Onları görməyə, təqdir təbliğ etməyə dəyər...

Doğma Azərbaycanımızın hər yanı gözəldir. Son illər ölkə başçısının xüsusilə önəm verdiyi geniş miqyaslı tikinti-abadlıq və quruculuq işləri sayəsində rayon və şəhərlərimizdən bir çoxu sözün əsil mənasında daha da gözəlləşmişdir. Barəsində ürəkdolusu danışılası belə rayon və şəhərlərimizin birisi də Qax rayonudur.

Qaxın təbii gözəllikləri öz yerində. Bunu yəqin ki, çoxları öz gözləri ilə təkrar-təkrar görüb. Füsunkar təbiəti ilə yanaşı bu diyarı insanlara, o cümlədən çoxsaylı turistlərə sevdirən, cəlbedici edən həm də oradakı qədim Azərbaycan dövləti olan Albaniyanın hərbi-siyasi və dini-mənəvi həyatından xəbər verən möhtəşəm tarixi tikililərdir. Hansı ki, həmin abidələr haqqında həm jurnalist olaraq, həm də Albaniya tarixinin tədqiqatçısı olaraq çox yazılarım olub. Əslində bir neçə gün öncə Qax rayonuna olan növbəti səfərim də məhz oradakı alban məbədlərinin son durumunu öyrənmək idi. İnanın səmimiyyətimə, bu dəfə Qaxda gördüklərim, müşahidə etdiklərim, şahidi olduqlarım məndə sözün əsil mənasında heyranlıq duyğuları yaratdı. Hansı ki, bu hissləri, bu dolğun və qürurverici təəssüratı sadəcə sözlə və qələmin gücü ilə oxucuya çatdırmaq heç də asan iş deyil. Məncə bunun üçün ən azı bir-iki günlüyə Qaxa gəlmək, oranı gəzmək, hər şeyi öz gözlərinlə görərək doya-doya zövq  almaq gərəkdir.

***

Əvvəlcə Qaxın yolları barədə. Son onilliklərədək rayon mərkəzini «Pavilyon» deyilən ərazi ilə birləşdirən magistral yoldan başqa Qaxın bütün yolları bərbad halda idi. Antik dönəmdə və Orta əsrlərdə belə intensiv ticarət yolu hesab edilən köhnə Qax-Şəki və Qax-Zaqatala yolları uzun illər idi demək olar ki, işləmirdi. Rayon mərkəzi ilə kəndləri birləşdirən yollar da acınacaqlı vəziyyətdə idi. 1897-ci ildə çar hökumətinin sifarişi ilə alman mütəxəssislərinin Kürmük çayı üzərində saldıqları dəmir körpüdən savayı çaylardan heç birinin üzərində etibarlı körpü yox idi. Odur ki, hər dəfə rayon ərazisindən keçən çoxsaylı dağ çayları daşanda hər tərəflə əlaqə kəsilirdi. XVIII əsrdə yerli usta Ömər tərəfindən Arran memarlıq məktəbi üslubunda inşa edilmiş Ulu körpü olmasaydı, yəqin ki, İlisu  və Sarıbaş camaatının nəinki rayon mərkəzi, ümumiyyətlə ətraf aləmlə əlaqəsi tam olaraq üzülərdi. Bu gün isə tək Kürmük çayı üzərində mənim bildiyimdən ən azı 4-5 yerdə müasir və dayanıqlı körpülər var. Qax şəhərini kəndlərlə, habelə qonşu rayonlarla birləşdirən yüksək keyfiyyətli asfalt yollar da ölkə rəhbərliyinin ən ucqar rayonların infrastrukturunun yenilənməsinə və inkişafına olan diqqət və qayğısının göstəricisi kimi dəyərləndirilməlidir.

Qax bu gün respublikanın ən çox turist axını olan rayonlardan biridir. Doğrusu son günlər Qax şəhərində, İlisu və Ağçay vadilərindəki çoxsaylı istirahət məkanlarında seyr etdiyim izdiham sözün əsil mənasında məni heyrətləndirdi. Mübaliğəyə yol vermədən deməliyəm ki, mən turistlərin bu dərəcədə axınını axırıcı dəfə pandemiyadan öncə İtaliya şəhərlərində görmüşdüm. İnanın səmimiyyətimə, kafelərdə, restoranlarda, otellərdə yer tutmaq üçün hər tərəfdə uzun-uzadı növbə və sıxlıq vardı. Adamlar ailəlikcə «Səngər qala», «Ulu dağ» və digər istirahət mərkəzlərində yer almaq üçün ən azı bir həftə – on gün öncə sifariş etməli olurlar.

Qaxda ən çox diqqət çəkən məsələlərdən biri də rayon mərkəzi və istirahət məkanlarındakı səliqə-səhman və təmizlikdir. Bu gün Qax respublikanın ən təmiz şəhəridir. Şəhərin küçə, meydan və parklarında, digər ictimai yerlərdə, hətta böyük turist axını olan istirahət mərkəzlərində qəlboxşayan bir səliqə-səhman var. Bilmirəm, orada ya heç kəs ətrafa heç nə tullamır, yaxud da tullantılar dərhal təmizlənir.

Qax şəhərinin tarixi hissəsi hesab edilən İç qala ərazisini gəzərkən insan həm qəlbən rahatlanır, həm də qürurlanır. Artıq şəhərin digər küçə və meydanları da təqribən həmin üslubda yenidən qurulur. Sanki parklar və yaşıllıqlar da tam olaraq ictimai nəvazişlə əhatə olunub. Davamlı olaraq suvarlılığından, hətta son günlərin şiddətli istiləri belə şəhərdəki ağacların və yaşıllıqların rənginə belə təsir edə bilməyib. Bunun nəticəsidir ki, Qax şəhəri sanki bütövlükdə yaşıllıqlar içərisində məst olub.

Müşahidə edə bildiyim o oldu ki, burada sanki rayon icra hakimiyyətin başçısından, idarə, müəssisə rəhbərlərindən tutmuş kiçik yaşlı məktəblilərə qədər hər kəs doğma şəhərlərinin təmiz və səliqəli olması üçün məsul olduğunu dərk edir. Az qala hər addımda son dərəcə təsirli və effektli ictimai nəzarətin olduğu açıq-aydın hiss olunur. Əlbəttə, hamılıqla belə bir yanaşmanın formalaşması birdən-birə baş verməyib. Bunun arxasında rayon rəhbərliyinin sərgiləmiş olduğu davamlı iş və şəxsi nümunə durur.

Haşiyə: Amma Qaxa gedərkən yolüstü  Şəki şəhərindəki parklardan birində tam başqa mənzərənin şahidi olduq. Oradakı qovaq və çökə ağacları susuzluqdan sapsarı saralmışdı. İxtisasca ali təhsilli ekoloq olan qardaşım Ələsgər bu ürəkağrıdan mənzərəni seyr etdikcə, -  İmkanım olsaydı bu ağacları suvarıb sonra gedərdim, - dedi. Yəni, Şəkinin nəyi Qaxdan əskikdir?! Şəki Şəki olanda Qaxın adı hələ ki, heç bir siyahıda olmayıb axı!İnanın səmiməyətimə,  Qax lövhələrindən bəhs etdiyim yerdə haşiyə çıxaraq füsünkar təbiəti, zəngin tarixi-mədəni dəyərləri, olduqca böyük iqtisadi potensialı və insan resursları olan Şəkiyə və şəkili dostlarıma olan sonsuz rəğbət və məhəbbət hissləri məni bu sözləri yazmağa borclu etdi.

Yuxarıda qeyd olunanlardan elə təəssürat yaranmasın ki, Qaxda sanki bütün qüvvələr və imkanlar yalnız bu doğma diyarı daha da abad, gözəl və cəlbedici etməyə səfərbər olunub. Əslində isə bütün bu gözəlliklər rayon iqtisadiyyatının sürətli və hərtərəfli inkişafı, ənənəvi təsərrüfat sahələrinin zamanın çağrışları ruhunda yenidən qurulması fonnuda baş verməkdədir. Rayonda heyvandarlıq, arıçılıq, taxılçılıq, bitkiçilik, baramaçılıq və digər təsərrüfat sahələri getdikcə daha artıq intensiv əsaslar üzərində inkişaf etdirilməkdədir. Qaxın ekoloji cəhətdən tər-təmiz kənd təsərrüfatı məhsulları, o cümlədən Qax balı, Qax pendiri, Qaxın süfrə suları artıq çoxdandır ki, həm xarici, həm də yerli turistlər üçün brend məhsullara çevrilib.

Diqqətli oxucular çox güman ki, ölkə prezidenti cənb İlham Əliyevin 28 oktyabr 2018-ci il tarixdə Qax aqroparkı ilə tanışlığını və oradakı nitqini unutmayıblar. O zaman cənab Prezident hisslərini belə ifadə etmişdi: «… Bir il bundan əvvəl buralar boş torpaq idi, heç nə bitmirdi, heç bir iş görülmürdü. İndi baxanda göz oxşayır. Qarlı dağlar və gözəl meşə zolağı, o meşə zolağı ki, bar gətirəcək və Azərbaycan vətəndaşları bundan istifadə edəcəklər».

Bəli, 2017-ci ildə Ağyazı qış otlaqları ərazisində əsası qoyulan və 2094 ha sahəni əhatə edən Qax aqroparkında cəmisi bir il sonra artıq 100 nəfər daimi və 100 nəfər mövsümü işçi çalışırdı. Bu mövsüm isə sahələrdə yetişdirilmiş bol şaftalı, badam, alma, armud və üzüm məhsulunu toplamaq üçün hər gün orta hesabla 300 nəfər insan işə çıxır. Gün ərzində orta hesabla 100 ton şaftalı toplanılır. Cəmisi 3-4 il əvvəl salınmış olan və ucu-bucağı görünməyən badam bağları bu il o qədər bar gətirib ki, ağırlıqdan ağacların budaqları yerə dəyir. Aqroturizmin inkişafını təmin etmək məqsədi ilə aqropakda xüsusi bir ərazi ayrılıb. Orada demək olar ki, yerli şəraitə uyğun olan bütün növlər cərgə ilə əkilib. Əraziyə daxil olan turist həm oradakı bitki növlərini, onların necə becərildiyini, necə inkişaf etdiyini öz gözləri ilə müşahidə etməklə yanaşı, həm də meyvələrindən də dadmaq və hətta almaq imkanı olacaqdır.

Məlum olduğu kimi son illər respublika rəhbərliyinin tapşırıq və göstərişləri əsasında bir çox mərkəzi icra hakimiyyəti orqanlarının rəsmiləri və icra hakimiyyəti başçıları beynəlxalq təcrübəni öyrənmək və əxz etmək məqsədilə Avropa və Asiyanın inkişaf etmiş ölkələrinə ezam edilib. Bu cür ezamiyyələrin nəticəsiz qalmadığı da hər kəsə bəllidir. Düşünürəm ki, bu cür praktikadan ölkə daxilində də faydalanmaq imkanları yetərincədir. Məncə bu mənada Qax rayonunda olmaq və qaxlıların iş təcrübəsi ilə tanış olmad da faydalı olardı.

 Qafar Cəbiyev,

Azərbaycan Respublikasının əməkdar jurnalisti

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN