Asif Mərzili: «Köhnə qanundan, bəlkə də, ən çox zərərçəkən mən olmuşam…»

Bu gün Millli Məclisdə “Media haqqında” qanun layihəsinə geniş tərkibdə həsr olunan növbəti-sonuncu müzakirə təşkil olundu. Müzakirələrdə Milli Məclisin Komitə sədri Əli Hüseynov, Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc,  Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, dövlət və müstəqil TV-lərin sədrləri, ölkənin nüfuzlu media qurumlarının rəhbərləri iştirak edirdilər.

Yeni qanun layihəsi ilə bağlı Milli Məclisin Komitə sədri Əli Hüseynov, Milli Məclisin deputatı Zahid Oruc,  Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, AzTV-nin sədri Rövşən Məmmədov, Real TV-nin sədri Mirşahin Ağayev, Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev, «Təzadlar» qəzetinin (eyni adlı saytın) rəhbəri Asif Mərzili və başqa media rəhbərləri çıxış etdilər.

Asif Mərzilinin çıxışını təqdim edirik:

- Çox hörmətli Əli müəllim, hörmətli Zahid müəllim! Dəyərli media rəhbərləri! Burada məndən əvvəl çıxış edən Eynulla bəy və Mirşahin Ağayev də haqlı olaraq vurğuladılar ki, Azərbaycan mediası hələ də zəif günlərini yaşayır. Xüsusən də müharibə dövründə biz bunu gördük. Təsəvvür edin, bu zəiflik o səviyyədə oldu ki, Prezident İlham Əliyev müharibə qayğıları ilə bərabər, həm də biz jurnalistlərin, media rəhbərlərinin əvəzinə Qarabağda müvəqqəti məskunlaşmış ermənilərin guya yüz illərdir orada yaşaması barədə məlumatsızlıqdan və ya qərəzdən doğan suallarını cavablandırırdı. Əslində, bunda heç də o məlumatsız jurnalistləri günahkar bilmirəm. Çünki onlar bizim gerçək Qarabağ həqiqətlərimizin əvəzinə, dünyanın bütün informasiya şəbəkələrini doldurmuş ermənilərin feyk xəbər və məlumatlarını görürdülər. Biz isə zəiflik göstərirdik, yalnız daxili auditoriya üçün işləməkdə idik… Biz söz ilə işlədiyimizdən istəyirəm uzun sözü qısa edərək mətləbə gələm: Həmkarlarımız çıxışında söylədilər, deyim ki, köhnə qanundan ən çox zərərçəkənlərdən biri də mən olmuşam. 2009-cu ildə mənə aid olmayan, müsahibə xarakterli yazıya görə məhkəmə hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edildim. Allah var eləsin, ölkə Prezidentinin bu ədalətsiz hökmə sərt münasibətinin ardınca mən iki gün sonra məhkəmə qərarı ilə həbsdən buraxıldım. Hörmətli Əli müəllim yəqin xatırlayar, 2013-cü ildə Bakıda Beynəlxalq tədbirdə Əli müəllim məni misal çəkdi ki, Azərbaycanda jurnalistlərə və azad sözə o dərəcədə hörmət var ki, hətta Asif Mərzili həbs ediləndən 2 gün sonra azad edildi. Xarici media ekspertləri isə təəccüblə Əli müəllimdən  soruşdular ki, axı bu necə oldu, məhkəmə hökmü yazılmalı, apellyasiya şikayəti verilməlidir və s. Siz dediniz ki, Azərbaycanda mediaya olan hörmət hər şeyi mümkünlü edir.

 Əziz dostlar, Şeyx Şamil deyirdi ki, aqibətini düşünən əsgərdən igid olmaz! Azərbaycan əsgəri də aqibətini düşünmədən 44 günlük müharibə ilə 30 illik erməni işğalına son qoydu və bu gün Şuşada Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Çünki onun aqibətinin ifadəsində dövlət, xalq, Vətən, torpaq təəssübkeşliyi dururdu. Biz jurnalistlər də dövlətimiz naminə aqibətimizi, yəni sosial-iqtisadi, kommersiya, sahibkarlıq və s. maraqlarımızı düşünmədən ölkəmizin maraqlarını bütün müstəvilərdə müdafiə etməliyik. Yeni Media qanunu isə buna imkan yaradır. Məhz bu qanun jurnalisti hörmətə mindirir, onun gerçək statusunu müəyyənləşdirir.

 Vaxtilə rəhbəri olduğum qəzetdə «Baş çoban-baş redaktor!» başlıqlı məqalə dərc olunmuşdu. Məlum olurdu ki, əvvəllər qoyunçuluq təsərrüfatında baş çoban işləmiş bir nəfər artıq baş redaktordur. Niyə? Çünki kim istəyir 10 manata domen alır, yaxud Ədliyyə Nazirliyinə ərizə verib qəzet açır və olur baş redaktor… Mən dəfələrlə Mətbuat Şurasının sədri Əflatun Amaşova da yazmış və demişdim ki, medianın qeydiyyatı məsələsində bir nəzarət mexanizmi olmalıdır. Nəzarət senzuralıq deyil, bu gün rast gəldiyimiz, şikayətləndiyimiz, canımızı boğazımıza yığan özbaşınalığın qarşısını almaq üçündür. Yeni qanun isə məhz bunu ehtiva edir, bu neqativlərin qarşısını almağa hesablanıb.

 Biz dövlətdən yeni səlahiyyətlər, imtiyazlar umuruq, amma özümüzə hesabat vermirik ki, bəs biz bu dövlət üçün nə edirik? Qısa deyim, ötən ilin oktyabrın 8-də, döyüşlərin qızğın vaxtında  AzərTAC-ın bir məlumatına rast gəldim ki, Avstraliya Parlamenti qondarma «DQR»ı tanımaq istəyir. Dərhal bütün rəsmi mənbələri ingilis dilində Avstraliya Parlamentinə göndərdim. Yazdım ki, siz hansı rəsmi mənbələrə istinad edirsiniz? Cavab gəldi ki, biz ermənilərin təqdim etdiyi mənbələrə istinad etmişik… Təkrarən ermənilərin 1828-ci ildə Qarabağa köçürülmələrinin 150 illiyi şərəfinə (1978-ci ildə) Ağdərədə qoyduqları xatirə kompleksinin fotoşəklini, eləcə də Qarabağa haradan və necə köçürüldüklərinin rəsmi istinad məlumatlarını və s. göndərdim və məsələ bununla da bitdi. Demək istəyirəm ki, biz dövlətimizdən hər cür kömək, imtiyaz gözləyirik, amma bəzən qarşılığını necə qaytarmaq barədə düşünmürük, lazımi addımı atmırıq. Odur ki, yeni media qanunun mükəmməl olduğunu bir daha yəqin etdiyimdən hesab edirəm ki, qəbul olunmağa layiqdir. Gəlin biz də fəaliyyətimizdə bu qanuna layiq fəaliyyət mexanizmi düşünək. Harasa gedəndə ürəklə, həvəslə və fəxrlə «Mən jurnalistəm!» deyə bilək!

Diqqətinizə görə təşəkkür edirəm!

ELÇİN CƏFƏROĞLU

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN