...Bu gün Rusiya Ukraynada palçığa batmış "Belirus" ağır yük maşınına bənzəyir. Onu tanklar da düşdüyü bataqlıqdan çıxara bilmirlər... Bəri başdan deyim ki, Ukrayna hadisələrinə "Моя хата с краю" (İtin dişi, donuzun dərisi) prinsipindən yanaşmıram. Çünki virus sərhəd tanımır. Mən bu müharibədə nə Rusiyanın, nə də Qərbin tərəfindəyəm. Açığı, heç Zelenskiyə də bir o qədər inamım və rəğbətim yoxdur. Baxmayaraq ki, onun Ukrayna xalqı adından "Nooldu, Putin" deməyini mən də arzulayıram. Çünki istənilən halda Rusiya işğalçı, Ukrayna isə işğala məruz qalmış fövlətdir. Bunu başqa adı yoxdur. Müharibədən yenicə çıxmış dövlətin vətəndaşı kimi Ukrayna xalqının, bu ölkənin ərazi bütövlüyünün bərpasının tərəfdarıyam. Bilirəm ki, işğalçı durdurulmazsa, ayı yem üçün başqa ərazilərə də soxulacaqdır. Bununla belə onu da bilirəm ki, iki nəfər dalaşanda adətən qalib üçüncü tərəf olur.
Bu gün Rusiya, əslinə qalsa, Rusiya rəhbərliyi öz xoşu ilə ayağını ovçuların tələsinə salan və sağ qalması üçün vurnuxan ağılsız ac ayıya bənzəyir. Qərb isə Rusiyanı qəfəsdə, ayını isə ən yaxşı halda tamaşaçı alqışları və təlimçinin «Allez hopp!» əmri altında sirk manejində velisoped sürən görmək istəyir. Ayı isə özünü və ailəsini yedirtmək üçün vaxtaşırı qonşu grazilərə basqınlar etməyi, zorən başqalarına məxsus pətəklərdən bal oğurlamağı vərdişə çevirmişdir.
Rusiyanın tezliklə bölünəcəyinə də ümid etməyin. Bunu çoxları arzulasa da, hətta «demokratiya ixracatçısı» olan Qərb də Rusiyanın kiçik fraqmentlərə (dövlətlərə) parçalanmasında, yeni koalisiyaların, siyasi mənafelərin formalaşmasında və s. maraqlı deyildir. Bu yeni baş ağrılarının - dünyada kəskin siyasi-iqtisadi problemlərin, o cümlədən yeni münaqişələrin yaranmasına səbəb ola biləcəkdir.
Açıq danışaq, Qərbin «Rusiyada demokratiyanın bərpasına» dair çağırışları bəhanədir. Demokratiya da ixrac olunmur. O, içəridə yetişir. Qərbin bu örtük altında hədəfi təkqütblü dünya düzəninin qorunub-saxlanılması, Rusiyanın geosiyasi-geoiqtisadi mənafe əraziərinin məhdudlaşdırılması, Moskvanın SSRİ ərazilərinin, Rusiya imperiyası torpaqlarının bərpası adı altında həyata keçirdiyi neoimperializm siyasəti (bunu VVP-nin özü dəfələrlə etiraf etmişdir) və bu maraqların ödənilməsində özünü ikinci knyaz Vladimir Monomaxın, İvan Qroznının və Birinci Pyotrun kürsüsündə görən yeni «balaca kapral» - Vladimir Putindir. Məqsəd Rusiyanın tükənmiş, aqressivləşmiş, narsisizmə, dahilik maniyası virusuna yoluxmuş prezidentinin vəzifədən kənarlaşdırılmaq, yerinə isə sözə və ələ baxan namizədini «seçdirməkdir». Bu isə çox çətin məsələdir.
Çünki, artıq Putin özünü Rusiya dövləti ilə eyniləşdirmiş, Moskvanın təbliğat maşını bu stereotipi rusiyalıların təfəkkürünə dərin nüfuz etdirmişdir. Məhz bu maniya VVP-yə dünya dövlətlərini əvvəllər də nüvə silahı ilə hədələməyə, «Rusiyasız dünya kimə lazımdır?» deməyə əsas vermişdir.
Vaxtilə akademik Bexterev Rusiya prezidentinin kumiri - diktator Stalinə «tipik pananoyanın ağır forması» diaqnozu qoymuşdu. Tarix və diaqnoz təkrar olunur. Məlumdur ki, ruhi xəstənin əlinə tapança verməyin axırı pisdir. Amma, dovşanı da küncə sıxanda dişləyə bilir. İndi dünya Putini, Putin isə dünyanı küncə dirəmişdir. Çəkindirici silahlar isə VVP-nin dünya ilə dialoqunda sonuncu «arqumentidir».
Bununla belə, Ukraynada müharibə onu göstərdi ki, hipotetik də olsa, Putinin ya könüllü, ya da ki, zorən prezidentlikdən uzaqlaşdırılması arzusu yaxın dövr üçün real görünmür və bu gün VVP müharibənin dayandırılmasında qətiyyən maraqlı deyildir. Hətta Ukrayna nümayəndələri ilə aparılmış uğursuz danışıqlar da raket və mərmi sədaları ilə müşayşət olunmuşdur. Ona yalnız və yalnız Qələbə lazımdır. Putin üçün qeyd-şərtsiz qələbənin alternativi yoxdur. Çünki bilir ki, dünya qalibləri mühakimə etmir və əmindir ki, «tərəqqipərvər bəşəriyyət» onun paranoik hədələri və qeyri-adekvat hərəkətləri qarşısında səbatsız və cəsarətsizdir. «Tərəqqipərvər bəşəriyyət» isə bir müddət deyinəcək, Rusiyaya tərs-tərs baxacaq və nəhayət Ukraynanın acı taleyi ilə barışacaqdır. Putin həm də ona inanır ki, Ukraynanın ram edildiyi, Kiyevə və Moskvaya ağ atın belində (Leninsayağı zirehli maşının üstü də ola bilər) daxil olduğu təqdirdə bütün «incikliklər» tez bir zamanda unudulacaq, sanksiyalar yumuşaldılacaqdır.
VVP-nin blitskriqi alınmadı. Eyni zamanda hətta Moskva-Kiyev arasında uğursuz danışıqlar zamanı atəşkəs tələbinə də əməl etmədi. Məğlubiyyət isə Putin üçün siyasi suisidini, könüllü və ya zorən istefasını şərtləndirən amil olacaqdır. O, bu müharibədə həm Rusiya, həm də Ukrayna tərəfindən həlak olmuş əsgər və zabitlərin ailə üzvlərinə, beynəlxalq təşkilatlara, xüsusilə total yoxsulluğa, səfalətə, maliyyə-iqtisadi böhrana, koorupsiyaya, xüsusilə ağılsız müharibəyə görə rejimə qarşı çıxan, sosial narazılığı dərinləşərək sosial aqressiya həddinə çatdırılan Rusiya vətəndaşlarına cavab vermək məcburiyyətində qalacaqdır. «Qığılcımdan alov doğar». Bu ifadə Putinin adaşı Vladimir Leninə məxsusdur. Kobud misala görə üzr istəyirəm. Məğlubiyyətdən sonra Putinin ölkədə və dünyada nüfuzunu bərpa etmək üçün atacağı istənilən addım onu toy gecəsində necə hərəkət etməsini yengəsindən soruşan gəlinə bənzədəcəkdir. Yəni, «Nə edirsən et, onsuz da axırı birdir». Lakin bu məsələdə də sadəlövh olmağa da dəyməz. Əgər Rusiyanın dünyaya və qonşularına yönəlik aqressiv kursu dəyişilməzsə, dövlət siyasəti səviyyəsinə çatdırılmış neoimperializm ideyalarından əl çəkilməzsə, Qərb üçün sərfəli olan «demokratın» Rusiyada hakimiyyətə gəlməsi ehtimalı minimumdur. Hətta orada hakimiyyət dəyişkənliyi baş versə belə, Rusiyanın hərbi-sənaye kompleksi, güc strukturları və oliqarxları imperator taxtına yeni marioneti, natamamlıq kompleksi içərisində olan daha qeyri-adekvat şəxsi oturtmağa çalışacaq və Rusiyanın əvvəlki geosiyasi kursu davam etdiriləcəkdir.
Ona görə də bu gün müharibə Rusiya hakimiyyəti üçün, «xarici düşmən» obrazlarını ictimai dövriyyəyə gətirməkdə əhalinin diqqətini kəskinləşən sosial-iqtisadi problemlərdən yayındırmaq, bütün çətinlikləri «məkrli düşmənlərin» adına yazmaq, ən nəhayət, həm Putini həm də «Şirxanın» yanında ləhləyərək hərlənən Lukaşenkonun laxlayan kreslolarını mismarla (güllə) bərkitmək üçün sərfəlidir.
Putinin kumiri İosif Stalindir. O Leninə nifrət edir. Səbəb isə təkcə «Koba»nın sərt idarəetmə üsulu ilə bağlı deyildir. Sözün qısası. Kim nə deyir desin, SSRİ Konstitusiyasında müttəfiq respublikaların könüllü olaraq ittifaqı tərk etmək hüququ haqqında vacib müddəa məhz Leninə məxsusdur. Lenin Avstriya marksisti Otto Bauerin ideyasını dəyişmiş, «milli ərazilərin könüllü şəkildə bərabər hüquqlar çərçivəsində ittifaq yaratması» prinsipini ortaya qoymuşdur. Stalin isə onun qəti əleyhdarı idi. O, «millətlərin mədəni muxtariyyəti» - xalqların milli əraziləri ilə Rusiya ətrafında muxtariyyət halında birləşdirilməsini təklif edirdi. Təsadüfi deyildir ki, Putin 2019-cu ildə müsahibələrinin birində Leninin həmin prinsipini tənqid edərək, müttəfiq respublikaların ittifaqdan çıxmasını «qeyri-qanuni» saymışdır. Çünki, «SSRİ Konstitusiyasında ittifaqı tərk etməyin prosedurları göstərilməmişdir».
Bu gün Putini və siyasi «Tabakini» - Lukaşenkonu alqışlayanlara alman pastoru Martin Nimellerin bir sitatını yada salmaq istərdim: «Nasistlər kommunistləri həbs edəndə mən susdum. Çünki kommunist deyildim. Sosial-demokratları həbsxanalara atanda yenə susdum. Çünki sosial-demokrat deyildim. Onlar həmkarlar təşkilatlarının üzvlərini tutanda da səsimi çıxartmadım. Çünki həmkarların üzvü deyildim. Yəhudiləri tutanda da danışmadım. Axı mən yəhudi deyildim. Lakin məni həbs etməyə gələndə etiraz etmək üçün bir nəfər belə qalmamışdı». Mən onlara həm də rejessor Mixail Romun «Adi faşizm» sənədli filminə bir də baxmağı məsləhət görürəm. Film 1967-ci ildə ekranlara çıxsa da, bu gün də aktuallığını saxlamışdır.
Araz Qurbanov,
araşdırmaçı jurnalist
PS. Qurdları qoruyun, yoxsa meşələrinizi ayılar basar.....
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN