Deyirlər, öz yaddaş gücüylə silahlanan xalq məğlubedilməzdir. Biz hələ sovet dönəmində yaşayarkən İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı mərdlik və qəhrəmanlıqla vuruşan igid ata və babalarımızın adlarını tarix kitablarından oxuyub öyrənirdik...

Azərbaycan xalqının qəhrəman oğulları Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov və digər qəhrəmanlara oxşamağa çalışırdıq. O, vaxt vətən məfhumu ümumi idi. Lakin vaxt, zaman gəldi, xalqımız öz müstəqilliyini qazanan anlarda, bizim tarixi düşmənlərimiz olan erməni faşistləri ana torpağımıza, Qarabağımıza, hücum etdilər. Bax o, zaman xalqımız öz vətəninin müdafiəsinə qalxdı. O, dövrdə uşaqlıqda taxta tapança və avtomatla oynayan oğullarımız həqiqi silahlarla silahlanıb, alçaq, rəzil bir məxluq sayılan ermənilərə qarşı vuruşdular. Onlar Birinci Qarabağ müharibəsində bəzən qələbə əldə edə bilməsələr də, onların döyüş yolu, etdikləri əfsanəvi qəhrəmanlıqlar onlardan sonra yaranan, doğma Qarabağımız işğal olunarkən anasının qucağında çıxan körpələrimiz üçün, sonradan İkinci Qarabağ müharibəsi başlayarkən onlar üçün bir döyüş məktəbi oldu. Onlar and içdilər ki, atalarımızın yolunu davam etdirəcəyik. Qəhrəman oğullarımız, dünyanın heç bir xalqında yaranmayan, heç bir ordusunda olmayan bir coşqu hissi ilə böyük vətənpərvərliklə, öz vətən torpağının uğrunda hər an şəhid olmaq arzusu ilə döyüşə atılaraq, 30 ildən artıq düşmən əsarətində olan torpaqlarımızı azad etdilər. Öz atalarının yolunu davam etdirdilər. Bu yolda çoxlu qəhrəman oğullarımız, yüz ildən bir doğulan oğullarımız şəhid oldular.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən qəhrəman oğullarımızdan biri də şəhid mayor Elxan Şükür oğlu Nəcəfi olmuşdur.

Atası: Şəhid Şükür Həsən oğlu Nəcəfi 1961-ci il yanvar ayının 28-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdur. Orta məktəbi Yusifcanlı kəndində bitirdikdən sonra sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra həyat fəaliyyətinə davam edərək, 27 noyabr 1984-cü il tarixdə ailə həyatı qurmuşdur. Ağdam rayonunun bir sıra dövlət müəssisələrində çalışmışdır.

12 iyun 1993-cü il tarixdə Xocavənd istiqamətindən hərəkət edən erməni ordusunun quldurları Ergi düzünü keçərək, Mərzili kəndinin aşağı hissəsindən Yusifcanlı və Qiyamaddinli kəndlərinə hücum etdilər. Heç kimin gözləmədiyi, tamamilə ağlagəlməz istiqamətdən zirehli texnikalar ilə Yusifcanlıya daxil olan erməni alçaqları kəndin böyük bir hissəsini işğal edərək yandırdılar. Bu zaman kənddə olan Şükür ata əlində olan qoşa lülə tüfənglə erməni tankının qabağını, öz sinəsi ilə kəsdi.

Həmin hücum zamanı kənddə 2 nəfər dinc sakin şəhid oldu. Onun biri Şükür qardaşımız idi. O, erməni daşnakları tərəfindən döyüşdə öldürüldü və sonra isə yandırıldı.

Anası Afət xanımın dediklərindən:

- Elxan ailəmizin ilk övladı idi. Nizami və Elçin onun kiçik qardaşlarıdır. Bu gün Elxanın haqqında danışmaq mənə çox çətin gəlir. O, zaman Elxanın 6 yaşı var idi. Elə o vaxtdan bizim məcburi köçkünlük həyatımız başlandı. Erməni cəlladları tərəfindən, ev-eşiyimizdən, doğma yurd-yuvamızdan çıxarıldıq. Öz doğma kəndimizdən didərgin salındıq. Köçkünlük dövrünü yaşayarkən çox ağır və çətin həyat sürdük. 

Elxan Bakıda təhsil aldığı məktəbdə vətənpərvər bir övlad kimi böyüyürdü. O, Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olarkən mən bir ana kimi çox sevindim. Çünki uşaqlıqdan onun da, mənim də ən böyük arzum o idi ki, Elxan qəhrəman, cəsur bir hərbiçi olsun. Mənim yadımdadır: biz Hövsan qəsəbəsinə köçdükdən sonra mən uşaqları yaşadığımız yerə yaxın olan dəniz sahilinə darıxmasınlar, oynasınlar deyə aparardım. Sahildə sovet dövründən qalmış bir köhnə içi sökülmüş vertalyot var idi. Elxan öz yaşıdları ilə taxtadan düzəltdikləri tüfəng avtomatlarla silahlanaraq, sözü bir yerə qoyub, vertalyotu səngər bilərək, iki dəstəyə bölünərək bir-biri ilə “vuruşardılar”. Elxan öz dəstəsinə başçılıq edərdi. Mən onlara baxaraq kövrəlir və fərəh hissi keçirərdim. Sevinərdim ki, Elxanın içində hərbiçi olmaq hissləri qaynayır. O, uşaqlıqdan çox cəld idi. Mən çox istəyirdim ki, o, erməni faşistlərindən şəhid olan atasının, ana və bacılarımızın, qocalarımızın, körpələrimizin, şəhid olan igid oğullarımızın qisasını alsın, düşmən tapdağında inləyən doğma torpaqlarımızı azad etsin və bir oğul kimi, bir övlad kimi, bir əsgər kimi bu Vətənin borcunu versin. O, da mənim bütün arzularımı doğrultdu – cəsur, qorxmaz hərbiçi ömrü yaşayaraq, torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıqla vuruşdu və şəhid oldu. Mən oğlumla fəxr edirəm.

Qəhrəman şəhidimiz Elxan Şükür oğlu Nəcəfi 14 aprel 1986-cı il tarixdə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1992-ci ildə Yusifcanlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. 1993-cü il iyunun 12-də Xocavənd istiqamətindən hərəkət edən erməni ordusunun Yusifcanlı kəndinə hücumu zamanı atası şəhid olan Elxan Ağdamın işğalından sonra anası və iki azyaşlı qardaşı ilə birlikdə Hacıqabul rayonunun Nəvai kəndinə pənah gətirirlər. Bir müddət burada məskunlaşıblar. Ancaq müəyyən çətinliklərlə üzləşən ailə Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsinə köçüblər. Elxan Hövsan qəsəbəsindəki Milli Qəhrəman Məzahir Bayramov adına 196 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib.

Özünün cəsurluğu, qoçaqlığı və vətənpərvərliyi ilə yaşıdlarından seçilən Elxan 2001-ci ildə həmin məktəbdə 8-ci sinifi başa vurub. Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Hərbi liseyi müvəffəqiyyətlə bitirdikdən sonra isə 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Artilleriya” ixtisasına yiyələnib. 2008-2009-cu illərdə təlim-tədris mərkəzində ixtisası üzrə təhsilini başa vurub və leytenant hərbi rütbəsini alıb.

Elxan Nəcəfi 2009-cu il iyulun 22-dən Qazax rayonundakı “N” saylı hərbi hissədə minaatan batareyasında zabit kimi xidmət etməyə başlayıb. O, qısa müddət ərzində nümunəvi hərbi xidmətinə görə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub.

Sonra Ağstafa və Lənkəranda yerləşən “N” saylı hərbi hissələrində xidmətini davam etdirib.

2017-ci ildən o, kapitan rütbəsi ilə Ağcabədi rayonundakı “N” saylı hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etməyə başlayıb. 2020-ci ildə əla xidmətinə görə mayor rütbəsinə yüksəlib. 2020-ci ilin sentyabrın 27-də Ermənistan Silahlı Qüvvlərinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Ordusunun əks hücumu zamanı o, tabor komandirinin müavini kimi ilk döyüş yolunu Cəbrayıl istiqamətində başlayıb. Cəbrayılın işğaldan azad olunmasında çox fəal iştirak edən Elxan Nəcəfli, Zəngilan və Qubadlının da erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqla və sücaətlə vuruşmuşdur. 17 oktyabr 2022-ci il tarixdən 24 dekabr 2022-ci il tarixədək “Komando”, “Dağ Təlim Mərkəzində”, “Komando başlanğıc kursunu” böyük müvəffəqiyyətlə bitirərək “Komando başlanğıc döş nişanı”nı daşımaq hüququna malik olması barədə sertifikat almışdır.

Yusifcanlı kənd sakini ehtiyatda olan polkovnik Əmirov Həsən Nemət oğlunun söyələdiklərindən:

- Elxanın ailəsi kəndimizdə çox hörmətli, sayılıb-seçilən ailələrdən idi. Onun atası Şükürün şəhid olması, bir kəndçi kimi mənə də təsir etmişdi, kədərlənmişdim. O, kəndimiz erməni quldurları tərəfindən işğal olunarkən döyüşmüş və şəhid olmuşdu. Həmin vaxtdan etibarən Elxan hələ orta məktəbdə oxuyarkən, daima zabit olmaq arzusu ilə yaşayırdı. O, həm orta məktəbdə, həm də Ali Hərbi Məktəbdə oxuyarkən hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənclərimizdən idi. Onun ən böyük arzusu doğma Qarabağ torpaqlarının işğaldan azad olunması idi.

O, hər vaxt ermənilər tərəfindən qətlə yetirilmiş atasının qisasını almaq üçün düşünürdü. O, həmişə deyərdi:

“Vətən darda dözmək olmur,

Səs ver Vətən harayına.

Alnı açıq gəzmək olmur,

Səs ver Vətən harayına”.

Mayor Elxan Nəcəfi Azərbaycan Ordusunun zabiti olması ilə həmişə fəxr edər və iftixar hissi ilə yaşayardı. O, tabeliyində olan əsgərlərin də hərbi vətənpərvərlikl ruhunda tərbiyə olunmasına həmişə yüksək diqqət yetirərdi. O, ağdamlı, qarabağlı olması ilə qürur hissi keçirər və Qarabağ torpaqlarının işğaldan azad olunmasında iştirak etməsini çox istəyirdi. O, həmişə, gələcəkdə oğlu Şüküründə Qalib Azərbaycan Ordusunun zabiti olması xəyallarıyla yaşayardı.

Allah bütün şəhidlərimizə, Qarabağın, doğma Xankəndinin, Xocavəndin işğaldan azad olunması zamanı şəhid olmuş mayor Elxan Nəcəfiyə rəhmət eləsin. Amin!

Şəhid atanın, şəhid oğlu Elxan Nəcəfi Qarabağımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət göstərdiyi üçün “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0253 nömrəli 30 dekabr 2020-ci il tarixli əmri ilə Elxan Nəcəfli “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 saylı nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur! Eyni zamanda xidməti dövründə bir çox Fəxri Fərman və mükafatlara layiq görülmüşdür.

Mayor Elxan Nəcəfi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixində seperatçı erməni quldurlarına qarşı həyata keçirdiyi uğurlu lokal-antiterror tədbirləri zamanı sentyabrın 20-də 2-ci tabor komandirliyi altında Xocavənd rayonu ərazisində yüksəkliyin alınmasında və düşmənin “Qəhrəman” adlandırdığı alayı məhv edərkən düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur. Sentyabrın 21-də ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Deyirlər, insanın qismətinə düşən ən böyük hasqızlıq-müharibədir.

Bəli, bu müharibə çox anaları oğulsuz, uşaqları isə atası qoydu.

Qəhrəman oğullarımızdan biri olan Elxan Nəcəfi də öz ölümü ilə şəhidlik zirvəsinə qalxaraq, əbədiyyətə qovuşdu. Özündən sonra isə 4 yaşlı oğlu Şükürü yadigar qoyub getdi...

İllər keçəcək balaca Şükür də böyüyərək, dövlətimizin təminatı ilə atası kimi məktəbə gedəcək, təhsil alacaq, Ali Hərbi Məktəbə qəbul olacaq və atası kimi zabit olacaqdır. O, bütün həyatı boyu atasına oxşamağa çalışacaq və daima onunla fəxr edəcəkdir. Çünki “Ataların yolu oğulların yoludur” demişlər.

Akif Hüseynli,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN