Doğrusunu deyim ki, hər nə gözləsəm də, belə bir təklifi gözləmirdim. Ona görə də dedim ki, Fuad müəllim, axı mənim ekran-efir təcrübəm yoxdur, mənim üçün çətin olar. Dedi ki, heç bir çətinliyi yoxdur, gündə cəmi yarım saat veriliş verəcəksən efirə. Birtəhər yola verərsən. Sən tək deyilsən, səninlə birlikdə televiziyanın "Gənclik Baş Redaksiyası"ndan bir nəfər yoldaş da gedəcək. Adını dedi, ancaq xatırlaya bilmirəm. Xülasə həmin gün axşam teleoperator və səsyazanla (adlarını unutmuşam) görüşüb getdik dəmiryol vağzalına. Ancaq nə qədər gözləsək də, həmin adam gəlib çıxmadı. Axırda naəlac qalıb vağzaldakı telefondan (o vaxt cib telefonu hələ icad edilməmişdi) Fuad müəllimə zəng edib bildirdim ki, bəs, həmin yoldaş gəlib çıxmır. Fuad müəllim dedi ki, Lətif, sən tək get, o, gəlməyəcək...
... Şuşadan qayıdandan sonra həmin oğlan (qırmızısifət bir adam idi) AzTv-nin həyətində məni görüb yaxınlaşdı və üzürxahlıq edib dedi ki, həyat yoldaşım qoymadı getməyə. Mənə dedi ki, əgər Şuşaya getsən səndən boşanacam. Həmin qırmızısifət oğlana heç bir cavab vermədim, üzümü döndərib getdim və ürəyimdə dedim ki, kül olsun sənin kimi biqeyrət kişinin başına. Sonradan eşitdim ki, səfərlə bağlı çox adama təklif olub. Ancaq onlar vətənin dar günündə Şuşaya gedib peşə fəaliyyəti göstərməkdən imtina ediblər.
... Ağır günlər idi. Ölkəmiz başsız qalmışdı. Həmin günlərdə Hacı Əbdül Milli Məclis binasının qarşısında çadır qurdurub mitinq edirdi. Bir neçə nəfər isə çadırlardan yuxarıda, binanın artırmasında dayanıb odlu-alovlu çıxış edirdi. Onlardan biri isə ötkəm-ötkəm deyirdi: - Biz Şuşanı necə lazımdırsa qoruyuruq... Əgər Şuşa əldən getsə başıma bir güllə çaxacam. Ancaq Şuşa əldən gedəndən sonra o, başına nə güllə çaxdı, nə də ki, başqa bir şey elədi...
... Sonralar Naxçivanski adına hərbi litseyin rəisi, görkəmli sərkərdə general-leytenant Valeh Bərşadlı ilə görüşdüm və o mənə elə dəhşətli şeylər danışdı ki, necə deyərlər, matım-qutum qurudu.
Valeh Əyyub oğlu Bərşadlı
Valeh Bərşadlı hərb sahəsində geniş biliyə və təcrübəyə malik bir sərkərdə idi. Vaxtilə o, Almaniyadakı Sovet Qoşunları Birləşmələri komandirinin müavini olmuşdu. O, 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir. Təəssüflər olsun ki, belə bir sərkərdə kənarda qaldı. Onunla məsləhətləşmək, təcrübəsindən bəhrələnmək olardı. Əksinə respublikanın hərb sahəsinə hərbdən başı çıxmayan, heç bir səriştəsi olmayan adamlar gətirilir və rəhbərlər təyin olunurdu...
Valeh Bərşadlı deyirdi ki, bir məclisdə iştirak edirdim və gördüyümdən dəhşətə gəldim. Həmin məclisdə hərbi rütbələri birbaşa konfet kimi paylayırdılar...
Axırda nəticəsi çox acınacaqlı oldu, düşmən fürsətdən istifadə etdi, hücuma keçdi, torpaqlarımızı itirdik. Abad kənd və şəhərlərimiz darmadağın edildi. Baba və nənələrimizin, ata və analarımızın, qardaş və bacılarımızın qəbirləri yerlə yeksan oldu. Ermənistandan 200 mindən çox soydaşımız doğma yurd-yuvalarından didərgin salındılar. Var-yoxları əllərindən alındı, ev-eşikləri talan olundu. Moskva xalqımızın ermənilər tərəfindən bu cür, vəhşicəsinə divan tutulmasına heç bir münasibət göstərmədi. Əksinə, Bakı hadisələri vaxtı Bakıda yaşayan hər bir erməni ailəsinin mənzilinin qarşısına 3-4 mühafizəçi əsgər qoydu. Azərbaycanlılardan fərqli olaraq yaxın Türkmənistana və başqa yerlərə üz tutan ermənilərə özlərini yaşatmaq üçün istənilən qədər pul verdi. Bu da rus dövlətinin (imperiyasının) o vaxt xalqımızın mənəviyyatına vurduğu ən böyük zərbələrdən biri oldu. Bu dəhşətli hadisələri heç vaxt yaddan çıxarmaq olmaz.
Yeri gəlmişkən onu da deyim ki, indi ahıl jurnalist, o vaxt isə ehtiyatda olan zabit və hərbi jurnalist dostum Adil İrşadoğlu general-leytenant Valeh Bərşadlı ilə yaxından tanış idi. Jurnalist Adil İrşadoğlu Valeh Bərşadlının rəisi olduğu hərbi liseydən dəfələrlə bir-birindən maraqlı film səviyyəsində verilişlər hazırlamışdı...
Adil İrşadoğlu (Əliyev)
Şuşadakı Studiyamız köməksiz idi. Erməni faşistləri istədikləri vaxt teleqülləni ələ keçirə bilərdilər. Bir nəfər milis işçisi bir tapança ilə nə edə bilərdi? Bizi qoruyan yox idi. Bunun şahidi rəhmətlik Xalq Şairi Xəlil Rza Ulutürk və Xalq Artisti Mikayıl Mirzə oldular... Bax beləcə, bizim Şuşa Televiziyamız (belə də demək olar) çox ağır bir durumda idi.
Yeri gəlmişkən, İllər, əsirlər boyu bizim başımıza gətirilən fəlakətlərin əsas bayiskarı keçmişdə Rusiyanın İrandakı səfiri, görbagor Aleksandr Sergeyeviç Qriboyedov olub. O, alihəzrətə ermənilərin Persiyadan (İrandan) Azərbaycana, bizim vilayətlərə köçürülməsi təklifi haqqında məktubunda açıq-aşkar İrandan Qarabağ torpaqlarına yerləşdirilən hər bir erməni ailəsinə necə şərait yaradılmasını və onlara nə qədər qızıl pul verilməsini ətraflı təsvir edib.
A. S. Qriboyedov
Bütün bunlara baxmayaraq ermənilərin şıltaqlıqlarına, fitnə-fəsadlarına göz yuman rusiyanın güc strukturları eyni zamanda Zori Balayan kimi bir nankorun xalqımıza qarşı yönəldilən və böhtan dolu kitabına heç bir münasibət bildirmədilər. Əksinə xalqımızın azadlıqsevən, odlu-alovlu şairi Xəlil Rza Ulutürkü heç bir əsas olmadan həbs edib Moskvaya apardılar. 1937-ci ildə Mikayıl Müşfiqi güdaza verən sapı özümüzdən olan baltaların yeni nəsli Xəlil Rzanı vicdan əzabı çəkmədən rus cəlladlarının caynağına keçirdilər. Ruslar Azərbaycanın bu böyük şairinə uzun müddət fiziki və mənəvi işgəncə verdilər. Pəhləvan cüssəli bu adam professor Qulu Xəlilovun təbirincə desək, əriyib çöpə dönmüşdü.
... Mən 1989-cu ildə Soçidən sanatoriyadan qayıdanda məqsədyönlü olaraq Tiflis şəhərində 1 günlüyə gecələdim. Səhərisi gün getdim Şeyx Sənan dağına - gürcü xalqının məşhur şəxsiyyətlərinin dəfn edildiyi qəbristanlığa. Bilirdim ki, xalqımızın qanlı düşməni Göbələkyeyənov - görbagor A.S. Qriboyedov orada dəfn edilib. Bilirdim ki, Tehrandakı qiyamçılar o şərəfsizi, it küçüyünü tikə-tikə doğrayıb qisas almışdılar. Mən isə A.S. Qriboyedovun xalqımıza qarşı törətdiyi cinayətin əvəzinə ona lənət oxudum, baş daşına 3 dəfə tüpürdüm və bundan sonra ürəyim rahatlaşdı. Təəssüf ki, A.S. Qriboyedovun xalqımıza qarşı törətdiyi cinayət başqa məzmunda bu gün də davam edir...
... İndi isə hazırın nazirləri çıxıblar ortalığa. Şuşanın o ağır günlərində ayağını Şuşaya qoymağa cəsarət etməyənlər indi Şuşaya getmək, heç bir xəcalət çəkmədən oraları qəhrəman kimi gəzib-dolaşmaq arzusundadırlar və bu arzularını kimlərinsə əli ilə həyata keçirirlər... Medianın İnkişafı Agentliyində siyahı tutulur və Şuşaya gedənləri dəbdəbə ilə yola salırlar. Halbiki bu ciddi məsələ Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurası rəhbərliyinin zəmanəti əsasında hazırlanmış siyahı ilə öz həllini tapmalıdır. Düşünürəm ki, Medianın İnkişafı Agentliyi Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurası ilə qarşılıqlı əməkdaşlığını daha da genişləndirməli və təkmilləşdirməlidir.
Yeri gəlmişkən, mən 10 yanvar 1990-cı il tarixində Şuşadan qayıdandan sonra Şuşadakı Studiyamızda jurnalist Vidadi Bağırov fəaliyyətə başladı. O da öz işini qeyrətlə yerinə yetirirdi. Necə lazımdırsa erməni vandallarını efir vasitəsilə qırmanclayırdı. Buna görə də ermənilər rus hərbçilərinin vasitəsilə Vidadini aldadıb apardılar Xankəndinə. Vidadi Bağırov 2 aydan çox Rusiyanın müxtəlif həbsxanalarında işgəncələrə məruz qaldı. Vidadi özü mənə deyirdi ki, türmə kamerasının qapısı açılanda bilirdim ki, gündüz və ya gecədir... Bax belə!
... Adil İrşadoğlu AzTv-nin keçmiş sabiq sədri rəhmətlik Babək Hüseynoğlu ilə dost idi. Babək Ermənistandan Azərbaycana köç edib gələndə işlə təmin olunmaq üçün AzTv-də Sənaye şöbəsinin müdiri işləyən hörmətli və unudulmaz Seyfulla Hənifə oğlu Cəfərovun yanına gəlmişdi. Adil də həmin şöbənin böyük redaktoru idi və Babəklə mütəmadi görüşürdü. Sonra Babək Adilin qonşuluğunda ev aldı. Onların yolu bir oldu, dostluqları dərinləşdi.
Babək Hüseynoğlu
Nəhayət nigaran əhali Birinci Qarabağ müharibəsinin gedişatından mütəmadi məlumatlar və video çəkilişlərlə təmin olundu. 1980-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Adil İrşadoğlu 1988-ci ildən 1996-cı ilədək cəbhənin müxtəlif, təhlükəli bölgələrindən yüzlərlə verilişlər hazırlayıb efirə verdi.
Adil İrşadoğlu Füzuli bölgəsində əsgərlərlə (1-ci sırada tən ortada)
İki həftədən sonra - noyabrın 1-də ahıl jurnalist, Qarabağın, Ağdamın simalarından biri olan sevimli dostum Adil İrşadoğlunun doğum günüdür, 69 yaşı tamam olur. Ancaq o jurnalistlik fəaliyyətindən bir an da olsun ayrılmır. Qısaca Adil İrşadoğlu (Əliyev) kimdir?! O, Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və onların işıqlandırılmasında yaxından iştirak etmiş, ancaq sonra inciyərək ondan asılı olmayan səbəblərdən ərizə yazıb Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətini tərk etmiş, respublikanın mətbuat orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmış, verilişləri və məqalələri ilə özünə auditoriya qazanmış, qurucusu və ilk baş redaktoru olduğu "De Fakto" qəzetini buraxmaqla xalqımızın dünyagörüşünü inkişaf etdirmiş, Azərbaycanda Vətənpərvərlik mövzusunda ilk internet televiziyanı - İRŞAD TV - ni yaratmış və ilk baş direktoru olmuş, mətbuatın ən ağrılı, keçid dövründə də qələmindən küsməmiş tanınmış jurnalistdir!
Əziz dostumu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.
QEYD: Qədirbilən oxucularımızdan yazı barədə öz fikirlərini bildirməyi xahiş edirəm. Birinci məqaləmi isə aşağıdakı linkə daxil olub izləyə bilərsiniz : https://adilirshadoglu.blogspot.com/2021/08/mn-ona-heyran-qalmisdim.html
Hörmətlə,
Lətif Niftəli oğlu Vəlizadə.
Şair, yazıçı-publisist.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985).