“Hesab edirəm ki, hazırda narahatlıq üçün heç bir əsas yoxdur”.

***

Türkiyədə və Suriyada baş verən zəlzələdən sonra bəzi ölkələrdə də zəlzələlər qeydə alınıb və alınmaqdadır. Əlbəttə, bu zəlzələlər Türkiyədəki dağıdıcı gücə malik olmayıblar. Keyfiyyətsiz tikinti səbəbindən minlərlə binanın uçması və bu səbəbdən insanların dağıntılar altında qalaraq həyatını itirməsi isə SOS siqnalı verdi. İndi zəlzələlərin kiçik təkanlarla özünü büruzə verdiyi ölkələrdə də insanlar bu səbəbdən narahatlıq keçirirlər: binalarımız yüksək bal gücündə baş verə biləcək zəlzələlərə davam gətirəcəkmi, tikintilər 9 ballıq zəlzələyə uyğun tikilibmi?..

...Son günlər zəlzələ qeydə alınan ölkələrdən biri də Qazaxıstan Respublikasıdır.

Elə bu səbəbdən ölkə Senatının deputatları da narahatlıqlarını dilə gətiriblər.

Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyar Qazaxıstan Respublikası Parlamentinin Senatında deputatların Almatı şəhərinin zəlzələyə hazır olması ilə bağlı narahatlığına cavab verib.

Roman Sklyar xatırladıb ki, Qazaxıstanda Qazaxıstan İnşaat və Memarlıq Elmi-Tədqiqat Layihə İnstitutu fəaliyyət göstərir.

“Bu, tarixən seysmik zonada binaların layihələndirilməsi məsələsi ilə məşğul olan yeganə institutdur. Onların ekspertizasına görə, bizdə tikilən o obyektlər tikinti normalarına uyğun tikilib. Hesab edirəm ki, hazırda narahatlıq üçün heç bir əsas yoxdur”, -  deyə Sklyar bildirib.

Onun sözlərinə görə, bu məsələlərlə səlahiyyətli orqanlar məşğul olur.

“Müvafiq vəzifəli şəxslər bununla məşğuldur və öz işlərinə cavabdehdirlər, müvafiq sənədləri imzalayırlar”, - deyə Baş nazirin birinci müavini cavab verib.

Xatırladaq ki, bu günlərdə Almatı vilayətində də zəlzələlər qeydə alınıb.

Bölgənin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti  zəlzələnin episentrinin Almatı şəhərindən 71 km şərqdə yerləşdiyini bildirib. Zəlzələ 4.2 bal gücündə olub. Ümumiyyətlə, ölkə ərazisində 3,7 – 4.2 bal gücündə zəlzələlər qeydə alınmaqdadır. Çox zaman isə bu zəlzələlər hiss olunmur.

P.S. İndi hamı narahatdır: Yaşadığım bina, ev zəlzələyə davamlıdırmı?

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN