Əfqanıstan hakimiyyəti vədinə əməl etmədi - 6-cı sinifdən yuxarı məktəbli qızların dərsdə iştirakına icazə verilmədi.

Əfqanıstanda martın 23-dən məktəblərin qapıları oğlanlı – qızlı bütün şagirdlərin üzünə açılmalı idi, amma...

Məktəblər açılıb, amma 6-cı sinifdən yuxarı siniflərdə təhsil almalı olan qızların sinif otaqlarına daxil olmalarına icazə verilməyib və ya dərslər başlayandan bir neçə saat sonra onlara məktəbi tərk etmələri əmri verilib.

BMT Əfqanıstan hakimiyyətinin bu qərarından narahatlığını bildirib və bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

BMT-nin baş katibi Antonio Quterreş de-fakto hakimiyyətin bacarıqsızlığına diqqət çəkərək bildirib ki, “dəfələrlə vəd vermələrinə baxmayaraq, altıncı sinifdən yuxarı qızlar üçün məktəbləri yenidən açmaması çox məyusedicidir. Bu, Əfqanıstana ciddi ziyan vuracaq”.

BMT rəhbəri vurğulayıb ki, qızların təhsildən məhrum edilməsi, təkcə onların hüquqlarını pozmur, həm də əfqan qadın və qızlarının böyük potensialına görə ölkənin gələcəyini təhlükə altına qoyur.

Baş katib "Mən israrla “Taliban” səlahiyyətlilərini, gecikmədən məktəbləri bütün şagirdlər üçün açmağa çağırıram”, - deyə bildirib.

 Daha əvvəl Əfqanıstanın Müvəqqəti Hökumətinin Təhsil Nazirliyi martın 23-dək qızların orta məktəblərinin “sonrakı xəbərdarlığa qədər” bağlı qalacağını açıqlamışdı. Lakin artıq qızların məktəbə qayıtma tarixi də məlum deyil.

 “Səhər tezdən məktəbə gələndə çox xoşbəxt idim. Baxdım ki, direktorumuz ağlayır, səbəbini bilmirəm. Sonra bütün şagirdlər ağladı”, - deyə şagirdlərdən biri bildirib.

 TOLOnews-un məlumatına görə, rəsmilər məktəblərin bağlanmasına səbəb kimi, qadın geyimləri ilə bağlı məsələləri göstəriblər.

 “Biz hicab geyinirik. Biz onların başqa hansı hicab növünü nəzərdə tutduğunu bilmirik”, – şagirdlərdən biri söyləyib.

Qeyd edək ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet də talibləri öz öhdəliklərini və əvvəl verdikləri vədlərini yerinə yetirməyə çağırıb.

Ali komissar bildirib ki, Kabilə son səfəri zamanı o, ölkəni bürümüş iqtisadi və humanitar böhrandan çıxış yolu ilə bağlı fikirlərini bölüşən əfqan qadınlarla söhbət edə bilib.

Baçeletin sözlərinə görə, həmsöhbətləri öz planlarını taliblərə təqdim etməyə hazır olduqlarını bildiriblər.

“Onlar ibtidai, orta və ali təhsil pillələrində bərabər və keyfiyyətli təhsil hüququ ilə bağlı israr edirdilər və məktəblərin yenidən açılmasını ümidlə gözləyirdilər”.

 Mişel Baçelet “Taliban”ı bütün qızların təhsil almaq hüquqlarına hörmət etməyə, ayrı-seçkilik etmədən və təcili olaraq məktəbləri bütün şagirdlərin üzünə açmağa çağırıb.

 Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel də Əfqanıstanda baş verənlərlə bağlı açıqlama verib.

 “Bu gün Əfqanıstanda milyonlarla orta məktəb şagirdi məktəbə qayıdıb, təhsillərini davam etdirə biləcəkləri ümidi ilə oyandı. Lakin tezliklə, onların ümidləri puça çıxdı”, - deyə UNICEF-in rəhbəri vurğulayıb.

 Xatırladaq ki, ilk dəfə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir  hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Həmin dövrdə də ölkəni “şəriət qanunları” ilə idarə edən taliblər ağlasığmaz qadağaları və "qanunları" ilə yaddaşlarda qaldı...

 Bu “qanunlardan” əsas zərər görən - dəhşətli günlər, illər yaşayan isə əfqan qadınları oldu.

Bu gün onlar yenə gəliblər... Və yenə də hakimiyyətdə təmsil olunurlar.

Ikinci  gəlişləri, 2021-ci il avqustun 15-də paytaxt Kabili ələ keçirdikdən sonra baş tutdu... Əfqan qadınlarının qorxulu röyaları geri qayıtdı...

Taliblər hər nə qədər qadınlara qarşı yumşaq davranacaqlarını, hüquqlarına hörmət edəcəklərini bildirsələr də, bu, elə vəd olaraq qaldı.

Və bu gün əfqan qadınları 20 il əvvəlki günlərinə qayıtmağa məcbur edilirlər, lakin onlar bir daha zəncirlərə vurulan qul olmaq istəmirlər, çünki azadlığın nə olduğunu yaxşı bilirlər...

 

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN