Yaxud, böyük hərflərlə ADAM...

“Dəyərli Türk gənci! Sizlərə ən böyük tövsiyəm budur: Oxuyun! Heç usanmadan oxuyun! Oxuduqca dolacaqsınız. Dolduqca ürəyinizə yerləşməyəni, köksünüzə sığışmayanı, içinizdə kükrəyib daşanı qələmə alın, kağıza köçürün. Özünüzü hansı ədəbi növdə, hansı janrda uğurlu, səriştəli hesab edirsinizsə, məhz o istiqamətdə yazın: şeir, hekayə, roman, oçerk, fərq etməz, təki Siz yazın. Ruhunuzu ifadə etməyi, Özünüz olmağı bacarın! Uzaq durmağınız gərəkən bircə məqamı unutmayın: təəssübkeşlik. Heç zaman kütləviləşməyin, fərd olmağı, azad olmağı, azad düşünməyi və insanlara istisnasız olaraq sayğıyla yanaşmağı bacarın. Bilin ki, bu gün tənqid etdiyiniz insana sabah böyük heyranlıqla baxa bilərsiniz. Yeniliklərə, fərqliliklərə açıq olun, amma milli dəyərlərimizi də unutmayın, öz bünyənizdə yeniliklə gələnəyi bütövləşdirməyi bacarın...

Bu sətirləri oxuduqca belə hikmətli, altun dəyərli kəlmələrin ünvanlandığı bir türk gənci olduğumla və biz gəncliyə bu böyük ürəklə, bu əngin sevgiylə yanaşan Bilgə bir Türk Aydını ilə eyni zamanda yaşadığımla izaholunmaz qürur duyuram... Yolumuzun başında işıq kimi dayanan, ayaqlarımız incinməsin deyə əzablı yolları biz gəlib çatana qədər hamarlayıb cığır açan və gəncliyə sonsuz inamla yanaşan yolgöstərən bir ziyalının bu həssas sözlərini kövrəlmədən oxuya bilmirəm.

Bu sözlərin müəllifi Ədəbiyyat dünyasında Sözünün və Özünün dəyərini, çəkisini, hörmətini qoruyan, sözün üz ağlığını özünün üz ağlığı bilən milli düşüncəli qələm adamı Sərhat bəy Kabaklıdır.

Bu günlərdə ədəbiyyatımızın fədakar dostu, yorulmaz təbliğatçısı, ürəyi Azərbaycanla döyünən İmdat Avşarla söhbətlərimizin birində “Bilirsən, Xəyalə, Sizin o sevə-sevə oxuduğunuz “Vatanına göz dikəni əz, Oğlum!” misralarının, o məşhur “Bil, Oğlum!” şeirinin müəllifi bizim əziz başqanımız, dəyərli böyüyümüz Sərhat bəy Kabaklıdır” - deyəndə heyranlığımdan donub qaldım. Uzun zamandır, şeirlə, sənətlə, ədəbiyyatla məşğul olmama rəğmən bu qədər ciddi bir məqamı bilməməyim özümə təəccüblü gəlsə də, bütün səmimiyyətimlə bunun ən sadə cavabını belə izah edirəm: Bütün türk dünyasının milli marşı kimi qəbul etdiyimiz bu poetik parçanı bizim hər birimiz öz düşüncəmizin, mənəvi varlığımızın tərcümanı kimi  qəbul etdiyimizdən; müəllifinin kimliyi axtarışında olmamışıq, elə bilmişik ki, özümüz yazmışıq... Həqiqətən, elə bilmişik... Öz zehnimizin, ruhumuzun mayəsi kimi hiss etmişik.

Rəhmətlik dədəm deyərdi ki, yaylağa köç eləyəndə göz yaşı kimi dumduru şeh damlasının izinə düşüb bir bulaq tapardıq, bizim üçün dünyalara bərabər olardı... İndi İmdat bəylə söhbətimiz sözün həqiqi mənasında, o bulağın izinə düşmək üçün əlimdən tutan yol bələdçim oldu... Və mən bir şeirin işığında dərin bir dərya – Sərhat Kabaklı kimi böyük bir dünya kəşf etmiş oldum:

Gün gidende ay gelende gel, oğlum
Cihan yanar sen gülende gül
, oğlum
Bir yol vardır, Hakk yoludur, bul
, oğlum
Yeri bilmek göğü bilmek bil
, oğlum

Çabuk büyü çabuk yetiş tez, oğlum
Çakal gezen şu dağlarda gez
, oğlum

Əgər hər hansı şeiri və ya əsəri oxuyan adam həm müəlliflə, həm də bu əsəri oxuyan başqa adamlarla eyni hissləri keçirib ruhən onlara qaynayıb qarışırsa, deməli, bu əsl sənət əsəridir. Belə əsəri oxuyanda adama elə gəlir ki, burda yazılanlar hamısı onun çoxdan demək istədiyidir. Əsl sənət əsəri həm oxucuyla müəllifin, həm də oxucuyla başqa oxucuların arasından bütün sərhədləri götürür. Əsl sənət əsərinin gücü də məhz bunda, insanları bir-birinə doğmalaşdırmağındadır. Sərhat bəyin yaradıcı adam kimi uğurunun təməlində də bu dayanır. Və mübaliğəsiz deyə bilərəm ki, əgər Sərhat bəy ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olmasaydı, bircə cümlə yazmasaydı belə, bir tək “Bil, oğlum!” şeiri ilə ədəbiyyat dünyasında möhürünü vurmuş olacaqdı...

Gez oğlum
Vatanına göz dikeni ez oğlum.!
Dostun kim düşmanın kim sez oğlum
Tarihini şerefinle yaz oğlum
Yaz oğlum.!

Müəllif özü bu şeirin yazılma tarixçəsini belə nəql edir: “1981-ci ilin 7 apreli idi... Oğlum dünyaya gəlmişdi. Hamı uşağın başına toplaşıb körpə ilə ilgilənərkən hiss etdim ki, Ruhumun yazmağa ehtiyacı var. İnanın ki, necə hiss etdimsə, bir hərfi də dəyişiklik etmədən yazdım. O zaman şeiri əmimə təqdim etdim, şeir jurnalda yayınlandı və nədənsə, sonra mən o şeiri tamamən unutdum. Bir gün divar təqvimində imzama və sözlərimə rast gələndə açığı çox kövrəldim. Əmim oğlu Əsat Kabaklı söylədi ki, mən bu şeirə musiqi bəstələyəcəm və Əsatın bəstəsi şeirin tozlu rəflərdə qalmasına izin vermədi.  Beləliklə,  “Bil, Oğlum!” türk dünyasının çağırış, oyanış türküsünə çevrildi... Ötən illərdə isə oğlum “Bu şeir tək mənə yox, bütük türk millətinin övladlarına həsr olunub”- deməklə məni çox duyğulandırdı”.

Bəli, Sərhat bəyin dediyi kimi, dərindən yanaşanda bu şeir oğul ya qız olmasından asılı olmayaraq uca Türk millətinin bütün övladlarına xitab edilib:

Senden gider sonsuzluğa yol oğlum
Dört bir yana salmalısın kol oğlum
Ekmeğini aç olanla böl oğlum
Haram yeme, hakk uğruna öl oğlum!

Çabuk büyü çabuk yetiş tez oğlum
Çakal gezen şu dağlarda gez oğlum
Çabuk büyü çabuk yetiş tez oğlum
Hain gezen şu dağlarda gez oğlum

Bu, adi bir şeir deyildir. Bu, sanki ilahi bir nəfəs, Haqdan gələn Səsdir! Bütün ömrünü haqq yolunda yürüyən Bilgə bir Atanın övladına Haqq olanı, doğru olanı tanıtmasıdır, Haqq uğruna mücadiləyə, hətta ölümə çağırışıdır... Öz ömrünü zülmətləri aydınlatmaq üçün şam kimi əridən müdrikin – bir işıq adamın, sadəcə, şeiri yox, nəsihətləridir bunlar...

Özünü dərk edəndən Ruhunu Tanrı əmanəti kimi qorumağa çalışıb Sərhat bəy... Bütün dəyərləri dəyişən dünyanın tən ortasında dəyişməyib, əzəmət qalasından bircə kərpic də xırdalanmayıb, xırdalanaraq böyüməyi, yaşamağı, ucalmağı qəbul etməyib və insanlara da əqidəsində, yolunda sadiq olmağı bir Bilgə kimi həmişə tövsiyə edib. İxtisasca müəllim olub, amma təkcə elm öyrətməklə vəzifəsini bitmiş hesab etməyib, öyrəncilərinə kitablardan daha öncə həyatı öyrədib Sərhat bəy...

Ot kökü üstə bitər, - deyirlər... Sağlam torpağın və sağlam toxumun üzərində həmişə sağlam fidanlar pöhrələyər. Bu gün Sərhat Kabaklı qocaman bir Dədə Palıd kimi dörd bir yanına kölgə salır... O, zəngin mənəvi ənənənələri olan bir ailənin işığından pay alıb. Sərhat bəyin fikirlərinin formalaşmağında Əmisi Türk dünyasının böyük düşünürlərindən olan Əhməd Kabaklının müstəsna əməyi olub. Əhməd Kabaklı böyük türk ədəbiyyatının çoxəsrlik tarixini beş cilddə toplayan dəyərli bilim adamlarımızdandır. Həmin toplunun böyük hissəsində Azərbaycan ədəbiyyatı tarixi də yer alıb. Bu, hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün mühüm işdir. Bu o deməkdir ki, Əhməd bəy Azərbaycanı öz vətənindən heç zaman ayrı tutmayıb.

Əmisi ilə bağlı xatirələrində Sərhat Kabaklı söyləyir ki, o zaman 18 yaşım olanda əmim mənim şeirimi Türkiyənin ən böyük ədəbiyyat dərgisində çap etdirdi və ondan sonra ədəbi məsuliyyətim daha da artdı.

21 yaşındaydım. Əmim telefonla oxuduğum yurdu aradı və məni qurucusu olduğu Türk Ədəbiyyatı Cəmiyyətinə çağırdı. Həmin ərəfədə mənim “Mərmər və İnsan” adlı şeirim yenicə işıq  üzü görmüşdü. Türk Ədəbiyyatı Cəmiyyətinə çatdım ki, Nəcib Fazil Qısakürək içəridə oturur. Məni görəndə ayağı qalxdı və qaşlarını çatıb: “Sən özünü kim hesab edirsən ki, mənim hələ gələn il yazacağım şeiri indidən yazmağa cəhd edirsən?”-dedi. O görüş məni xatirimdə və yaradıcılığımda unudulmaz iz qoymuş oldu.

Bu gün Əhməh Kabaklı da, Nəcip Fazıl Kısakürək böyük Türk millətinin ürəyinə - mənəvi dünyasına köçüb. İlk qələm təcrübələrindən başlayaraq  Əhməd Kabaklının təsiri ilə yazıb-yaradan Serhat bəy isə “Öncə göyərçinləri vurdular” və “Bil, Oğlum!” şeir kitabları ilə türk oxucusunun ürəyini çoxdan fəth edib.

Fəqət, heç zaman şairlik iddiasında olmayıb Sərhat bəy... Sadəcə söz ürəyinə yük olanda yazmaqla hüzur tapıb. Tanrıdan Ruhuna hopan səsi sözə çevirməklə ilahi bir rahatlığa qovuşub. Sanki sözə, sənətə sığınaraq dünyanın boş hay-küyündən xilas olmağa çalışıb...

Bu gün Sərhat bəy İstanbulda əsası 1978-ci ildə Əhməd Kabaklı tərəfindən qoyulan yarım əsrlik tarixi və ənənəsi olan Türk Ədəbiyyatı Vəqfinin başqanıdır. Vəqfin Ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən, Azərbaycanı əhatə edir. Dəyərli Sərhat Kabaklı söyləyir ki: “Biz Türk Ədəbiyyatı Vəqfi olaraq Türk dünyasının bütün coğrafiyalarına türkcə danışılan hər bir vətən parçasına yetməyi və buralarda yaşayan qardaşlarımızla, ədəbiyyat və sənət mühiti ilə qucaqlaşıb ədəbi əlaqələrimizi genişləndirməyi hədəf olaraq seçmişik”.

Yeri gəlmişkən, bir məqamı qeyd edək ki, Azərbaycan ədəbiyyatının təbliğində Türk Ədəbiyyatı Vəqfinin xidmətlərindən dolayı dəyərli Sərhat bəy Beynəlxalq Mahmud Kaşğari Mükafatı almış, Azərbaycan Yazıçılar Birliyinin, Vektor Elm Akademiyasının müxtəlif ödüllərini və Azərbaycan Milli Elmlər Akademiyasının “Ədəbiyyat İnstitutunun fəxri doktoru” titulunu qazanmışdır.  

Adlar, titullar, mükafatlar, təltiflər – əslində, bunların hamısından daha ucada dayanan bir məqam – insanların qəlbinə gedən yoldur... Önəmli olan insanların qəlbinə gedən yolu tapmaq və Öz işığı, saflığı, səmimiyyəti ilə insanlığa, sözün bütün mənalarında, töhfə verməyə çalışmaqdır ki, Sərhat bəy bu mənəvi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca, yaşlandıqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur. Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Sərhat bəy məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xeyirxahlıq üçün, işıq üçün yol olan,  şərəfli ömrünü fədakarlıqla insanlığın, türklüyün, türkçülüyün rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı vətəndaş, Bilgə Aydın... Böyük hərflərlə ADAM...

Bu sətirləri yaza-yaza sayğıdəyər Əsat Kabaklının möhtəşəm ifasında dinlədiyim Sərhat bəyin hikmət dolu sözləri məni illərin qürbətində qalan uşaqlığıma aparır... 4 yaşım vardı... O zaman Türkiyə ilə sərhədlər yenicə açılırdı... Atam işlədiyi nazirlikdən ezamiyyə ilə Türkiyənin müxtəlif bölgələrinə  səfərlər edirdi. Bir dəfə üzərində Mustafa Kamal paşanın imzası olan köynək alıb gətirmişdi mənə. Rəhmətlik anam o köynəyi ən yaxşı yerlərə geyindirərdi və heç zaman paltaryuyan maşında yumazdı, əlində yuyardı. “Onun üstündə Atatürkün imzası var!” necə razı olaram ki, başqa paltarların tozu, torpağı onun üstünə çıxsın, - deyərdi... Bu xatirə yaddaşımın bir köşəsində həmişə yaşayır... Atatürkün özü kimi... dipdiri...

Bu il Vətən savaşı ərəfəsində həyat yoldaşım qızlarımıza bir qolunda Azərbaycan, bir qolunda Türkiyə bayrağı olan paltarlar alanda öz uşaqlığımı, üzərində Atatürk imzalı köynəyimi xatırladım. Qəribədir, heç özüm də bilmədən qeyri-ixtiyari mən də qızlarımın Türk bayraqlı əlbisələrini bütün paltarlardan ayırıb kənarda əlimlə yudum...

Və indi Sərhat bəyin misralarının dərinliyindəki mənanı dərk etdikcə bu həqiqəti özüm üçün həyat qayəsi kimi aydınlaşdırıram ki, Bizim yolumuzun başında “Bir yol vardır, Haqq yoludur, bul, Oğlum!” - deyən müdrik atalarımız köynəyimizin üstündəki imzanı köksünün başında Quran kimi qoruyan analarımız olduğu sürəcə biz gənclər də balalarımızın çiyinlərindəki qoşa bayraqları qoşa qanadımız kimi, iki gözümüz kimi, əyilməz dizimiz kimi, heç zaman ayrılmayacaq bütöv bir biz kimi qoruyacağıq!

Xəyalə ZƏRRABQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN