“Bəzi məktəblərə qohumluq, tanışlıq amili ilə rəhbərlər təyin olunduğu üçün bu təbii olaraq məktəbdə təhsil, tərbiyə mühitinə zərbə vuracaq”

 Bunu təhsil eksperti Elşən Qafarov  bildirib.

 Onun sözlərinə görə, məktəb direktorlarının seçilməsi və təyinatında çox böyük səhvlər buraxılıb və hələ 2020-ci ilin direktorların işə qəbulu prosesi başa çatmayıb. “Məktəb direktorlarının seçilməsi avqustun əvvəlinə kimi başa çatmalıdır, tədris ilinin başlamasına ən azı bir ay qalmış məktəb rəhbəri, artıq təyin olunmalıdır. Yanvar, fevral, aprel, may aylarında bu təyinatı həyata keçirmək doğru deyil. Hətta bəzi məktəblər var ki, onların idarəsi bir neçə ildir müvəqqəti olaraq direktor əvəzlərinə həvalə olunub”.

 Ekspert direktorların işə qəbulu imtahanındakı problemlərə toxunub və rəhbər vəzifəsində idarəetmə bacarığının vacibliyini vurğulayaraq qeyd edib ki, məktəb direktoru olmaq üçün sənəd verən şəxsin pedaqoji stajı kifayət etsə belə, onun idarəetmə ilə bağlı hər hansı bilik və bacarıqları cəmi 40 testlə ölçülə bilməz.

“Əmək qanunvericiliyindən 15 sual, məntiqdən isə 20 sual salmaq doğru deyil. Bu o deməkdir, əmək münasibətlərində əsas tərəflərdən biri olan, işə götürən olaraq təyin etdiyimiz məktəb direktoru təhsil və əmək qanunvericiliyini bilməsə də olar, əsas odur məntiqi cavablasın. Bu da nəticə etibarı ilə heç bir idarəetmə bacarığı, təhsil və əmək qanunvericiliyindən məlumatı olmayanların məktəb direktoru kimi təyinatına zəmin yaradır”.

Ekspert  direktorların işə qəbulu imtahanındakı sualların seçiminə diqqət çəkərək bildirib ki, bütün seanslara eyni suallar verilir və  birinci seansa daxil olanlar da sualları sosial şəbəkələrdə paylaşırlar və buna görə də sonrakı seanslara daxil olanlar daha yüksək bal toplayırlar(azedu.az).

  “Həmçinin məktəb direktorlarının işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi təhsil müəssisəsinin idarə olunması ilə əlaqədar şəxslər arasında keçirilmir. Müsahibədə iştirak edən şəxslər bir gün olsun ümumi təhsil məktəbində dərs deməyib,rəhbər vəzifəsində çalışmayıb, buna görə də məktəb mühitini bilə bilməz. Eyni zamanda imtahandan keçən namizədləri müəyyın kurslara cəlb etmək lazımdır”.

O, qeyd edib ki, son on ildə bu vəzifəyə yeni kadrların seçilməsində buraxılan kobud səhvlərin nəticəsidir ki, bu gün ölkədə məktəbləri idarə edə biləcək kadr bazası yoxdur.

“Bu faciəvi bir haldır. Artıq məktəblər sanki bir biznes sahəsinə çevrilib. Bəzi məktəblərə qohumluq, tanışlıq amili ilə rəhbərlər təyin olunduğu üçün bu təbii olaraq məktəbdə təhsil, tərbiyə mühitinə zərbə vuracaq”.

Ekspert qeyd edib ki, artıq müəyyən tədbirlər görmək lazımdır.

“Təhsil də elə bir sahədir ki, kompleks yanaşma tələb edir. Bu cür yanaşma müəyyən bir effekt verə bilər. Amma bir şərtlə ki, işə təhsillə əlaqəsi olan insanlar cəlb olunsun”, - deyə o, sonda vurğulayıb.

***

Qeyd edək ki, son zamanlar məktəb direktorları ilə bağlı xoşagəlməz söz-söhbətlər ortaya çıxır, hətta bəzilərinin müəllimlərdən dərs saatı müqabilində rüşvət tələb etməsi ilə bağlı videogörüntüləri də yayılıb.

Və çox təəssüf ki, bəzi direktorlar müəllim adına ləkə gətirən addımlar atır, ictimaiyyət arasında haqlı narazılığa səbəb olurlar.

Şair Qabil demişkən, “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”…

Düşünürük ki, təhsil sahəsində, ümumiyyətlə səhv təyinata yol vermək olmaz. Və bu yeri layiq olanlar tutmalıdır.

 TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN