Gürcüstanda son bir həftə ərzində Hindistanın Delta ştammı 10% -dən 30% -dək artıb.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze yerli TV-yə verdiyi açıqlamasında bildirib.

 Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, infeksionist Tengiz Tsertsvadze  daha çox uşaqların və gənclərin  Hindistan stammına  yoluxmaya həssas olduğunu vurğulayıb. O, bildirib ki, Hindistan ştammı bir çox cəhətlərinə görə digər ştammlardan fərqlənir. Tsertsvadzenin sözlərinə görə, bu ştamm bir zamanlar standart Çin ştammından  50% daha çox yoluxucu sayılan ingilis ştammından 50% daha çox yoluxucudur. O, valideynlərə daha diqqətli olmağı məsləhət görüb. 

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə açıqlama yaymışdı. Açıqlamada Koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada cddi narahatlıq doğurduğu və ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparıldığı bildirilirdi.

Və nəhayət, çoxdandır ictimaiyyəti Azərbaycandakı vəziyyətlə bağlı düşündürən suala da aydınlıq gətirilmişdi - son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantının aşkar olunduğu bildirilmişdi. Deməli, ümumilikdə 40 nəfərdə koronavirusun yeni ştammı artıq aşkarlanıb. (Bu bir neçə gün öncənin statistikasıdır -red)

Nəzərə alsaq ki, ən yaxın qonşumuz olan Gürcüstanda yeni ştamma yoluxanların sayı günbəgün artır, yəqin ki, qonşu ölkədən gələnlərə qarşı daha diqqətli olmağın vaxtı çatıb. Səyahətə gedənlərə isə daha məsuliyyətli olmaları və bu amili mütləq nəzərə almaları tövsiyə edilməlidir.

YASƏMƏN MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN