...Dəyərləndirək ki, dəyərləndirsinlər! Bu, həyatın aksioması və fəlsəfəsidir!
Bu gün Azərbaycan elminin görkəmli simalarından biri, Bakı Dövlət Universitetinin rektoru(1999-2018), Kimya fakültəsinin dekanı(1993-1999), Üzvi kimya kafedrasının müdiri(2002-ci ildən), AMEA-nın (2007) və Rusiya Elmlər Akademiyasının(2016) həqiqi üzvü, akademik Abel Məmmədəli oğlu Məhərrəmov anadan olmuşdur.
Bu barədə uzun illər BDU-da Həmkarlar Komitəsinin sədri olmuş Fikrət Şiriyev FB statusunda yazıb. "Təzadlar" olaraq biz də bu təbrik statusuna qoşuluruq...
*** 
Xatırladırıq ki, Abel Məhərrəmov 05 yanvar 1950-ci ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirmiş (1971), Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır(1973-1976). Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlamış (1976), Tədris hissəsinin müdiri, Kimya fakültəsinin dekan müavini, dekanı vəzifələrində işləmiş, 1999-2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşdur. Hazırda Üzvi kimya kafedrasının müdiridir.
1600-dən artıq elmi məqalə və tezisin, o cümlədən Tomson Reuters agentliyinin siyahısına daxil olan jurnallarda 400-dən artıq məqalənin(«H» indeksi üzrə göstəricisi 24-dür), 60-dan çox kitabın müəllifidir. Rəhbərliyi altında 70-dən çox alim- fəlsəfə doktoru (50-dən çox) və elmlər doktoru (20-dən çox) dissertasiya işləri müdafiə etmişlər.
Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti (2002-2004), Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti (2015-2019) olmuşdur. Latviya Elmlər Akademiyasının nəzdində Beynəlxalq Elmi Şuranın üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri həqiqi üzvüdür. Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Çin, Albaniya və Qazaxıstanın bir sıra universitetlərinin Fəxri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professorudur.
2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmiş, on il Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etmişdir. 20 ilə yaxın Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü olmuşdur.
Əməkdar elm xadimi(2000) fəxri adı, «Şöhrət» ordeni(2009), 2-ci dərəcəli Əmək ordeni(2019) ilə təltif edilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının “Qızıl medalına”(2000), Rumıniyanın «Qızıl ulduz» ordeninə(2006), “Elm və Texnologiya sahəsində İSESCO mükafatı”na (2012) və digər mükafatlara layiq görülmüşdür.
BDU-nun rektoru olduğu illərdə universitetin əsas, birinci və ikinci korpusları, Altıağac tədris təcrübə bazası əsaslı təmir edilmiş, Qubada 4 mərtəbəli Tədris-təcrübə və İstirahət mərkəzi, əməkdaşlar üçün ümumilikdə 800 nəfərlik 3 yaşayış kompleksi, 10 mərtəbəli Üçüncü tədris korpusu, idman kompleksi, üzgüçülük hovuzu, nəşriyyat, qazanxana, yeməkxana kompleksi, poliklinika və digər yerlər tikilib istifadəyə verilmişdir. Bu müddətdə 2 yeni fakültə, 10-dək kafedra, Nano Araşdırmalar Mərkəzi də daxil olmaqla 30-dək yeni elmi tədqiqat laboratoriyası, Gənc İstedadlar liseyi, BDU-nun Qazax filialı və digərləri yaradılmışdır.
Akademik Abel Məhərrəmovu ad günü münasibətilə təbrik edir, ona can sağlığı və yeni elmi uğurlar arzulayırıq.
Bir daha təbrik edirik, sağlam can və sağlam niyyətli dost əhatə arzulayırıq! 
Asif MƏRZİLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN