Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə şahidlər dindirilib. Əvvəlcə şahid qismində İmişli rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri (hazırda bu vəzifədə işləyir,-red.) Rahim Zahidov dindirilib. O, ifadəsində Vllyam Hacıyevi İmişlidə icra başçısı işlədiyi dövrdə tanıdığını, onun verdiyi tapşırıqları yerinə yetirdiyini, torpaq sahələrinin, mənzillərin vətəndaşlara verilməsinə keçmiş başçının özünün nəzarət etdiyini deyib.

 

“Bizə nə tapşırıq verirdisə, onu yerinə yetirirdik. Hüquq şöbəsinin müdiri olaraq sənədləri hazırlayır, müqavilələri təsdiq edirdim. Torpaq, mənzil, tikintiyə icazə almaq, torpaq təyinatını dəyişdirmək istəyən vətəndaşları mühasibatlığa yönləndirirdim. Qanunsuzluqlar olurdu. Belə ki, mənzil növbəsində kifayət qədər adam vardı. Növbədə olanlar qalır, növbədənkənar adamlara mənzillər verilirdi”- şahid ifadəsində bildirib.

Hüquq şöbəsinin müdiri deyib ki, onun qanunsuz əməllərlə bağlı icra başçısına irad tutmaq səlahiyyəti olmayıb, çünki bilirdi ki, belə irad tutsa Vilyam Hacıyev onu dərhal işdən azad edər.

 

“Torpaq sahələri, mənzillərin alınması üçün vətəndaşlar pul verirdilər. Pul otaqların sayına görə alınırdı. Məsələn, 2 otaqlı mənzil üçün 10 min, 3 otaqlı üçün 18 min pul verilirdi. Torpaq sahəsinin verilməsi ilə əlaqədar vətəndaşlar icra başçısının otağında onunla görüşürdülər, sonra baş mühasibin yanına göndərilirdilər, vəsait alındıqdan sonra mən də sənədləşmə işlərini aparırdım. İş prinsipi belə idi. Nəyəsə etiraz edəndə deyirdi ki, rəhbər mənəm. Hər şey Vilyam müəllimin tapşırığı əsasında olurdu. İşimizi itirməmək xatirinə rayon rəhbəri nə desə onu da edirdik”,-şöbə müdiri bildirib.

Bu vaxt V.Hacıyevin müdafiəçiləri məhkəmədə vəsatət qaldıraraq şahidin məsuliyyətə cəlb olunmasını istəyiblər. Bildiriblər ki, onun dedikləri doğrudursa deməli bu adam özü də rüşvət yığılmasında və digər qanunsuz əməllərdə şərik olub.

 

”Şahid hazırda da icra hakimiyyətində eyni vəzifədə işləyir. Demək, eyni əməlləri indi də davam etdirir. Özü deyir ki, qnunsuzluqlar görüb, amma susub. Xahiş edirik, tədbir görülsün”,- müdafiəçilər bildiriblər.

Vəsatətə münasibət bildirən V.Hacıyev şahidə ondan əvvəlki icra başçısılarının vaxtında qanunszuluqlar olub-olmadığını soruşub. Şahid  isə “xeyr, əvvəlki icra başçıları belə etməyib” - deyib.

Prosesdə daha sonra İmişli rayon İcra Hakimiyyətinin Memarlıq Tikinti Şöbəsinin müdiri Nazim Rəsulov ifadə verib. O, vəzifəsinə uyğun olaraq rayonda aparılan təmir-tikinti işlərinə nəzarət etdiyini deyib: “Tikinti işləri ilə bağlı sənədləri Vilyam müəllimə təqdim edirdim. İcazə sənədləri yazılırdı, imzalanırdı. Məbləği özü təyin edirdi. Vətəndaşla təmasda isə mühasib və biz olurduq. Nəsə irad bildirəndə deyirdi ki, başçı mənəm, nə deyirəmsə onu da elə. İşimi itirəcəyimdən qorxurdum. Buna görə məcburən rəhbərə xidmət edirdim. Vilyam müəllimin əsas işlərindən biri də həftə ərzində sahibkarlardan müəyyən pul vəsaiti tələb etməkdən ibarət idi. Bütün işlərin əsası rüşvət üzərində qurulmuşdu. Rüşvət almasa sərəncam vermirdi”.

 

O deyib ki, Hacıyev ondan həftəlik hesabatlar tələb edirdi. Bu hesabatlar da görülən işlər haqda yox, alınıb mühasibatlığa verilən rüşvətin məbləği barədə olurdu.

Tərəflərin suallarını cavablandan şahid İcra Hakimiyyətinin yeni binasının tikintisi üçün bünövrə tamamlanmamış podratçı şirkətə 4 milyon manat köçürüldüyünü deyib: “Görülən işlər şişirdilmiş şəkildə göstərilirdi. Üstəlik bir sənədə icra başçısı qol çəkibsə, mən onu ikinci dəfə geri qaytara bilməzdim. Vilyam müəllimin göndərdiyi sənədi imzalamadığıma görə hətta iki dəfə məndən ərizəmi tələb edib, işdən çıxarmaq istəyib”.

V.Hacıyev şahidlərin ifadələri ilə razılaşmayıb. Məhkəmə prosesi fevralın 7-də davam edəcək.

Qeyd edək ki, V.Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. Keçmiş başçı özünü günahkar saymır, “sifarişlə həbs olunduğunu” iddia edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN