birilərini gah dovşan,gah axmaq adlandırırlar.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN