Bu günlərdə Bakının Xəzər rayonun Şağan qəsəbəsində Azərbaycanda ilk Bədii-Etnoqrafik (Etno-Art) "XƏZƏR" Muzey Mərkəzinin rəsmi açılış mərasimi keçirildi.

Muzeydən "Təzadlar"a bildirildi ki, tədbir Əməkdar rəssamı Rais Rəsulzadənin 75 illik yubileyinə həsr olunmuş sərgi ilə açıq elan olundu. Açılışda Xalq rəssamları Xanlar Əhmədov, Qəyyur Yunus, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvi Səmədağa Cəfərov, Əməkdar rəssam Rais Rəsulzadə, bəstəkar Məryəm Əlibəyli, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon üzrə nümayəndəsi Arif Buzovnalı, Xalq artistləri Vamiq Məmmədəliyev, Teyyub Aslanov, Əməkdar artist Mirnazim Əsədullayev, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Xətai Sənət Mərkəzinin direktoru Zahir Əvəzov, YAP-ın Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, YAP-ın Xəzər Rayon Təşkilatının Aparat rəhbəri İlham Məmmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Uzaq Səfərlər Mexaniki Aqşin Xanızadə, professor Solmaz Tohidi, tarix üzrə fəlsəfə doktoru Cavanşir Axundov, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova və bir çox elm və incəsənət nümayəndələri iştirak ediblər. 

Muzeyin istifadəyə verilməsi münasibətilə Xalq rəssamı Ömər Eldarov onlayn bağlantı ilə təsisçini təbrik edərək uğurlar arzulayıb. Açılış mərasimində çıxış edən tarixçi-etnoqraf Təvəkkül Səlimov şəxsi təşəbbüs olaraq Azərbaycanda belə bir muzeyin istifadəyə verilməsini böyük töhfə adlandırıb və muzeyin fəaliyyətinə uğurlar arzulayıb. Çıxışlar zamanı diqqətə çatdırılıb ki, muzeylər cəmiyyətin inkişafında, maddi-mənəvi irsin, mədəni dəyərlərin və eləcə də xalqın tarixi yaddaşının qorunub saxlanmasında mühüm rol oynayır.

Muzeyin açılışı günü həmçinin Əməkdar rəssam Rais Rəsulzadənin 75 illik yubileyinə həsr edilən sərginin nümayişi qonaqlarda ikiqat bayram əhvalı yaradıb. Azərbaycanın gözəlliklərini lövhələrdə əbədiləşdirməkdən usanmayan rəssamın tabloları sanki doğma yurdun xəritəsini təqdim edirdi. Rəssamın yağlı boya ilə çəkdiyi çinarlar, “Abşeronda”, “Şuşada”, “Şahdağ” əsərlərinin aydınlıq dolu rəngləri, saysız çalarları göz oxşayırdı. Rəssam qısa çıxışı zamanı sərgiyə və muzeyin açılışına gələn qonaqlara təşəkkür edərək gənc təsisçinin nailiyyətini inanılmaz adlandırdı və mədəniyyətimizi, tariximizi yaşadan bütün gənclərə dəstək olmağın vacibliyini vurğuladı. 

Səyavuş Əlizadənin təsisçisi olduğu "XƏZƏR" Muzey Mərkəzində 12 mindən çox müxtəlif növ eksponat mövcuddur. Burada görkəmli Azərbaycan rəssamlarının şəxsi kolleksiyasından nümunələr, orta əsrə aid məişət əşyaları, görkəmli musiqiçi Bəhruz Zeynalova aid musiqi alətləri, XIX əsrə aid 20-30 daşbasma kitab, XVI-XVIII əsrlərə aid əlyazma kitablar, tətbiqi sənət nümunələri, Təbriz miniatür məktəbinə aid nümunələrdən tutmuş ən qədim daş salnamələrə qədər rast gəlmək mümkündür. Səyavuş Əlizadəni çoxları gənc kolleksiyaçı və həvəskar diyarşünas kimi tanıyır. Lakin bu gün muzeyin açılışı ilə o, bu işə heç də həvəskar deyil məhz peşəkar olaraq yanaşdığını təsdiq etdi. Təsisçi muzeyin açılışı ilə əlaqədar fikirlərini bizimlə də bölüşdü: “Çoxları soruşur ki, niyə bizim muzeyin açılışı məhz dekabrın 7-də baş tutur. Səbəb odur ki, 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qızlar məktəbinin binasında (indiki Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun binası), Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşan ilk parlament idi. 1919-cu ildə isə Parlamentin fəaliyyətə başlamasının bir illiyi münasibətilə İstiqlal Muzeyi təsis edilib. Mənim üçün ən əsas məqamlardan biri də odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti zamanı iki həmyerlim şağanlı Məmməd Yusif Cəfərov və Heybətqulu Məmmədbəyli dövrünün ən aktiv ictimai siyasi dühaları olmuşdur. Bu gün arzum olaraq reallaşdırdığım muzeyin açılışını tarixçi alim Firdovsiyyə Əhmədovanın məsləhəti ilə məhz bu tarixə töhfə olaraq nəzərdə tutduq. 22 illik kolleksiya toplamağımın nəticəsi muzeyin yaradılması ilə davam edir. Muzeydəki eksponatlar Azərbaycan tarixini, mədəniyyətini, etnoqrafiya və arxeologiyasını əhatə edir. Muzeyin ərazisini mənə hədiyyə edən orta məktəb müəlliməm Sevda xanıma sonsuz təşəkkür edirəm. Onu da xüsusi olaraq qeyd edim ki, onun hədiyyə etdiyi torpaq sahəsində yaxın gələcəkdə ərazisinin genişləndirilməsi nəzərdə tutulan muzey məhz onun adına “Sevda Abdullayeva adına “Xəzər” Muzey Mərkəzi” adlandırılacaq. Eyni zamanda tezliklə muzeyin ərazisində yaxın aylarda əslən şağanlı olan Azərbaycanın üç görkəmli nümayəndəsinin baralyeflərinin açılışı baş tutacaq. Bunlar, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrindən biri, parlamentin üzvü və naziri vəzifələrində çalışmış Heybətqulu Məmmədbəyli, Azərbaycanın ilk Uzaq Səfərlər kapitanı, SSRİ Ali Sovetnin VII çağırış deputatı olmuş HacıMurad Pənahov, Respublikanın Əməkdar elm və texnika xadimi, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru, astronom, akademik Hacıbəy Sultanovun baralyefləri gənc heykəltəraş Tamerlan Mirzəliyev tərəfindən hazırlanır. 

Qeyd edək ki, Səyavuş Əlizadə ixtisasca iqtisadçı olsa da, bu sahəyə olan marağı onu öz ixtisasından tamamilə uzaqlaşdırıb. Bir neçə il əvvəl “BakuCreativeCenter”də kolleksiyaçının “İlk və Son” adlı sərgisi də böyük maraqla qarşılanmışdı. Sərgidə Səyavuş Əlizadənin topladığı müxtəlif eksponatlar nümayiş olunmuşdu. Hazırda YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə açılmış və aprel ayınadək davam edəcək Xalq rəssamı MirNadir Zeynalovun "Mistik ruhun ömrü" adlı retrospektiv sərgidə Səyavuş Əlizadənin kolleksiyasından əsərlər də sərgilənir. 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN