“Təəssüf ki, müasir dövrdə biz tez-tez nitqində qüsuru olan uşaqlara rast gəlirik. Uşaqların nitqinin inkişafına təsir göstərən əsas amillər bioloji və sosial-psixoloji faktorlardır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, defektoloq-loqoped Aygün Mehdiyeva uşaqların nitqinin inkişafına təsir göstərən əsas amillər, uşaqlara bioloji və sosial-psixoloji faktorların təsiri, kəkələmə problemləri, danışıq problemləri olan uşaqların müalicə metodları barədə AZƏRTAC-a müsahibəsində deyib.

A.Mehdiyeva bildirib ki, bioloji faktorlar deyərkən irsi xəstəliklər, perinatal dövrdə mərkəzi sinir sisteminin zədələnmələri, nevroloji, psixi, somatik xəstəlikləri və s. aid etmək olar: “Sosial-psixoloji faktorlara isə qeyri-sağlam mühitdə böyüyən uşaqlar, ibtidai məktəbəqədər yaşlıların eyni vaxtda valideynlər tərəfindən məcburən iki dil sisteminin mənimsədilməsi, uşağın nitqinin inkişafına lazımi diqqətin olmaması, pedaqoji baxımsızlıq kimi amillər aiddir”.

Defektoloq-loqopedin sözlərinə görə, kəkələmə ağır nitq qüsurlarından biri hesab olunur: “Oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir. Kəkələmənin yaranmasına uşağın və ya valideynlərin nevroloji xəstəlikləri, irsi faktorları, psixotravmaları, baş beyin zədələnmələri, burun-boğaz-qırtlaq xəstəlikləri, nitqin inkişaf geriliyi, uşağın somatik zəifliyi kimi səbəblər aid edilir. Kəkələyən uşaqlarda təkcə nitq qüsurunun simptomları yox, həmçinin psixoloji problemlər də müşahidə olunur”.

Danışıq problemləri neçə yaşına qədər müalicə ilə aradan qaldırıla bilər? – sualını A.Mehdiyeva “Bu suala dəqiq cavab vermək mümkün deyil. İlk öncə uşağın nitq qüsurunu yaradan səbəblərdən, loqopedə (defektoloq) müraciət etdiyi vaxtdan və uşağın potensialından asılıdır. Valideynlər uşağın məktəbəqədər yaş dövrünə kimi şifahi nitqin inkişafı üçün onlarla düzgün emosional kontakt qurmalı, onların səlis, aydın diksiyaya sahib olmalı üçün uşağın yaşına uyğun sözlər, şerlər, oyunlar, mahnılar öyrətməlidirlər. Nitqin inkişafı üçün yaşa uyğun yuxu rejimi, qidalanma, gəzintilər, kitaboxuma, musiqi dinləmə, didaktik vasitələrdən istifadə zəruri hesab olunur”, - deyə cavablandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN