Məktəblərdə müəllimlərin təhsilin keyfiyyətsizliyinə görə valideynlərdən üzr istəməli olduğu yığıncaqlar keçirilib.

 XTŞ: Müəllimlərin üzrxahlığı ilə bağlı görüşləri rayon hakimi icad edib.

Özbəkistan KİV-nin məlumatına görə, Əndican vilayətinin Xalq Təhsil Şöbəsinin (XTŞ) rəhbəri Əzizbek Mirkamilov fevralın 8-də bildirib ki, məktəblərdə müəllimlərin təhsilin keyfiyyətsizliyinə görə valideynlərdən üzr istəməyə məcbur edildiyi yığıncaqların keçirilməsi təşəbbüsü,  şəxsən Marhamat rayonunun hakimi (rayon icra başçısı – red) Boburjon Yuldaşova məxsusdur.

Onun sözlərinə görə, hər bir məktəbdə belə görüşlərin keçirilməsi ilə bağlı rayonun başçısı göstəriş verib. Əzizbek Mirkamilov  hakimdən baş verənlərə şəxsən münasibət bildirməsini tələb edib.

Vilayətin XTŞ rəhbərinin sözlərinə görə, vilayət hakimi Şuxratbek Abduraxmanov Özbəkistan Prezidentinin təhsil sektorunun inkişafı ilə bağlı keçirdiyi müşavirədən sonra keçirilən iclasda, müəllimlərə və məktəb direktorlarına qarşı intizam tənbehi tədbirlərinin və ya alçaldılmasının yolverilməz olduğu barədə ciddi xəbərdarlıq edib.

Marhamat rayonunun başçısı Boburjon Yuldaşev isə videomüraciətində keçirilmiş görüşləri “əməkdaşlıq görüşləri” adlandırıb:

 “Möhtərəm Prezidentimizin təhsil islahatları ilə bağlı keçirdiyi müşavirədən sonra vilayətimizin hakimi rayonlarda, məktəblərdə görülməli olan vəzifələrlə bağlı konkret tapşırıqlar verdi. O cümlədən, heç bir rəhbər tərəfindən müəllimlərə qarşı heç bir tədbir görülməməsi ilə bağlı konkret göstəriş verilib”,- deyə bildirib.

 “Əgər Marhamat rayonunda müəllim və valideynlərlə birgə keçirilən “əməkdaşlıq görüşü”ndə baş verənlər müəllimlərin psixikasına təsir edibsə, mən Marhamat rayonunun hakimi kimi bütün müəllim və mentorlardan üzr istəyirəm”, – deyə Boburjon Yuldaşov bildirib.

O, təhsilin keyfiyyətinin yüksəldilməsi və hərtərəfli inkişaf etmiş şəxsiyyətlərin yetişdirilməsi yolunda hər zaman bütün müəllimləri və mentorları dəstəkləyəcəyinə, onların müttəfiqi olacağını əmin edib.

Əndican vilayətinin hakimi Şuxratbek Abduraxmanov isə açıqlamasında qeyd edib ki, cəmiyyətdə geniş rezonans doğuran bu hadisə “müəllimlərimizin şərəf və ləyaqətini ləkələmək məqsədi daşıyan aksiyadır”.

“Müəllimlərimizə diqqət dövlət siyasəti səviyyəsinə qaldırıldığı halda, “ayrı-ayrı” rəhbərlərin mənəviyyatsızlığı, savadsızlığı bağışlanmaz səhvə yol açıb”.

“Mən Əndican vilayətinin hakimi kimi bu vəziyyəti öz nəzarətimə götürdüm, mənim rəhbərliyimlə ayrıca işçi qrupu yaradılıb... Bu səhvə yol verən hər bir rəhbərin qanun çərçivəsində cəzalandırılmasını təmin edəcəm”, - Şuxratbek Abduraxmanov bildirib.

Vilayət rəhbəri Əndicanda bir müəllimin belə bu cür vəziyyətlə üzləşməsinə imkan verməyəcəyini bildirib.

“Biz sizin nəcib əməyinizi yüksək qiymətləndirir və qarşınızda baş əyirik”, - deyib.

 Özbəkistan xalq təhsili naziri Bəxtiyor Səidov məktəblərdə baş verənləri, təkcə müəllimlərin şərəfinə təhqir deyil, həm də dövlətin siyasətinə qarşı addım kimi qiymətləndirib. O, müəllimlərə  “ləyaqətinizin tapdalanmasına imkan verməyin. Heç kimin sizin başınızı aşağı salmağa haqqı yoxdur!” , - deyə səslənib.

Xatırladaq ki, yerli KİV-in məlumatına görə, Əndican vilayətinin Marhamat rayonundakı bəzi məktəblərdə müəllimlər məktəbdəki təhsilin keyfiyyətinə və ali məktəblərə qəbul olunan məzunların aşağı faizinə görə valideynlərindən üzr istədilib. Hətta 72 saylı rayon məktəbinin müəllimləri rayon rəhbərliyinin nümayəndələrinin də iştirak etdiyi valideyin iclasında,  səhnəyə qalxıb, bağışlanmaqlarını xahiş edərək “Biz günahkarıq” deyiblər.  

İclasda bəzi valideynlər baş verənlərlə razılaşmayaraq, müəllimlərin müdafiəsinə qalxıblar. Onlar “Biz sizin yerinizdə olmalıydıq” sözləri ilə müəllimlərdən əfv olunmaqlarını xahiş ediblər.

Qeyd edək ki, oxşar tədbirlərin digər rayonlarda da  keçirilməsi nəzərdə tutulubmuş...

Lakin baş verənlərin böyük rezonans doğurması və ictimai narazılıq yaratması “yenilikçi”lərə mane olub.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN