Paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.
Bu barədə orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.
Taksikoloji-kimyəvi müayinələr aparılması üçün istifadədə olan tibbi avadanlığın işlək olmaması xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb. Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihazın hələ daha bir müddət işləməyəcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olsa da, xəstəxanadakı laboratoriya onların tabeliyində deyil. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilib.
Səhiyyə Nazirliyindən məsələyə hələ ki, münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, bu ilin aprel ayında “Semaşko”nun direktoru İlham Qafarov işdən çıxarılıb. Yeni direktor vəzifəsinə isə Könül Ələkbərov təyin olunub.
ELBAR