Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir.

 Kitabxananın Fəxri oxucusu, yazıçı, publisist, AYB-nin və AJB-nin üzvü, M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Xanım Mehdixanlı “Yarım qalmış arzular”, “Mübarizin nağılı”, “Qoca palıd” kitablarını, şair Zeynəb Camaləddin isə “Payız qoxulu nəğmələrim” kitabını kitabxanaya hədiyyə etdilər. Xanım Mehdixanlının “Yarım qalmış arzular” kitabında yazıçının müxtəlif mövzularda qələmə aldığı iki povest və on bir hekayə var. Povestdə müəllif hər bir oxucunun yaxınlığında olan çətin taleli insanlara həsas yanaşmalarını məsləhət edir. “Sevgi bitərsə” povestində isə ailələrdə olan xəyanətdən bəhs edilir. Belə əsərlər ailələrin dağılmasının qarşısının alınmasında böyük rol oynayır. Kitabdakı hekayələr isə müxtəlif mövzulardadır. Kitabda yer alan “Vətən bağı al-əlvandır” hekayəsi Vətən müharibəsində şəhid olan Fariz Rəhimov haqqındadır. Oxucu şəhidin timsalında döyüşçülərin qəhrəmanlıqlarının canlı şahidi olur. Xanım Mehdixanlının “Mübarizin nağılı” kitabında doqquz hekayə, iki nağıl yer alır. Müxtəlif mövzularda yazılmış kiçikhəcmli hekayə və nağıllar uşaqların vətənpərvərlik, humanist ruhunda böyüməsinə təsir edir. “Mübarizin nağılı” və “Ağıllı çobanın nağılı”nda vətənpərvərlik, xalqa məhəbbət tərənnüm edilir. “Mübarizin nağılı”nda yazıçı uşaqlara qəhrəman Mübarizin uşaqlıq illərindən məlumat verir: at çapır, qılınc oynadır, çövkən oyunlarında qalib gəlir. Mübariz düşmənləri məhv edərək, zirvələrə ucalır, onun adına dağ və qaya adlandırılır. “Kitabların söhbəti” və “Elmlərin mübarizəsi” hekayələri  uşaqlara elmi sevdirmək məqsədi daşıyır.

“Bir itin sərgüzəşti” hekayəsində uşaqlarda heyvanlara sevginin artmasını, onlara qayğı ilə yanaşmağı tövsiyə edilir. Yazıçı “Fəridin peşmanlığı”, “Gerçəkləşməyən xəyallar”, “Səbirsizlik” hekayələrində lovğalığın, səbirsizliyin mənfi xüsusiyyət olduğunu  uşaqlara çatdırır.  X.Mehdixanlı kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulmuş “Qoca palıd” kitabı on iki nağıl və hekayədən ibarətdir. Müəllif “Qoca palıd”, “Ana təbiətin qəzəbi”, “Meyvə bazarında” nağıllarında uşaqlara təbiət sevgisini aşılayır. “Bal arısı Milli” nağılında isə uşaqlara böyüklərin sözünə qulaq asmağın, onlara hörmət etməyin vacibliyi öyrədilir. “İt və canavar”, “Bala ayının səyahəti” adlı nağıllarda heyvanlara qayğı göstərmək, onları sevmək uşaqlarda maraq doğuracaq şəkildə təqdim olunur.

Nağıl və hekayələr uşaqlara əxlaqi, mənəvi dəyərləri aşılamaq, təbiəti sevdirmək məqsədi daşıyır. Layihəyə ilk dəfə qoşulan şair Zeynəb Cəmaləddin “Payız qoxulu nəğmələrim” kitabını kitabxanaya hədiyyə etdi. Kitab müəllifin oxucularla ilk görüşüdür. Torpaqlarımızın işğal olunduğu dövrdən şair şeir-şeir ağlayıb, üsyan edib, hər kəsi mübarizəyə, Qələbəyə səsləyib. Şairin yazdığı şeirlərdə Vətən sevgisi, igid Vətən oğullarının qəhrəmanlığı, sədaqət, Qələbə ruhu, düşmənə nifrət öz əksini tapıb.

Oxucular kitablarla Yasamal rayon MKS-nin kitabxanalarında tanış ola bilərlər.

Y.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN