Tarixi keçmişə boynalıb qədim təbibləri  xatırlayanda yadıma Hippokrat, İbn Sina, N.Tusi, Əli Cürcani, İbn Rüşd, Fərabi və bu kimi yüzlərlə müdrik insanlar düşür.  Fikirləşirəm ki, nə yaxşı onlar olub və bu gün də onların davamçıları var...

Təbabətin ardıcıl inkişafı Azərbaycan Respublikasında da ənənəvi şəkildə davam etdirilir və hazırda da bu estafet bacarıqlı əllərdədir.

Bu ənənələrin davamçılarından Z.Əliyeva, A.Budaqov, C.Abdullayev, C.Məmmədov, G.Əsgərova, Ə.Namazova, İ.Abbasova, M.Cavadzadə, E.Cəfərov, S.Əliyev, V.Qələndər, T.Əliyev, R.Hacıyev və başqalarının adını iftixar hissi ilə çəkmək olar. Onlar Azərbaycanda təbabətin inkişafına yeni cığırlar açmışlar.

Hazırda haqqında söhbət açacağımız uroloq-cərrah Fərhad Aydın oğlu Cavadov da həmin yolun davamçılarından biridir. O, 10 fevral 1988-ci ildə Yevlax şəhərində dünyaya göz açmış və 1994-2002-ci illərdə Yevlax şəhər S.Vurğun adına 5 saylı tam orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2005-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş və 2011-ci ildə universiteti müvəffəqiyyətlə başa vurmuşdur. Həmin ildə ölkəmizdə Tibb Universitetində ilk tətbiq olunan Rezdentura programı ilə imtahan verərək yüksək balla Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasına qəbul olmuşdur.

Azərbaycan Tibb Universitetinin Respublika xəstəxanasının Urologiya şöbəsində ilk dəfə həkim-uroloq kimi əmək fəaliyyətinə başlamışdır. Beş il, yəni 2011-2016-cı illərdə bu klinikada çalışmışdır. İşlədiyi illərdə Türkiyə,Rusiya və Almaniya kimi ölkələrdə təcrübə kursu keçmişdir.

Kurs keçdiyi müddətdə bir il Türkiyədə, üç ay Almaniyada və bir ay isə Rusiyada olmuşdur. Türkiyənin Samsun şəhərində  19 Mayıs Universitetində uroloji bölmədə xeyli təcrübə toplayaraq uroloq-cərrahlıq qabiliyyətini daha da artırmışdır (2013-2014). Rezidenturanı bitirdikdən sonra Səhiyyə Nazirliyinin təyinatı əsasında Akademik Mirməmməd Cavad oğlu Cavadzadə adına Respublika Klinik Uroloji xəstəxanasına işə göndərilir. Urologiya Klinikasında işə başladığı müddətdən bu günə qədər bir çox xarici ölkələrdə kurs keçmiş və cərrahlıq bacarığını xeyli zənginləşdirmişdir. Fərhad Cavadov hazırda Akademik  M.Cavadzadə adına Klinikanın Endourologiya şöbəsində cərrah-uroloq kimi iş fəaliyyətini davam etdirir. İşlədiyi illər ərzində bütün növ endoskopik urologiyaya aid əməliyyatlarını icra etmək üçün hər cür faydalı işlər görmüş və bu işlərlə bağlı hazırladığı  məqalələri mətbuatda dərc etdirmişdir. Müasir Urologiyanın qarşısında duran müəyyən məsələləri şərh edir və yeni təklifləri ilə diqqəti özünə cəlb edir.

O, uro-onkologiyada tək böyrəkli xəstələrdə böyrək şişi olan xəstələrin böyrəyini qoruyub saxlamaqla şişin xaric edilməsi kimi çətin əməliyyatları xüsusi ustalıqla icra edir. Mütəmadi şəkildə öz üzərində işləyir, elmi yeniliklər edir, aktual mövzularla bağlı məqalələr yazır, nəzəri məlumatları təcrübədə sınaqdan keçirir. Tibb elminin sirlərinə yiyələnərək yeni ixtiralar etməyə çalışır. O, mükəmməl bir uroloq-cərrah kimi yetişməyə can atır. Onun səyi və bacarığı göstərir ki, yaxın gələcəkdə tibb elmləri üzrə fəlsəfə doktoru adını almağa layiqdir.

Fərhad Cavadov hal-hazırda Akademik M. Cavadzadə adına Respublika Klinikasında çalışmaqla bərabər, həm də Bakı şəhərində yerləşən Real hospitalda da uroloq-cərrah kimi fəaliyyət göstərir.

Fərhad həkim Avropa, Türkiyə, Azərbaycan Uroloqlar və androloqlar Assosiasiyalarının həqiqi üzvüdür.

Fərhad Cavadov işlədiyi illərdə klinikanın rəhbərliyinin və eləcə də iş yoldaşlarının dərin hüsn-rəğbətini qazanmışdır. Biz inanırıq ki, onun şəfalı əlləri neçə-neçə xəstəyə sağlamlıq bəxş edəcək. Fərhad həkim bütün xəstələrinə xüsusi qayğı ilə yanaşır, onların sağlamlığı üçün əlindən gələn hər cür köməkliyi göstərir. Belə bacarıqlı, qabiliyyətli, işinin vurğunu olan Fərhad Cavadov xəstələrə xoş əhvali-ruhiyyə, yeni həyat sevincləri bəxş edir.

Mən şəfalı əlləri olan uroloq-cərrah Fərhad həkimə işlərində bol-bol uğurlar və bitib-tükənməyən sevincli illər arzulayıram. Qoy  həmişə onun cərrah bıçağı əzimkarlıqla xəstələtinə sağlamlıq, özünə isə qurub-yatarmaq eşqi gətirsin.

Sabir Rüstəmoğlu (Məmmədov),

ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB üzvü

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN