...Hələ də 14 fevralı Sevgililər Günü kimi bayram edənlər var... Olsun! Kim hansı gündə özünü xoşbəxt, rahat... hiss edirsə, qoy həmin gün onun günü olsun! Amma hamımız bilirik ki, Sovetlərin hakimiyyəti dönəmində bizə də digər müttəfiq respublikalar kimi özəl bayramlar "bəxş edilmişdi". Məsələn, Azərbaycanda və digər türkdilli məmləkətlərdə il mart ayında-Novruzda təsələnir. Amma biz hələ də yeni ili yanvarın 1-dən başlayaraq bayram edib qarşılayırıq.
Yaxud, uzun illər mayın 1-i Dünya zəhmətkeşlərinin həmrəyliyi günü kimi qeyd edilib... Amma şəxsən Azərbaycan üçün, hesab edirəm ki, həmrəylik günü 2020-ci ilin sentyabrın 27-dir! Çünki həmin gün Azərbaycanın qocası-cavanı, qızı-gəlini, nənəsi-bacısı, igid oğulları, iqtidarı-müxalifəti... birləşərək uzun illərdir torpağımızı işğal etmiş (etdirilmiş) Ermənistanın işğalına son qoymaq üçün ayağa qalxdı, cihad etdi, düşməni məhv etdi, torpaqlarımızdan qovdu!
***
Gəlirəm 14 fevralı Sevgililər günü kimi qeyd edənlərin arzularına. Araşdırmaçı jurnalist Çingiz Sultansoyun bu barədə maraqlı yazısı var. Aşağıda təqdim edəcəyəm. Amma Azərbaycanın sevgililər günü də rəsmiləşdirilməlidir. Təkcə 1990-cı ildə İlhamın rus əsgərləri tərəfindən güllələnməsi xəbərini eşidəndə onun nişanlısı Fərizə intihar etmişdi... Bu, Azərbaycan gənclərinin sevgi nəğməsi, məhəbbət dastanıdır! Elə isə, niyə həmin günü tanıdığımız sevgi qəhrəmanlarının adına olan günü deyil, tanımadığımız bir ölkə gəncinin başına gəlmiş bir sevgi hadisəsini Sevgililər Günü kimi qeyd edək???
Bu da həmkarımızın qənaəti:
- İyirmi ildən çox tanıdığım bir xanım 14 Fevral - Sevgililər Günüylə bağlı yazıb ki "Həyatımda romantik münasibət görmədim". Xanımın yaşı qırxı keçsə də, çətin bir həyat yaşasa da, gözəlliyi solmayıb. Bu bir yana, heç gözəl olmasaydı belə məlahəti, davranışı, gəncliyindəki naz-qəmzəsiylə rəgbət, simpati və məhəbbət doğuracaq, kişini dəli-divanə edə biləcək bir xanımdır. Ona görə bu etirafı məni kədərləndirdi, amma təəccübləndirmədi.
Ona görə ki, qırx-qırx beş il öncə ərli, üç uşaq anası olan bir xanımın etirafını yadıma saldı. Məndən iki yaş böyük, çox gözəl və seksi olan bu xanım etiraf etmişdi ki, qonaqlıqda masa arxasında oturanda, bir oğlanın süfrənin altında nişanlısının əlini xəlvətcə tumarlamasını görmüşdü və o qıza həsəd aparmışdı. "Mən ərimdən heç vaxt heç bir nəvaziş görməmişəm" demişdi...
Təqsir ərlərində, biz kişilərdədi ki, xanımlara bu hissləri, münasibəti, ovqatı yaşatmamaşıq? Yoxsa birinci xanımın özündədir ki, kişilər hüzurunda nəsə romantik bir söz, əməl, hərəkətdən çəkinib? Belə zəhmli, qupquru xanımlar görmüşəm, tanımışam az da olsa.
Bəlkə bu gözəl xanım "heç zaman romantik münasibət görmədim" deyəndə yanılır? O mənada ki, onun da həyatında arzuladığı, can atdığı romantik anlar, saatlar, aylar-günlər olub, amma onları sanki görmür, anlamır, dərk eləmir? Tək qadınlara yox, kişilərə də, bütün insanlara xas olan bir özəllikdi - malik olduğunun qədrini bilməmək, dərk etməmək. Məhz bu səbəbə aşağıdakı sualları ona və Facebookda dostluğumda olan bütün xanımlara ünvanlayıram.
Sizə heç vaxt gül, ətir, konfet, şokolad hədiyyə etməyiblər? Sizi küçədə, qapı ağzında gözləyiblər? Həsrətlə baxıblar? Qaba olmayan, ürkək, eşq dolu baxışlarla günlərlə, aylarla təqib ediblər? Görüşə çağırıblar?
Məclisdə, bir çox adam içində masa arxasında oturanda sevgiliniz ya nişanlınız, ya əriniz süfrənin altında əlinizdən xəlvətcə tutub? Əlinizi tumarlayıb? Dizinizə yavaşca toxunub?
Saçlarınızı tumarlayıb, qoxlayıb? Pəncərədən, barmaqlıq arasından uzatdığınız əlinizdən, barmaqlarınızdan öpüb?
Bu cür oxşama, nəvaziş, bu sadaladığım kimi hallar və hərəkətlər özü romantika deyilmi? Bütün bunlar, ya bir hissəsi, ya heç olmasa birisi qadının həyatında olubsa, deməli o romantik anlar və hisslər yaşayıb.
Həqiqətən heç biri olmayıbsa, acınacaqlıdır...
P.S. Bu sözlər qadınlara da, kişilərə də aiddir. 14 fevral - Sevgililər gününüz mübarək olsun!
Romantik məhəbbət haqqında ən gözəl ədəbi nümunələrdən biri rus nasiri Aleksandr Kuprinin "Гранатовый браслет" (1910) povestidir, zənnimcə. Filmi də var.
P.P.S. Aleksandr Kuprinin anası tatar xanı olan Qulancaq nəslindəndir, məzkur povestin qəhrəmanı olan xanımı da tatar əsilli rus təsvir edib, yanılmıramsa.
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN