...Evdən çıxıram. Qapı bir qonşumuz Bayram Bayramov “Qabiloğlu, necəsən? Atan necədir?” demir. Beşinci mərtəbədən enən Əmir Mustafayev “Qabil, sən Allah məni içirtmə, öd kisəm səhərəcən ağrıyıb” demir. Üçüncü mərtəbədə Hüseyn Abbaszadə “Qabiloviç, atan necədir? Dünən evdən yaman səs-küy gəlirdi. Qonaqlıq idi? Deyəsən Şamaxıdan “kanistrlə” şərab göndəriblər... hə?” deyə söz atmır. İsmayıl Şıxlı “Mahir, yaxşısanmı?” deyərək, kirvəlik etdiyi gün ona yağdırdığım söyüşləri yada salaraq, ürəyində “daş düşəydi o günə” söyləmir. İki gəlinin əlindən zinhara gələn, amma hislərini heç vaxt biruzə verməyən ədəbi tənqidşi, ikinci mərtəbədəki qonşumuz Əkbər Ağayev “Qabil, hər dəfə yeməkdən sonra bir dilim pendir ye. Xeyirdir” demir. Yusif Vəzir Çəmənzəminlinin – onun həbs edildiyi gün bu mənzərədən qorxub dəli olan, atasını ruhunu özündə gəzdirən – qızı, qapının arasından mülayim səslə, mehribanlıqla “Mahir bala, necəsən?” söyləmir. Orxan Çəmənzəminli “Qabil, ürək də akkumlyator kimidir. Bir tərəfdən dolanda, o yandan boşalmalıdır. Sən ürəyində söz saxlamırsan. Ona görə də heç vaxt infarkt olmayacaqsan” demir.
İkinci mərtəbədə yaşayan Salam Qədirzadə eyni rəngdə olan maşınlarını səhv salaraq onun maşınını yuyan Qabilə tamaşa etmir.
O biri tərəfdəki balkondan akademik Kamal Talıbzadənin nurani, ziyalı sifəti görünmür.
Üçüncü mərtəbədən İlyas Əfəndiyevin “Öhhö-öhhö” sədaları gəlmir.
Bütün günü balkonda oturaraq Hüsü Hacıyev küçəsində camaatı seyr edən şair Zeynal Xəlil və Mirmehdi Seyidzadə görünmür.
Əliağa Kürçaylı balkondan yüksək səslə “Qabil, Salyandan yaxşı balıq göndəriblər. Salamı da çağırmışam. Gəl bizə, vuraq” demir.
90-cı ildə “Bəxtiyar Vahabzadəni öldürüblər” şaiyəsindən səhər erkən həyətimizə axışan kütlənin bu narahatçılığına son qoymaq üçün qonşumuz Qənirə Şıxlı beşinci mərtəbəyə qalxıb, Bəxtiyar əmini yuxudan oyadıb, balkona çıxarıb, o da “ay camaat, hər şey qaydasındadır. Sağ-salamatam” demir.
Mən maşın yuyanda işdən qayıdan professor Ziynət Əlizadə “Əhmədlidə su gəlmir, saatla verirlər. Sən isə burda suyu boş-boşuna küçəyə axıdırsan” deyə iradını bildirmir. Həyat yoldaşı professor Mübariz Əlizadə isə onu sakitləşdirməyə çalışmır.
Onların qonşusu, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın qızı Şəfəq və onun həyat yoldaşı, Ağdaşın prokuroru Nurəddin “Qabil müəllim, Mamed gəlin Ağdaşa, sizə qulluq edim, gözəl bir qonaqlıq verim”, atam da “indi bir qonaqlığa görə biz yayın cırhacırında burdan durub basa-basa Ağdaşa gəlməliyik?Qonaqlığı Bakıda ver də...” cavabını vermir.
Başında panama, həmişə qəmgin, fikirli Əhməd Cəmil mən futbol oynayanda gəlib bloka girmir.
Həmişə olduğu kimi “zakusoçnı”da vurub dəm olan, ayaqları yer tutmayan şair Tələt Əyyubovu qəlyənaltının bufetçiki rus qadın evlərinə ötürmür.
Şair Qasım Qasımzadə liftdə qəza zamanı həlak olan oğlu Fəxrəddinin oğul-qız övladlarını həyətə oynamağa düşürüb, onlara baxa-baxa dişlərini güclə ağardıb, zorən gülərək, gözlərindən yaş gəlmir.
Heydər Əliyev atama zəng edib “Qabil, necəsən? Yenə də vurursan? Hədiyyəni göndərirəm. Ad günün mübarək!” demir.
Qonşu həyətdən bəstəkarlar Tofiq Quliyev, Vasif Adıgözəlov, Süleyman Ələskərov, Şəfiqə Axundova, Qara Qarayevin, akademik Mirəli Qaşqayın, şair Nəbi Xəzrinin səsləri gəlmir.
Çünki hamısı o dünyadadır. Atam Qabil də, anam Hacıbəyim də. Bütün qonşularımız, görkəmli ədiblərimiz, rəhbər Heydər Əliyevimiz də. O dünyamız zənginləşib, bu dünyamız kasıblayıb. Maddi cəhətdən yox, mənən kasıblamışam. Ətrafım, mühitim də kasıblayıb. Bir-iki nəfər qalıb ki, onlarla da nəinki bahar olmur, qışı güclə çıxarıram. Acından, maddi ehtiyacdan yox, mənən, gözüm görə-görə ölürəm. Həyat da yoxdur ki, həyatdan küsüm. Hamı bir-birinə pul qismində baxır. Bir vaxtlar bir-birimizə “yoldaş” deyə müraciət edirdik, sonra “bəy”, indi isə “cənab” deyirik. Artıq “manat” müraciətinin dövrü gəlib. Təsəvvür edin kasıba “Manat Məmmədov” müraciət edirsən, o da mən “manat” yox, “qəpik Məmmədovam” deyir.
İndi özünüz deyin – o dünya zəngindir, yoxsa bu dünya? Bəs mənim yerimdə olsaydınız hansını seçərdiniz?
MAHİR QABİLOĞLU
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN