Müğənni Tacir Şahmalıoğlunun Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə etdiyi müraciəti Azərbaycanın bir qrup tanınmış mədəniyyət və incəsənət xadimləri dəstəkləyib

"Təzadlar" qəzetinin redaksiyasına müğənni Tacir Şahmalıoğlunun Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciəti daxil olub.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

- Azərbaycan  Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə

MÜRACİƏT

Hörmətli cənab Prezident!

İlk növbədə bir vətəndaş olaraq Sizə sonsuz təşəkkürümü bildirmək istəyirəm ki, 30 ilə yaxın bir müddət ərzində hər gün və hər an çiyinlərimizdə daşıdığımız mənəvi yükdən və əzabdan bizi azad etdiniz, dögma Qarabağımızın azadlığı uğrunda sinənizi düşmən gülləsinə sipər edib, adınızı tarixin silinməz yaddaşına qızıl hərflərlə yazdınız. Məhz Sizin yürütdüyünuz daxili və xarici siyasət nəticəsində bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanın siyasi mövqeyi ilə hesablaşır və ölkəmizin iqtisadi inkişafını kənardan böyük maraqla izləyirlər. Hesab edirəm, dövlətimizin sürətli sosial-iqtisadi inkişafının davamı kimi, yaxın gələcəkdə "Böyük qayıdış" proqramı çərçivəsində biz də öz doğma şəhərimizə, Ağdama qayıda biləcəyik. İnanın ki, bizim üçün bundan böyük arzu və xoşbəxtlik ola bilməz. Xüsusi olaraq onu da qeyd etmək istəyirəm ki, xalqımızın müstəqil, azad, firavan yaşaması yolunda və bütün bunlarla yanaşı, qazanılan böyük iqtisadi və sosialyönümlü uğurlar Sizin siyasi portretinizi tamamlayan qiymətli ştrixlərdir.

Hörmətli cənab Prezident!

Bir qədər keçmişə nəzər salaraq, 1974-cü ildə keçirilən ümumdünya musiqi müsabiqəsində baş tutan konsert proqramından sonra ümummilli liderimiz Heydər Əliyevin biz iştirakçılara göstərdiyi diqqət və qayğını hələ də unutmamışam və xoş təəssüratlı o görüşümüzdən uzun illər keçməsinə baxmayaraq, həmin görüş indi də ən xoş xatirələrdən biri kimi ruhumu isidir. Əslində onun incəsənət sahəsindəki situasiyalarla bağlı maraqlı söhbətləri çox şeylərə heyrətlənmək mərhələsini yaşayan biz tələbələr üçün yaxşı ustad dərsləri idi və ona görə də bizim 10 günlük səfər çərçivəsindəki praktikamızın rəmzlərindən biri, əbədi olaraq qəlbimizdə yaşayan məhz Heydər Əliyev idi, bizi ruhlandıran, yaradıcı xəyallarımıza qol-qanad verən, həyatı və incəsənəti bütün çalarları ilə və boyasız anladan bir rəmz... Həmin konsert proqramından sonra bizlərə təqdim edilən o kiçik, lakin böyük məzmun ifadə edən hədiyyələri xatırlayanda, bir daha həmin xoş xatirələr bizə tərəf boylanır, çoxsaylı hekayətlər danışır. Hətta ümummilli liderimizin bir cümləsi, "sən böyük sənət adamı olacaqsan" fikri mənim gələcək həyatımda, sonrakı illərdə bir dönüş nöqtəsi oldu. Məhz həmin illərdən "Qarabağ bülbülləri", "Mən mahnı qoşuram", "Sənətin akkordları" və "Xanəndə" kimi məşhur və sevilən Azərbaycan filmlərində öz ifa və yaradıcılığımla rol almağa başladım. Hələ uşaqkən "Qarabağ bülbülləri" ansamblının ifaçısı kimi ölkəmizin hüdudlarından kənarda da tanınan və çox sevilən məşhur "Bayatı-şiraz" təsnifi ilə könüllüləri fəth edə bildim. Məhz bu gün həmin "Bayatı-şiraz" təsnifinin sədası ilə birgə Ali Baş Komandan kimi Sizin qələbə dolu söylədiyiniz fikirlərinizin yer aldığı qısametrajlı çarxa baxanda, ürəyim riqqətə gəlir və bununla böyük qürur duyuram. Bütün qeyd edilənlərin davamı olaraq, uzun illərdir ki, musiqi sahəsində çalışıram və bu illər ərzində Azərbaycan mədəniyyətinin, milli musiqinin inkişafında göstərdiyim xidmətlərə görə və el arasında keçirilən sorğuya əsasən, ilin müğənnisi adına layiq görülməklə yanaşı, bir çox mükafatlara da layiq görülmüşəm. İçtimai həyata bağlı olan incəsənət adamı kimi hər zaman üzərimə düşən vəzifələri layiqincə yerinə yetirmişəm, dövlətimizin maraqlarını daim hər şeydən üstün tutmuşam.

Hörmətli cənab Prezident!

Bu gün məhz Sizin Ali Baş Komandanlığınız altında qalib xalqın nümayəndəsi olaraq, Sizin kimi müdrik və uzaqgörən dövlət başçısına müraciət edirəm və inanıram ki, məhz Sizin humanistliyinizin nəticəsində etdiyim xahiş tərəfinizdən səmimi qəbul olunacaq və bu istiqamətdə müsbət addımlar atılacaq.

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının fəxri adları haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il, 22 may 706 nömrəli fərmanının 4-cü bəndini rəhbər tutaraq, Sizdən xahiş edirəm ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında yaxından iştirak etdiyimə görə məni Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq ğörəsiniz.

İnanıram ki, məni bu fəxri ada layiq görmək istəyən aşağıdakı adları çəkilən tanınmış sənət adamlarının, görkəmli mədəniyyət və incəsənət xadimlərinin də bu müraciətə dəstək verərək qoşulması Sizin diqqətinizdən kənarda qalmayacaq və bu istiqamətdə tərəfinizdən müsbət qərar qəbul olunacaq.

Sizə əvvəlcədən bütün ailə üzvlərimiz adından öz dərin  minnətdarlığımı bildirirəm.

Hörmətlə, Tacir Şahmalıoğlu.

Müraciətimi dəstəkləyən Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri:

Arif Babayev - Azərbaycan Respublikasının xalq artisti; Ramiz Quliyev - Azərbaycan Respublikasının xalq artisti; Niyaməddin Musayev - Azərbaycan Respublikasının xalq artisti; Mənsum İbrahimov - Azərbaycan Respublikasının xalq artisti; Alim Qasımov - Azərbaycan Respublikasının xalq artisti; Nəzakət Teymurova - Azərbaycan Respublikasının xalq artisti; Aygün Bayramova - Azərbaycan Respublikasının xalq artisti; Nazpəri Dostəliyeva - Azərbaycan Respublikasının xalq artisti; Eyyub Yaqubov - Azərbaycan Respublikasının xalq artisti; Əminə Yusifqızı - Azərbaycan Respublikasının xalq artisti; Rasim Balayev - Azərbaycan Respublikasının xalq artisti; Afaq Bəşirqızı - Azərbaycan Respublikasının xalq artisti; Firəngiz Mütəllimova - Azərbaycan Respublikasının xalq artisti; Aybəniz Haşımova - Azərbaycan Respublikasının əməkdar artisti; Mətanət İsgəndərli - Azərbaycan Respublikasının əməkdar artisti; Məleykə Əsədova - Azərbaycan Respublikasının xalq artisti; Xumar Qədimova - Azərbaycan Respublikasının əməkdar artisti; Babək Niftəliyev - Azərbaycan Respublikasının əməkdar artisti; Könül Kərimova - Azərbaycan Respublikasının əməkdar artisti; Gülüstan Əliyeva - Azərbaycan Respublikasının əməkdar artisti; Elnarə Abdullayeva - Azərbaycan Respublikasının əməkdar artisti; Elza Seyidcahan - Azərbaycan Respublikasının əməkdar artisti; Akif İslamzadə - müğənni; Cabir Abdullayev - Azərbaycan Respublikasının əməkdar artisti; Teymur Əmrah - Azərbaycan Respublikasının əməkdar artisti; Zakir Əliyev - Azərbaycan Respublikasının əməkdar artisti; Təyyar Bayramov - Azərbaycan Respublikasının əməkdar artisti; Fatma Mahmudova - Azərbaycan Respublikasının xalq artisti; Azad Şükürov - Azərbaycan Respublikasının əməkdar artisti; Bəhram Bağırzadə - Azərbaycan Respublikasının əməkdar artisti; Tahir İmanov - Azərbaycan Respublikasının əməkdar artisti; Cabir İmanov Azərbaycan Respublikasının əməkdar artisti.

10 iyul 2023-cü il,

Bakı şəhəri.

REDAKSİYADAN: Müraciət rəsmi olaraq Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına göndərilib.

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN