Azərbaycanda turizm inkişaf etməkdədir, lakin qonşu Gürcüstanla belə müqayisədə geri qalırıq. Səbəb turizm xidmətlərinin baha, yetəri sayda turizmçilik obyektlərinin olmaması ilə  yanaşı, ölkəmizin quru sərhədlərinin pandemiya səbəbindən hələ də bağlı qalmasıdır.

Problemə iqtisadçı millət vəkili Vüqar Bayramov da münasibət bildirib.

O, qeyd edib ki, 2023-cü ilin ilk ayında Azərbaycana 119.1 min tursit gəlib və bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 1.6 dəfə çoxdur.

V.Bayramov diqqətə çatdırıb ki, gələnlərin 33,8 faizi Rusiya, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub.

“Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb”, -deyə bildirib.

Millət vəkili xatırladıb ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur və pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın olub.

 Vüqar Bayramov turizm sektorunun inkişafının məşğulluqla bağlı problemlərin də çözümünə kömək edə biləcəyinə, lakin hələ də qiymətlərin çox baha olması baxımından turistlərə cəlbedici olmamasına, həmçinin ölkənin quru sərhədlərinin bağlı olması səbəbindən bu sahənin geriləməsinə də diqqət çəkib.

“Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir.

Digər tərəfdən, Azərbaycana gələnlərin əksəriyyətinin qonşu ölkələrin payına düşdüyünü nəzərə aldıqda epidemoloji vəziyyət nəzərə alınmaqla quru sərhədlərin mərhələli şəkildə açılması məqsədə uyğun olardı. Bu turizmin inkişafına töhvə verməklə yanaşı, vətəndaşlarımızın xaricə daha asan və az xərc ilə getməsinə də imkan yaradar”, -deyə millət vəkili Vüqar Bayramov vurğulayıb.

Xatırladaq ki, qonşu Gürcüstanda turizm sektoru sürətlə inkişaf etməkdədir.

 Gürcüstan Milli Turizm Agentliyi 2022-ci ildə Gürcüstanın turizmdən əldə etdiyi gəlirin miqdarnını 3 milyard 500 milyon dollar təşkil etdiyini açıqlayıb (Bizdə isə hələ pandemiyadan öncə bu rəqəm 2.7 milyar dollar olub və biz hələ bu rəqəmə gəlib çatmamışıq...).

Qeyd olunub ki, 2022-ci ildə ümumilikdə 5 426 903 beynəlxalq səyahətçi gəlib ki, onlardan da 3 652 949 nəfəri turist vizası ilə daxil olub.

 Məsələn, ötən il  əldə edilmiş həmin gəlir 2019-cu ilin turizm gəlirlərindən 363 milyon, 306 min dollar artıqdır. Yəni Gürcüstanın turizm sahəsindəki inkişafı, xarici turistlər üçün cəlbediciliyi günbəgün artır.

Bəli, biz hələ də turistləri cəlb etmək baxımından Gürcüstana belə uduzuruq...

Hansı ki,  Azərbaycan dünyanın çox ölkəsi ilə rəqabətə girə biləcək gözəl təbiətə, tarixi-memarlıq abidələrinə, kulinariyasına, inkişaf etmiş iqtisadiyyata və daha nələrə sahibdir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN