Ötən ilin dekabrında, müharibənin başa çatmasından təxminən bir ay sonra Hadrut ətrafındakı Kiçik Tağlar və Çaylaqqala kəndləri yaxınlığında yaxalanmış erməni silahlı dəstəsindən olan 14 nəfərlik qrupun işi üzrə məhkəmə günün ikincisi yarısında davam edib...

virtualaz.org xəbər verir ki, fasilədən sonra terrorçu dəstənin üzvlərinə sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən Segam Serobyan ifadəsində deyib ki, Gümrüdə yaşayırdı, İdman Universitetini bitirmişdi, 2004-2006-cı illərdə Yerevanda və Sisiyanda hərbi xidmətdə kəşfiyyatçı kimi xidmət göstərib.

 "Mənə müharibəyə getmək üçün "povestka" gəlmişdi. Artıq döyüşlər başlamışdı. Müharibəyə getməyib, çağırışdan yayınıb sahədə traktor sürürdüm. Quqasyan rayon hərbi komissarlığından zəng vurub hərbi komissarlığa gəlməyimi tələb etdilər. Əks təqdirdə fərari kimi həbs olunacağımı dedilər. 2020-ci il noyabrın 27-də bizi maşınlara doldurub Laçına apardılar. Ordan da "Ural" markalı avtomobillə yolun üstündə dayanan Rusiya sülhməramlıların yanından keçirib Hadruta gətirdilər",-Serobyan bildirib.

Prokuror ondan soruşub: "Ermənistan sərhədlərinin haradan başlayıb harada qurtardığını bilirsinizmi?"

Serobyan isə bu suala “diplomatik” cavab verib: "Ermənistanın sərhədlərinin harada olduğunu bilirdim, amma Qarabağın sərhədini bilmirdim".

Prokuror isə bu dəfə ona müharibənin bitməsinə dair  Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 10 noyabr üçtərəfli bəyanatını xatırladıb. Lakin Serobyan özünü tamamilə sadəlövh kəndli obrazında təqdim etməyə çalışaraq deyib ki, “xəbərləri izləmirdi” və həmin üçtərəfli bəyanatdan “xəbəri yox idi”.  

S.Serobyan həmçinin Laçının Azərbaycanın ərazisi olduğunu bilmədiyini  də deyib: “Elə bilirdim "Artsax"a aiddir. İndi başa düşürəm ki, başqa dövlətin ərazisinə keçmişəm. Bizi aldatdılar. Əgər əvvəldən bilsəydim keçməzdim. Çox peşmanam. İstərdim bu sualı Ermənistanda olanlara ünvanlayım ki bizi niyə ora göndərmişdiniz?"

S.Serobyan sualları cavablandırarkən Hadruta (Kiçik Tağlar və Çaylaqqala kəndləri ətrafına,-red.)  15 günlük növbəyə getdiklərini, 30 nəfərdən ibarət qrupa rəhbərlik etdiyini deyib:" Biz həmin əraziyə ərzaq gətirirdik. Azərbaycan hərbçiləri bizi meşədə tutdular. Otuz nəfər idik, onlara mən rəhbərlik edirdim. Bizim qrup da digər dəstələr kimi Qazaryana tabe idi. Qazaryan 100 nəfərin başçısı idi. Dekabrın 13-də bizə dedilər ki qaldığınız yerdən yola çıxın, sizi evə aparacağıq. Biz yola çıxanda Azərbaycan Silahlı Qüvvələri bizi saxladılar. Saxlanılan zaman bizə qarşı heç bir təzyiq göstərilməyib".

S. Serobyanın istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil edib. Onun istintaqdakı ifadəsi məhkəmədə elan edilib. İstintaqa verdiyi ifadəsində S.Serobyan müharibədən bir gün sonra orduya yollandığını, beş gün hərbi hissədə qaldığını, sonra hərbi hissədən qaçdığını göstərib: " Evimizə hərbi polis gəldi, dedi müharibəyə getməsən barəndə cinayət işi başlanacaq. Məcbur oldum orduya gəldim. Mənə leytenant rütbəsi verildi. Bizə polkovnik-leytenant Arsen Qazaryan rəhbərlik edirdi. Hadrutda bizi polkovnik Arsen Muradyan qarşıladı. Rus sülməramlıları bizi gördü. Əlimizdə silahlarımız vardı. Meşə istiqamətə uzun bir yol getdik. Orada 30 nəfərlik iki dəstə yaratdılar. Bir dəstəyə mən rəhbər təyin edildim. Biz orda qaravul xidməti aparırdıq. Hamımız silahla təmin edilmişdik. Hər dəstədə bir plemyotumuz da vardı. Bizim məqsədimiz Azərbaycan ordusuna və mülki əhaliyə qarşı təxribatlar törətmək, yeni ərazilər ələ keçirmək idi".

Daha sonra terrorçu dəstənin digər üzvü Qraç Avakyan ifadə verib. O, ifadəsində göstərib ki, 27 noyabr 2020-ci ildə onları Gümrüdəki hərbi komisarlığa aparıblar, silahla təchiz ediblər: " Hamımıza silah payladılar. Polkovnik Artur Muradyan bizim batalyon komandirimiz idi. Biz avtobusla Laçına gəldik. Dördyol ayrıcında Rusiya sülməramlıları dayanmışdı. Onların yanından keçdik. Avtomobillərdən düşərək dağlara doğru piyada hərəkət etdik. Orada erməni əsgərləri vardı. 30 nəfərlə birlikdə onların növbələrini dəyişəcəkdik. Arsen Kazaryan da bizimlə birlikdə idi. Məskunlaşdığımız yerin qarşısında ruslar vardı, onlardan o biri tərəfdə Azərbaycan hərbiçiləri dayanmışdı. Arsen Kazaryan dedi ki, 10 gün burda xidmət edəndən sonra bizi gəlib dəyişəcəklər, evə qayıdacağıq. Həmin vaxt gəldi. Biz Qazaryanla danışmaq üçün aşağı düşürdük. Bu vaxt Azərbaycan hərbiçiləri bizi saxladılar".

Dövlət ittihamçısının suallarını cavablandıran Avakyan ehtiyatda olan baş leytenant olduğunu deyib:" Ali məktəbi bitirib hərbi xidmətə getdim. Orada mənə hərbi rütbə verildi. Noyabrın 10-da üçtərəfli bəyanat barəsində televizorda baxmışdım. Bilirdim ki, həmin ərazilər Azərbaycanındır. Lakin düşündüm ki, bəyanatdan sonra müharibə bitib, sülh imzalanıb. Fikirləşdim ki, yəqin biz ehtiyat üçün orada xidmət aparacağıq".

Məhkəmə prosesi iyunun 29 -da davam edəcək. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN