Həkim səhvi, yoxsa səhlənkarlıq: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi, professor Nizami Bağırov Bakı şəhər sakini Rəna Şahbalayevanın gözünü kor edib, yoxsa...

 ...Səhiyyəmizin vəziyyətini izah etməyə ehtiyac yoxdur. Bir sözlə ifadə etsək, demək olar ki, çox bərbad vəziyyətdədir. Həkimlərimizin əksəriyyətini xəstəni müalicə etmək yox, onun cibi maraqlandırır. Buna da yalnız təəssüf etmək olar. Mən bu fikirlərimlə vicdanlı, işinin peşəkarı olan həkimləri nəzərdə tutmuram. Nə yaxşı ki, az da olsa, belə həkimlərimiz var və  Allah onları qorusun.

***

...Əməliyyat zamanı xəstənin bədənində müxtəlif tibbi alətləri unudan da özümüzünküdür. Belələrinə tuş gəlməmək üçün əksər insanlarımız xarici ölkələrə üz tutur. Kasıb-kusublar İranda, bir az da pulu olanlar isə şəfanı Avropada axtarırlar. Bunların heç birinə gücü çatmayanlar isə, ölümünü gözünün altına alıb, yenə də bizim həkimlərə müraciət edirlər. Nə isə... Həkimlərdən narazı olanlardan biri də Bakı şəhər sakini Mahir Şahbalayevdir. Redaksiyamıza müraciət edən M.Şahbalayev Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi, professor Nizami Bağırovdan şikayətçidir. Öyrəndik ki, N.Bağırov gözün vitroretinal cərrahiyəsi, katarakta, qlaukoma, YAG lazer cərrahiyyəsi üzrə mütəxəssisdir. Belə olan surətdə necə olub ki, M.Şahbalayev belə bacarıqlı mütəxəssisdən şikayətçidir? Hadisə isə belə olub. Deməli, 2021-ci ilin iyul ayında M.Şahbalayev həyat yoldaşı, 1957-ci il təvəllüdlü Rəna Şahbalayevanın sol gözündə yaranan kataraktanı əməliyyat etdirmək üçün bu Mərkəzə müraciət edir. Oftalmologiya Mərkəzinin həkimi, professor N.Bağırov əməliyyatı boynuna götürür və eyni zamanda bildirir ki, guya bu xanımın gözündə qlaukoma da var. Beləliklə, N.Bağırov xəstəni əməliyyat edir. Əməliyyat zamanı hansısa səbəbdən gözə infeksiya düşür. Bu da bir neçə gündən sonra özünü göstərir və göz qapaqları şişir. Bunun da nəticəsində gözdə şiddətli ağrılar baş verir. Həkimin yazdığı dava-dərmanlar da vaxtı-vaxtında qəbul edilir və gözə tökülür. Ancaq heç bir nəticə vermir. Nə gözün ağrıları səngiyir, nə də görmə qabiliyyəti bərpa olunur. Belə olan surətdə xəstəni yenidən Oftalmologiya Mərkəzinə yerləşdirməli olurlar. Beləliklə, iki dəfə xəstə əməliyyatdan sonra həmin Mərkəzdə yatıb müxtəlif müalicələr alsa da, heç bir nəticəsi olmur və gözün görmə funksiyası düzəlmir ki, düzəlmir. Əksinə, digər gözə də təsir etməyə başlayır.

İşin ciddiliyini görən M.Şahbalayev həyat yoldaşını Bayıl qəsəbəsində yerləşən “Dünyagöz” xəstəxanasına gətirir...

Burada xəstəni müayinə edən Türkiyəli həkim bildirir ki, ilkin əməliyyat düzgün aparılmayıb və burada həkim səhlənkarlığı var. Bu isə artıq cinayət xarakterli əməldir. Burada M.Şahbalayevə bildirilir ki, gözün buynuzlu qişası dəyişilməlidir. Bunun üçün isə, ilk növbədə göz sağalmalıdır. İndi türk həkim başladığı kompleks müalicə ilə  pofessor N. Bağırovun səhvini düzəltməklə məşğuldur. Görəsən, Nizami Bağırov gözün buynuzlu qişasının dəyişilməsinin vacib olduğunu niyə görə bilməyib? Bu suala yəqin ki, uyğun səlahiyyətli şəxslər cavab verə bilər. M.Şahbalayev  redaksiyamızda etdiyimiz söhbət zamanı bildirdi ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində bütün xidmətlər pulsuzdur. Amma elimizin adəti ilə xəstəni əməliyyat edən professor Nizami Bağırova 1000 manat pul da verilib (Həkimlə söhbətimizdə o, pul aldığını etiraf etdi). Amma nəticə də göz qabağındadır. Artıq xəstənin ikinci gözünə də ciddi təhlükə var... M.Şahbalayevin redaksiyamıza müraciət etməkdə məqsədi N.Bağırov kimi həkimlərin belə əməllərinin geniş ictimaiyyətə və aidiyyəti qrumların diqqətinə çatdırmaqdır. M.Şahbalayev istəyir ki, həkim Nizami Bağırovun naşılığı barədə onun şikayətini Səhiyyə Nazirinə, TƏBİB-in rəhbərinə və hüquq-mühafizə orqanlarının diqqətinə  çatdıraq. Ancaq "Media haqqında" qanuna görə, əks tərəfin mövqeyini dinləmək də bizim peşə borcumuzdur.

 Bu məqsədlə əvvəlcə Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova ilə əlaqə saxlamaq istədik. Onun 012-569-09-27 nömrəli iş telefonuna bir neçə gün zəng vursaq da, dəstəyi qaldıran olmadı. Oftalmologiya Mərkəzinin internetdə göstərilən 055-201-84-48 nömrəli mobil telefonuna neçə dəfə zəng etsək də,  cavab verilmədi. İnternetdən götürdüyümüz daha bir 012-569-09-23 nömrəli iş telefonuna da zəng etdik. Dəstəyi qaldıran xanıma özümü təqdim etsəm də, öz adını deməkdən yayındı, ancaq  Məlumat Mərkəzi olduğunu bildirdi. Adını təkrar soruşanda yenə "Məlumat mərkəzidir" dedi. Əlbəttə, biz ona Məlumat xanım deyə bilməzdik. Amma özünü təqdim etməməsi, heç də yaxşı hal deyil. Buna baxmayaraq, özünü təqdim etməyən xanımla aramızda belə bir dialoq oldu:

-Xanım, mən baş həkim Səbinə xanımla danışmaq istəyirəm. Sizdə işləyən həkim Nizami Bağırov haqqında şikayət daxil olub. Biz də hörmətli Prezidentimizin imzaladığı "Media haqqında" qanuna görə, əks tərəfin mövqeyini öyrənmək istəyirik.

-Bundan ötrü siz xəstəxanaya gəlib, qəbula düşməlisiniz. Sualları da yazılı surətdə faksla bizə göndərməlisiniz.

İlahi, biz neçənci əsrdə yaşayırıq? İnternet, yüksək texnologiya, rəqəmsal inkişaf dövründə bu Oftalmologiya Mərkəzi hələ də faksla işləyir. Mən elə bilirdim faksları çoxdan yığışdırıb XX əsrin avadanlığı kimi muzeyə qoyublar. Sən demə, Oftalmologiya Mərkəzi kimi bərkgedən bir xəstəxanada, hələ də faksdan istifadə olunur.

Nə isə... Xanımın sözlərinə cavab olaraq bunları dedim:

-Xanım, qanuna görə, jurnalist şifahi və yazılı sorğu verə bilər. Ona görə də mən telefonla danışıb daxil olmuş şikayət barədə baş həkimə bir neçə sual vermək istəyirəm. Bu səbəbdən xahiş edirəm ki, baş həkim Səbinə Məcidovanın ya telefonunu mənə deyəsiniz, ya da onunla məni calaşdırın.

-Mən baş həkimin telefonunu bilmirəm. Bizə lazım olanda daxili telefonla danışırıq. Baş direktor Elmar müəllim göstəriş verib ki, heç bir şifahi sorğu qəbul olunmasın. Ancaq bura gəlməlisiniz.

-Xanım, sizin baş direktor Elmar Qasımov Prezidentin imzaladığı qanunun əleyhinə gedir?

-Mən elə demədim. Deyirəm ki, siz bura gəlməlisiniz. Şifahi sorğuya cavab verilmir.

-Hörmətli xanım, mən də deyirəm ki, cənab Prezidentin imzaladığı qanuna görə, jurnalist şifahi və yazılı sorğu vermək hüququna malikdir. Sizin baş direktor Elmar Qasımov Prezidentin əleyhinə gedərək jurnalistin bu hüququnu məhdudlaşdıra bilməz.

-Mən bilmirəm. Bizə belə göstəriş verilib. Əgər nəsə öyrənmək istəyirsinizsə bura gəlməlisiniz. Gəlib burada da şifahi sorğu verə bilərsiniz.

-Xanım, sizin üçün belə məşhur bir Mərkəzin imici, nüfuzu maraqlı deyil? Siz nəyə görə mənim xahişimi rəhbərliyə çatdırmaq istəmirsiniz? Qoy onlar özləri qərar versin ki, mənim sorğuma cavab verəcəklər, ya yox? Siz onların yerinə niyə qərar verirsiniz?

-Bizə göstəriş belədir ki, şifahi sorğulara cavab verilməsin.

Bu xanımla söhbətin mənasız olduğunu görüb, işin əsas qəhrəmanı professor Nizami Bağırovu aradım. Onu da qeyd edim ki, bu adsız xanımla söhbətimiz 15 fevral 2022-ci il saat 15:20 radələrində oldu.

Professor Nizami Bağırov bizimlə çox mədəni və səmimi söhbət etdi. Söhbət zamanı N.Bağırov məlum məsələ ilə bağlı bunları dedi: “Mən o Mahirdən heç belə hərəkət gözləməzdim. Onu mənimlə bir həkim yoldaşımız tanış etmişdi. Məndən də onun elə bir şikayəti olmalı deyildi. Bəli, mən onun xanımı Rəna Şahbalayevanı gözündən əməliyyat etmişəm. O bizə katarakta diaqnozu ilə gəlmişdi. Amma mən müayinə zamanı onda qlaukoma olduğunu da aşkar etdim. Əməliyyat da çox yüksək səviyyədə həyata keçirilib. Heç bir problem olmayıb. Amma əməliyyatdan sonra yazdığım dərmanlardan istifadə olunmayıb. Gözünə töküləsi dərmanlar istifadəsiz qalıb. Əgər əməliyyatdan sonra həmin dərmanlardan istifadə olunmasa, təbii ki, problem yaranacaq. Dəfələrlə Mahir mənim yanımda deyib ki, yoldaşım göz qapağını açmır ki, dərmanları gözünə tökək. Onun xanımında nəsə problem var ki, dərmanları qəbul etmək istəmir. Bir az qeyri-adi xanımdır. Nə məsələdir bilmirəm. Mahir özü mənə şikayət edirdi ki, dərmanları gözünə tökə bilmir. Belə olan surətdə mən nə etməliyəm? Əlbəttə, əməliyyatdan sonra yazdığım dərmanlardan istifadə etməyəndə problemin olması təbiidir. İndi gedib hansısa türk həkim ona deyibsə ki, ilkin əməliyyat düz aparılmayıb, bu, yanlış fikirdir. Mən neçə illərin həkimiyəm. Öz peşəmi həm sevirəm, həm də yaxşı bilirəm. Mahir problemi yoldaşında axtarmalıdır, məndə yox. Mən sizə bunları deyə bilərəm ki, əməliyyat tam düzgün aparılıb və mənim işimdə heç bir səhv və ya hansısa səhlənkarlıq yoxdur”.

Bu sözlərdən sonra N.Bağırova verdiyim “Əməliyyat sizdə dövlət hesabına olduğu halda, nəyə görə xəstənin yiyəsindən 1000 manat pul almısınız”-sualına belə cavab verdi: “Mən ondan pul istəməmişəm. Özü gətirib verib ki, həkim, bunu sizə əziyyət haqqı kimi verirəm. Özündən gedib soruşa bilərsiniz ki, mən ondan bir manat da istəməmişəm”.

N.Bağırovun bu fikirlərindən sonra yenidən M.Şahbalayevlə əlaqə saxlayıb həkimin dediklərinə münasibətini öyrəndim. M.Şahbalayev bunları dedi: “Həkim tamamilə yalan danışır. Onun yazdığı dərmanların hamısını lazımı qaydada istifadə etmişik. Əməliyyat olunan gözünə də, yazılanları lazım olan vaxtlarda da tökmüşəm. Amma heç bir nəticəsi olmayıb. Çünki əməliyyat əvvəldən səhv edilib. “Dünyagöz” xəstəxanasında mənə bu barədə dəqiq məlumat verildi. İndi mən bilmirəm yoldaşımın gözünü necə müalicə edəcəm?  “Dünyagöz” xəstəxanasında da əməliyyat və müalicə çox bahadır. Yaxşı olar ki, Oftalmoloji Mərkəzdə bir yaxşı peşəkar həkim yoldaşımı müayinə və müalicə etsin. Belə olmaz axı”.

***

...Artıq şikayətçinin də, əks tərəfin də mövqeyi məlumdur. Bizim borcumuz hər iki tərəfin mövqeyini işıqlandırmaqdır ki, ona da riayət edirik. Kimin günahkar və ya günahsız olduğunu isə, Səhiyyə Nazirliyinin və TƏBİB-in uyğun mütəxəssisləri və hüquq-mühafizə orqanlarının rəsmiləri söyləyə bilər ki, Rəna Şahbalayevanın gözü həkim səhvindən, yoxsa səhlənkarlığından görmə qabliyyətini itirib. İnanırıq ki, bu barədə ciddi araşdırma gedəcək və günahkar(lar) da layiqli cəzasını alacaq.

Hazırladı: Elçin MƏMMƏDLİ    

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN