Fransada keçirilən "Kann" kinofestivalnın növbəti günündə də dünya ulduzları obyektivlərə tuş gəlib.

Pin It

Aparıcı Ulvira Qarayeva qızı Zeynəblə olan açıq-saçıq şəkilini “İnstaqram” hesabında paylaşıb ki, guya bu da izləyicilərin marağına səbəb olub.

P.S. Marağa səbəb olar dəə... Ana öz qızına abır-həyalı olmağı öyrətmək əvəzinə, qızından betər açıq-saçıq çəkilən şəkillərini paylaşır. Adama deyərlər, ay Ulvira xanım, sənin 50 yaşın var, bu yaşda bu geyim nə deməkdir? Qızı yazıq da neyləsin? Anasına baxıb o da açıq-saçıq geyinəcək dəə... Bu səbəbdən də ana-balanın açıq-saçıq şəkilləri marağa səbəb olub.

Pin It

(Yumoristik hekayə)

Xanəli kişi xəstəlikdən ölmüş qara toyuğunu qapılarının ağzındakı tozlu yoldan ötüb keçən QAZ-69 markalı maşının dal təkəri altına tullayanda yan-yörəsində heç kəs yox idi. Sürücü Əmiraslan Səlimov duyuq düşməmiş, Xanəli kişi elə o dəqiqə də həşir qopardı:

- Vay, Allah komanı dağıtsın, saxla. Evimi uçurdun təpəmə, var-yoxumu, anaş toyuğumu basdın!  Ay yaramaz, ay alçaq!..

Bu sözləri eşidən sürücü Əmiraslan dayı tozanqıda maşını tələm-tələsik saxlayıb, rəngi avazımış halda sükan arxasından düşdü; ürkək addımlarla toyuğun hərəkətsiz cəsədinə tərəf bir-iki addım atmışdı ki, onu görən Xanəli kişi bir az da başladı loğazlanmağa:

- Həə!.. Sən də belə?! Ay lənətə gəlmiş, mənim qapımda toyuğumu basırsan?.. Gor dədənə od vururam, yoxsa yox?! Mənə də Xanəli deyərlər!..

Əmiraslan dayı Xanəli kişinin ərəsət mərdimazar olduğunu, yapışdığından zəli kimi qopmadığını çoxlarından eşitmişdi. Odur ki, bərk yerə ilişdiyini duydu. İndiki vəziyyətdə nə dərəcədə günahlı və ya günahsız olması haqqında çox götür-qoy etməyib, Xanəli kişiyə təskinlik verdi:

- Ay Xanəli, başına sadağa, bir toyuq nədir ki, onun üstündə mənə dişinin dibindən çıxanı dedin, heç ayıb deyilmi? Bir toyuğun ölüb, ikisini alıb verərəm! Daha söz-bez nəyə gərəkdir?

Xanəli cin atına mindi:

- Ə, alaq otu, o toyuğuydu ki, əvəzində toyuq alıb verəsən? O mənim atamıydı, anamıydı. Külfətimin boğazına bıçaq çəkdin... Onun haqq-hesabını səninlə məhkəmədə çəkəcəyəm! Səni məhşər ayağına dartmasam, o toyuğun yumurtası mənə haram olsun?!

Xanəli kişi bu sözləri birnəfəsə deyib, doqqazı bərk vurdu. Əmiraslan dayı da kor-peşiman maşını gətirib idarənin qarajına qoydu. O gecə ilan vuran yatdı, amma Əmiraslan dayı sübhədək çimir almadı...

Bəli, işə məhkəmə qarışası oldu. Xanəli kişi müstəntiq Əsgərovun qulağına əyilib nə pıç-pıç elədisə, o da bığaltı gülümsünüb başıyla təsdiqlədi. Çox yazıb-pozdu, axırı ki, düzüb qoşdu; Xanəli kişinin xeyrinə sicilləmə bir yazı yazıldı.

...Sürücüylə Xanəlini barışdırmaq üçün onun ayağına çox qohum-qardaş, tanış-biliş döşəndisə də, xeyri olmadı. Kor tutduğunu buraxmadığı kimi, Xanəli də sürücünün yaxasını buraxmadı ki, buraxmadı. Bu qarayaxanı məhkəmə orqanları da iki dəfə cəhd etsələr də, sürücü Əmiraslanla barışdıra bilməmişdilər. Xanəli kişinin "yuxarılara" axan şıkayət ərizələrindən sonra, işə üçüncü dəfə baxıldı. Özü də necə baxıldı.

Toyuq məhkəməsinə məmə yeyəndən tutmuş pəpə deyənə kimi hamı gəlmişdi. Xanəlinin arvadı da gəlmişdi, yedəyində körpələri. Arvadların, qızların çox güləni şallı, yaylıqlı gəlmişdi. Başlarına örtmək üçün yox, bellərinə dolamaqdan ötəri; gülməkdən qarınlarına güc düşüb ağrımasın deyə. (Bir də Allah min rəhmət eləsin, atalar deyiblər ki, çox gülməyin ağlamağı da var!).

Söz Xanəliyə veriləndə nəzərlər hamısı ona zilləndi. Xanəli iynə udmuş adam kimi bir neçə dəfə çənədanını təmizləyib sözünə davam etdi:

- Adil məhkəmə, bu Əmiraslandı, nədi bilmirəm, mənim toyuğumu basandan evimdə yasdır.

Hamı bir ağızdan gülüşdü. Xanəli gülüşmənin qurtarmasını gözləyib boğazını arıtladı:

- Toyuq öləndən yeddi baş külfətimin azuqəsi kəsilib. Arvadımnan səkkiz baş. Rəhmətliyin yumurtasına toyuq yumurtası deməzdin, fərəc qaz yumurtası idi.

Məhkəmə salonunda yenə gülüşmə qopdu.

- Bax bu arvadağa qara toyuğun bir yumurtasını pencərlə, göy-göyərtiylə kükü bişirib yeddi uşağın qarnını doyururdu; hələ bizə də çatırdı, bir az da artıq qalırdı... Kaş o mənim bu uşaqlarımın birini basaydı, uf deməzdim, amma toyuğumun ayağına daş da dəyməyəydi. Qara toyuqla əl-ələ verib bu ailəni birtəhər dolandırırdıq. O toyuq, bax, bu arvaddan da mənə irəli idi!..

Arxada kimsə qəşş elədi. Hamı xorla güldü.  Bu yerdə Xanəli sinəsini qabağa verib, bir az da gürrələndi:

- Hə, düz deyirəm. Qara toyuq mənə bu arvaddan min qat artıq idi. O mənə gündə bir yumurta verirdi, bu arvad heç onu da vermir!..

Məhkəmə də, sağdış, soldış da camaata qoşulub gülməkdən özlərini saxlaya bilmədilər...

Hakimin zəngi bir neçə dəfə səsləndikdən sonra, Xanəlinin boğuq səsini eşitmək mümkün oldu:

- Hə, bir də onu demək istəyirəm ki, buğdanın qıt vaxtı özüm bir ovuc buğdaya tamarzı olduğum halda qara toyuğa çuval-çuval buğda yedirtmişəm. İndi o, axirət dünyadadır, halal-xoşu olsun!

Salonda yenə də bərk gülüşmə qopdu. Hamı uğunub getdi. Hakim - Xanəli kişiyə son söz verdi:

- Hər şey aydındır, Xanəli kişi. Bizi o ki var güldürdün; Allah da səni güldürsün. Əlqərəz, ölən toyuğun müqabilində bu sürücü baba sənə bir yumurtlayan toyuq versə, razı qalarsanmı?

 - Xeyir, yoldaş məhkəmə, bir toyuq nədir, on toyuq da versə, əl çəkmərəm. Mənim nə toyuğum adi toyuğuydu, nə də yumurtası adi yumurta!.. 

- Bəs, yaxşı, Xanəli kişi, bir babat hind toyuğu necə?

- Hinduşkanı deyirsən, yəqin. Yox, yox, o mənim toyuğumun bir qanadınca da deyil!..

- Ə, bəs bir yeməli toğlu versə necə, bu məhkəməni, milisi, dinc buraxacaqsanmı? Daha yazmayacaqsan ki?..

 Toğlu söhbəti düşəndə Xanəlinin ixtiyarsız olaraq ağzı  sulandı. Amma hakim Xanəlinin iştahını itilədikcə, Xanəli qoyun-quzunun da üstündən hoppanıb quyruğu yerlə gedən qoçdan yapışdı:

- Xeyir, yoldaş məhkəmə, o cür toyuğu beş-altı şişlik toğluya dəyişəcəyəm? Əstəfürullah, dəyişmərəm. Amma mən deyən bir qoç versə, deyərəm “çort isnim!..”. Bu şərtlə ki, qoçun da böyrünə  bir balaca xırım-xırda qoşmalıdır.

- Ə, Xanəli, qoç qoçdur, bəs o  xırım-xırda nədir ey?..

- Yoldaş məhkəmə, yəni deyirəm, bir qoç üstə gəl iki yüz manat pul bərabərdir qara toyuq. Vəssalam, şüt tamam! - deyib Xanəli özünü guppultuyla saldı arvadağasının yanına.

Arada Əmiraslan dayıya da söz verdilər. O neçə illərdən bəri bir dəfə də olsun qəza törətmədiyi halda qarayaxanın qara toyuğunu basdalaması onun üçün müəmmalı bir sirr olaraq qalırdı. Əmiraslan kişi çox and-aman  elədi ki, maşınla Xanəlinin doqqazının qarşısından keçəndə, qara toyuq maşına heç səmt də gəlməyib. Amma çifayda, heç kəs onun sözünə məhəl qoymadı. Yazıq kişi danışıb, danışıb özünü yorandan sonra, yerində əyləşdi. Ürəyində sevinirdi ki, axırı yüz qat cəriməylə olsa da, qarayaxadan yaxasını qurtaracaq!.. Allaha min şükür! Axırı ki, Əmiraslan kişinin ayağı milisdən, məhkəmədən yığışacaq, ailəsinin içində oturacaq.  Bax, buna görə də Əmiraslan kişi ürəyində bərk sevinirdi.

Xanəli də sevinirdi, əlinə keçirdiyi haram qismətə görə!.. Sevincdən Xanəlinin gözləri havayı ət tapmış ac pişiyin gözləri kimi yanırdı.  Hamı elə bilirdi ki, Əmiraslan dayı qanuni sürətdə bəraət alacaq, amma məhkəmə Xanəlinin xeyrinə oldu. O, əlini Əmiraslan kişiyə tərəf  qolazlayıb dedi: 

- Bir nol Baloğlanın xeyrinə!..

Sonra sırtıqlığına salıb elə bərkdən hırıldadı ki, bayaqdan gülənlər hamısı onun yanında yalan oldu. İndi o tək gülürdü.

Məhkəmə “zərər çəkmiş” Xanəli kişinin tələbini sürücü Əmiraslan Səlimova ödətmək haqqındakı çıxardığı qərarı oxuyanda, aralıqdan kimsə bərkdən “quq-qulu-quuu!..” deyərək, toyuq məhkəməsinə yekun vurdu.

Ramiz MÖVSÜM

 

Pin It

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış jurnalist, yazıçı-publisist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin “Sonuncu əmr” romanının ictimai müzakirəsini keçirdi. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin “Muzey” bölməsindəki Ulu Öndərin büstünu ziyarət etdilər.

İctimai müzakirədən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, vətən uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını və qonaqları salamladı. O, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ və Vətən müharibəsi haqqında söylədiklərindən sitatlar gətirdi. Asif Mərzilinin “Sonuncu əmr” romanını Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Orxan Əkbərova həsr etdiyini diqqətə çatdırdı. Bildirdi ki, Yasamal rayon MKS-nin bütün kitabxana filiallarında kitabın ictimai müzakirəsi keçirilmiş və veb saytlarda, sosial şəbəkələrdə işıqlandırılmışdır. L.Məmmədova qeyd etdi ki, yazıçı-publisist Asif Mərzillinin “Sonuncu əmr” romanı real faktlar əsasında yazılmışdır: "Əsərdə “Qartal” ləqəbli kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik–leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edilir. Romanda Orxanın keçdiyi döyüş yolunu həyəcanla izləyir, qəhrəmanlığını və şücaətini oxuduqca böyük qürur hissi keçiririk. 2 oktyabr 2020-ci ildə düşmənə qarşı 50-yə yaxın kəşfiyyatçı döyüşçüsü ilə vuruşaraq mühasirəyə düşən Orxan Əkbərov ailəli döyüşçülərinə döyüş meydanını tərk etməyi əmr edir, özü isə altı döyüşçü ilə qalır. Onlar qəhrəmancasına döyüşərək vətən uğrunda şəhid olur, amma 100-ə yaxın döyüşçünün mühasirədən çıxmasına və onlarla erməni hərbçinin məhv edilməsinə nail olurlar".

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədov qeyd etdi ki, romanın ərsəyə gəlməsində müəllifin əməyi əvəzsizdir: "Asif Mərzili şəhidin həyat yolunu və döyüşlərdə iştirakını faktlarla işıqlandırıb. Əsərdə şəhidin şücaətini, qəhrəmanlığını təsvir edən müəllif çox böyük iş görüb. Biz Orxan Əkbərov kimi qəhrəmanlarımızla fəxr edirik. Onların ruhu qarşısında baş əyirik".

Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu çıxış edərək bildirdi ki, ""Sonuncu əmr" romanı bütövlükdə Qarabağ müharibəsinə həsr olunan əsərlərdəndir. Kitabı oxuyanda əsərdən maraqlı pyes, tamaşa hazırlamağıma qərar verdim". A.İdrisoğlu onu da qeyd etdi ki, tamaşanın premyerası şəhidin doğum gününə planlaşdırılır.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, tanınmış yazıçı, publisist Nüşabə Məmmədli Asif Mərzilinin gözəl qələm ustası olduğunu diqqətə çatdırdı. Və vurğuladı ki, şəhidlər mövzusunda qadın yazıçılar yazsa da, Asif Mərzili qəhrəman obrazı yaradıb. O, romana görə müəllifə minnətdarlığını bildirdi.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal oxucusu Sənubər Qurbanova çıxış edərək bildirdi ki, vətənpərvərlik hissinin aşılanmasında belə kitabların rolu böyükdür: "Romandakı hadisələr insanı özünə çəkir. Xüsusilə də Xocalıda olan hadisələr, insanlara verilən işgəncələr... Gənclərdə vətənpərvərlik hissi oyadan belə əsərlər çox olmalıdır".

Ehtiyatda olan polkovnik Elbrus Rüstəmov çıxışında qeyd etdi ki, belə bir qəhrəman şəhidimiz haqqında kitabın yazılması təqdirəlayiqdir. 

Ehtiyatda olan mayor, batalyon komandirinin sabiq müavini Aidə Şirinova əlinə qələm alıb şəhidlər haqqında yazan hər kəsə minnətdarlığını bildirdi: "Biz firavan yaşadığımıza görə şəhidlərimizə, qazilərimizə borcluyuq". 

Ədliyyə Nazirliyinin Baş İdarəsinin sabiq rəisi Adil Minbaşı romanın dil, üslub baxımından gözəl yazıldığını söylədi: ""Sonuncu əmr” romanı sənədli əsərdir. Şəhid qəhrəmanlarımız haqqında nə qədər yazılsa da, yenə də azdır".

4-1

“Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva belə bir kitabın ərsəyə gəlməsinə görə sevincinin həddi-hüdudu olmadığını vurğuladı. O, Yasamal rayon MKS-nin 4 kitabxana filialında romanın müzakirəsində iştirak etdiyini vurğuladı və romanın şəhidin həyat yoldaşının təşəbbüsü ilə yazıldığını bildirdi.

“Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli qeyd etdi ki, özü Birinci Qarabağ müharibəsinin, oğlu isə İkinci Qarabağ müharibəsinin iştirakçıları olduğundan mövzu ona yaxındır. O, şəhid Orxan Əkbərov haqqında ilk olaraq dostları, hərbiçi yoldaşlarının xatirələrininin dinlənildiyini, daha sonra həyat yoldaşından təşəbbüs gəldiyini söylədi və Asif Mərziliyə yaradıcılıq uğurları arzuladı. 

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynov çıxışında bildirdi ki, belə bir romanı yazmaq çox çətindir, çünki hər bir anını ürək ağrısıyla yaşayırsan. O, yeni yazdığı “Mən şəhid bacısıyam” şeirini tədbir iştirakçıları üçün oxudu.

“İraq-Azərbaycan Məqədəniyyət Əlaqələri” İctimai Birliyinin sədri Tahirə Məmmədova şəhidlərimizi yaşadan belə əsərlərin çox olmasını arzuladı.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Ekspertlər şurasının sədri, yazıçı, publisist Nəzakət Əhmədova qeyd etdi ki, “Sonuncu əmr” romanı yüksək vətənpərvərlik ruhunda yazılan əsərdir. O, müəllifə müvəffəqiyyətlər arzuladı.

Kitabın korrektoru Yasəmən Məmmədli romanı unikal hesab etdiyini bildirdi və qeyd etdi ki, müəllif işğaldan Zəfərə qədər olan yolumuzu təsvir edib: "Asif Mərzili əsərin qəhrəmanının döyüş yolunun xronologiyasını gözəl bildiyinə görə cəbhə bölgəsindəki hadisələri mükəmməl şəkildə oxucuya çatdırmağa çalışıb".

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Birinci vitse-prezidenti Ruhiyyə Poladova müəllifə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

AMEA-nın Tarix İnstitutunun əməkdaşı Günel Aslanlı romandan təsirləndiyini və A.Mərzilinin həm də bir qarabağlı kimi bu hadisələri qələmə aldığını qeyd etdi. O qeyd etdi ki, bu mövzuda əsərlərin yazılması zəruridir.

Şəhid polkovnik-leytenantın həyat yoldaşı Nuranə Əkbərova kitabın müəllifinə, tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

5

“Sonuncu əmr” romanının müəllifi jurnalist, yazıçı-publisist Asif Mərzili çıxışında bildirdi ki, roman 100 əsər arasından üçlüyə düşmüş və Nazirlər Kabineti tərəfindən yaradılmış mükafatlandırma komissiyasına təqdim edilmişdir. Roman şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolu haqqındadır, real hadisələr və faktlar əsasında qələmə alınıb.

A.Mərzili kitabın müzakirəsini təşkil edən Yasamal rayon MKS-nin bütün kitabxanalarına öz təşəkkürünü bildirdi. Tədbirin bədii hissəsində Respublika və Beynəlxalq müsabiqələr laureatı, Ağdam rayon Xan Şuşinski adına Muğam Musiqi Məktəbinin şagirdləri Mətin Cəfərov “Qarabağ” mahnısını, Nihad Kərimli “Xudayar təsnifi”ni, Tunar Cəfərov “Vətən gözəldir” mahnısını, Baxşəli Rəhimov  “Segah” təsnifini ifa etdilər. Muğam ifaçılarını sözügedən məktəbin müəllimləri Xətayə Cəfərova (kamança), Fərhad Məmmədov (tar), Sabir Həsənov (nağara) müşayiət etdilər. Muğam ifaçıları Ağdam rayon Xan Şuşinski adına Muğam Musiqi Məktəbinin şagirdləri Tunar Əzizov, Baxşəli Rəhimov və Nihad Kərimov Azərbaycan muğamını peşəkar səviyyədə ifa etdiklərinə görə Yasamal rayon MKS-nin Fəxri fərmanı ilə təltif olundular.

Müəllif A.Mərzili “Sonuncu əmr” kitabını Yasamal rayon MKS-nin kitabxanalarına hədiyyə etdi.

Şəhid polkovnik-leytenant Orxan Əkbərovun həyatı və döyüş yoluna həsr olunan videoçarx maraqla izlənildi.

Tədbirdə ziyalılar, geniş ictimaiyyət nümayəndələri iştirak etdilər.

Videoçarxı aşağıdakı keçiddə izləmək olar:

 https://www.youtube.com/watch?v=LNCOl4Lgm2I

Elbar ŞİRİNOV

 

 

Pin It

Müğənni Elçin Cəfərov ilk dəfə boşanma xəbərini etiraf edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN