…Bu gün Zəngəzur dəhlizi məsələsi artıq Azərbaycandan daha çox qonşu dövlətlərin müzakirə mövzusudur.

Bu dəhlizin istifadəsi ilə bölgədə iqtisadi reallıq da dəyişmiş olacaq. Baxmayaraq ki, Azərbaycanda bəzi məlumatsızlar Zəngəzur dəhlizinin mahiyyətini anlamırlar və ortaya yalnış düşüncə məhsulunu qoyurlar…

Yeri gəlmişkən, Avropada yaşayan tanınmış araşdırmaçı jurnalist Elbəyi Həsənli bu məsələ ilə bağlı maraqlı status paylaşıb. Yazır: «…Zəngəzur dəhlizi ilə bağlı tez-tez yazıram. Mənim düşüncəmə görə, hazırda Azərbaycan və Türkiyənin qarşısında duran əsas strateji məsələ bu dəhlizin açılmasına nail olmaqdan ibarətdir. Yəni, bu dəhliz hər iki ölkə üçün həyati əhəmiyyət daşıyır. Bilirəm, bəzi dostlarımız and-aman edir ki, Zəngəzur dəhlizi məsələsi boş şeydir. İqtidar bu məsələni ona görə ortaya atıb ki, Qarabağdakı uğursuzluqlarını ört-basdır etsin. və. s. Bunu qeyri-ciddi və qərəzli yanaşma hesab edirəm. Mən qarabağlıyam. Bu və ya digər məsələyə bölgə müstəvisindən baxanları dövlətimiz üçün real təhlükə mənbəyi hesab edirəm. Millətimizin ən böyük bəlalarından biri də regionçuluq xəstəliyidir. Biz Ermənistan-Azərbaycan münasibətlərinə dövlət maraqlarımız müstəvisindən baxmalıyıq. Bu kimi məsələlərə regional və ya müxalif yanaşma vətənə xəyanət kimi bir şeydir. Bəllidir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını istəmir. Nikol Paşinyanın bu məsələdə dirəniş göstərməsi Ermənistanda mövcud olan siyasi reallıqlara bağlıdır. Paşinyan hesab edir ki, Zəngəzur dəhlizinə razılıq versə, müxalifət onu istefa verməyə vadar edə bilər. Biz də bilirik ki, bu, Nikol iqtidarı üçün həqiqətən də real təhlükədir. Yəni, bizim müxalifətin “boş şey” dediyi məsələyə görə Ermənistanda iqtidar dəyişikliyi baş verə bilər. Xatırladım ki, bu “boş şey”ə görə İran Azərbaycanla müharibənin bir addımlığına qədər gəlib çıxdı. Təəssüf ki, bizim müxalifət bu kimi qabarıq faktları inkar etməkdə elə bir qəbahət görmür... Dediyim kimi, Ermənistan Zəngəzur dəhlizi məsələsinin müsbət həllinə qətiyyən maraq göstərmir. Ermənistanı buna məcbur etmək üçün nə etmək lazımdır? Bu barədə də yazmışdım: 1) Qazax rayonunun 7 kəndinin hərbi yolla geri alınması üçün hərəkətə keçmək gərəkir. 2) Laçın dəhlizinin bağlanması üçün ciddi addımlar atılmalıdır. Azərbaycan daha nə edə bilər? Düşünürəm ki, Zəngəzur dəhlizinə paralel olan başqa bir dəhlizin İran üzərindən keçməsi üçün rəsmi Tehranla danışıqlar aparmaq lazımdır. Bildiyim qədər, əvvəllər bu məsələ ilə bağlı İran tərəfi ilə müəyyən fikir mübadiləsi aparılıb. Düşünürəm ki, bu məsələyə yenidən qayıtmaq lazımdır. Nəzərə alsaq ki, son vaxtlar İranla ölkəmiz arasında müsbətə doğru ciddi gəlişmələr var və bu, danışıqların müsbət sonluqla başa çatmasına zəmin yaradır. Mənim baxışıma görə, hətta Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq versə belə, biz İranla bu danışıqları aparmalı və İrandan da belə bir dəhliz almalıyıq. Ermənistan və İranın ərazisindən keçən iki paralel dəhlizin olması Azərbaycana geniş manevr imkanları verəcək. Tutaq ki, Rusiya və ya Ermənistan Zəngəzur dəhlizində Azərbaycan üçün arzuolunmaz addımlar atarsa, biz İrandakı dəhlizdən daha çox istifadə edə bilərik və ya əksinə. Məncə, Azərbaycan olaraq hər iki dəhlizdən eyni vaxtda istifadə etməliyik. Yəni, hər iki dəhlizin işlək olması üçün müəyyən bölgü aparmalıyıq. Tutaq ki, malın yarısı İran, digər yarısı isə Ermənistan üzərindən keçə bilər.

Kimsə deyə bilər ki, iki dəhlizin olması Azərbaycan üçün əlavə xərclər deməkdir. Yəni bu, bizə çox baha başa gələ bilər. Düşünmürəm, tam əksinə, ortada alternativ olduğuna görə istər İran, istərsə də Ermənistan bizdən daha az haqq almaq zorunda qalacaq. Başqa sözlə desək, biz bir dəhlizin xərcinə iki dəhlizə sahib ola bilərik. Düşünürəm ki, bu, Azərbaycan üçün ən optimal yoldur. Biz sadəcə bugünü yox, gələcək onillikləri də düşünməliyik. Tədbirli olmaqda fayda var...

***

 Zəngəzur dəhlizi məsələsinə Xalq şairi Məmməd Arazın xanımı G.Fətəliqızının ustad şair haqqında yazdığı «Ömürdən yarpaqlar» xatirələr kitabında 1999-cu illlərə aid hadisələr fonunda yazır: « 6 yanvar 1999-cu il. 1947-53-cü illər azərbaycanlıların deportasiyası haqqında danışıqlara Məmməd öz fikrini belə bildirdi:

- Bu kökləri daha dərindən araşdırıb üzə çıxarmaq lazımdır, eyni zamanda 1918-20-ci illərlə bağlı materialları... Bu illərin hadisələrini Əli Vəliyev, Süleyman  Rəhimov, Əyyub Abbasov daha dəqiq işıqlandırıblar. Əyyub Abbasovun “Zəngəzur” əsərində məlumatlar çoxdur. Bu əsər əvvəl rusca çap olundu, sonra azərbaycanca. Erməni dilindən başqa, çox dillərdə çap edildi. Bu əsərə görə o yazığın başına bizimkilər nələr gətirmədilər. Hər halda yazılı abidədir, qalır. Bizim nənələrimiz bizə öyrədiblər ki, adam öldürməyin, ermənilər isə öyrədiblər ki, türkləri qırın. Mənim Zöhrə nənəm neçə əsir düşmüş ermənini buraxdırıb ki, mənim ocağımda adam öldürməyin.

- Nə qazandıq ki?

- Bilmirəm. Misal var: “Namusu itə atdılar, it də yemədi”. “Namusunu yeyənlərin qeyrətindən” demişəm. İki qardaş adından “Arazı ayırdılar” harayını da yaratdılar. Qardaşların taleyini böyük dövlətlər iki imza aktına qurban verdi. Bu qardaşlar gərək qəflət yuxusuna getməyəydilər. Millətin vəzifəsi təkcə yer şumlamaq, toxum səpmək, ot biçmək deyil. Zamandan qorxmaq lazımdır. Yazdığım kimi: “Zaman üzü dönüklərə  zəmanət verir”. Zamandan qorxub onun qəfil imtahanlarına ayıq, ağıllı, təmkinli cavablarımızı “həmişə hazır” saxlamalıyıq. Bunun üçün tariximiz  aydın samballı ədəbiyyatı, ədəbiyyatımız da tarixi yeri gələndə “farağat” və ya “irəli” vəziyyətinə salmağı bacarmalıdır. Millət özünü idarə “yüyənini” gərək özgəsinə verməsin. Bütün məqamlarda, bütün vəziyyətlərdə xalq ayıq olmalıdır. Necə ki ermənilər mürgülü xalq deyil, amma “Zəngəzur” əsərinə görə böyüklərimiz yazıçıya nə qədər əngəl törətdilər… Erməni şairəsi isə açıqca özlərinə dövlət yaratdıqlarına görə “ağ ayılara” əsərlərində minnətdarlıq edir…».

Bəli, keçmişi unutmadan gələcəyimizi görməliyik!

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN