Ekspertin gözü ilə...

Maraqlı bir məqamı qeyd etmək istərdim. Düşünürəm ki, bu, həm də qərar qəbul edənlərimiz üçün bir mesaj olacaq.

Bunu "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.

Həmin tədbirin iştirakçısı olan Osman Gündüz “Teknofest” barədə təəssüratlarını paylaşıb.

“Teknofest"də məktəblilərin, uşaqların, tələbə və gənclərin hazırladıqları layihələr və işlər içərisində ən çox gözə çarpan dronlardı. Onlar müxtəlif təyinatlı - yük daşıyan, müşahidə aparan, dərman-gübrə səpən, mina axtaran və s. istiqamətlər üzrə çoxsaylı dronlar təqdim edirlər.

Sual oluna bilər ki burada qeyri-adi nə var?

Qeyri-adilik odur ki , ölkəmizdə dronlarla bağlı məhdudiyyət var.

Yəni dronlar dövriyyəsi məhdudlaşdırılan avadanlıqlar siyahısına daxil edilib. Mövcud müvəqqəti Qaydalara görə, dron gətirmək üçün 6 dövlət qurumunun rəyi lazımdır, istifadə ilə bağlı qeyri-müəyyənliklər çoxdur”, - deyə bildirib.

O, ölkəmizdə dronlara qoyulan qadağalara baxmayaraq, hamının marağına tuş gəldiyinə diqqət çəkib.

“Təsəvvür edin ki, ölkəmizdə dronlara qadağa olduğu halda, bu cür çoxsaylı maraq müşahidə olunur.

Əgər normal bir qeydiyyat və istifadə qaydaları hazırlansa, düşünürəm ki, bu sahə daha da sürətli inkişaf edə bilərdi.

Ümumiyyətlə, “Teknofest” həm qərar qəbul edənlərimiz üçün, hökumət üçün də həlli vacib olan, sürətləndirilməsinə ehtiyac olan xeyli məsələlər haqqında ciddi mesajlar verir”, - deyə Osman Gündüz vurğulayıb.

Qeyd edək ki, “Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Azərbaycan ilk dəfə 2021-ci ildə “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları “MiQ-29” qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.

Məlum olduğu kimi, may ayının 26-da başlayan “Teknofest Azərbaycan” mayın 29-dək davam edəcək.

Tədbir "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN